adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

BAŞI GÜLÜSTANDI, AYAĞI KÜRDÜ...

6894 | 2014-08-23 14:22
Möhtəşəm Gülüstandan bir azca bəri, Çırpındı könlümün qızıl şahpəri. Göz işlədikcə qoca Murovun, qaya saçlı, gümüş sinəli Qoşqarın hüsnünə həsrətlə tamaşa etdim. Qeyri-ixtiyari köksüm dolusu ah çəkdim. Qarabağım hey... deyib uşaq kimi kövrəldim. Sonra titrək əllərimi yanıb külə dönmüş Ağdama, buxarıları baş daşı kimi əlini göylərə açıb fəryad edən Şuşaya sarı uzatdım. Murovdan havalanan qara buludları yorğun sarbanı ölmüş dəvələr tək dağların zirvəsi ilə uzaqlaşırdı. Bəli, Qarabağlı ala-bula, tutqun fikirlərlə bu kiçik yazımın poetik çərçivəsinə daha yeni rəng vurmaq istərkən, sürücünün cır səsi məni fikirdən ayırdı: Goranboya çatdıq, bəh-bəh nə gözəl şəhərdi, - dedi. Başımı qaldırdım. Coran-Goranboy yolu sanki məni qolları üstə alıb. Küçələri işıq selində yuyulan şəhərin çıl-çırağban qoynuna atır. Heyranlıqla ətrafa boylanıram. Nəhəng dirəklərdən rənbərəng işıq çələngləri asılıb. Təbiət çiçək-çiçək oxunur.
Səkini dönüb bu kiçik səyahətimi Nizami parkından başlamaq istəyirəm. Fikrimdən vaz keçib İcra hakimiyyətinin qarşısında İcra başçısının müavini işləyən Elçin İsmayılovla görüşürəm. O məni dərhal İcra hakimiyyətinin başçısı olduqca vətənpərvər, işgüzar, ürəyi qurub-yaratmaq eşqi ilə döyünən, dövlətinə, xalqına sədaqət rəmzi kimi fədakarlıq göstərən Nizaməddin Quliyevlə görüşdürür. Başçı ilə köhnə tanışıq. Xətrini çox istəyirəm. Söhbətimiz bu günkü Goranboyun əzəmətli ucalığından, yaradılan nəhəng quruculuq işlərindən, rayonda zəhməti ömrünün bəzəyi sanan torpaq, vətən canlı qeyrətli insanların yurd sevərliyindən, uğurla həyata keçirilən sosial-iqtisadi nailiyyətlərdən söhbət açırıq.
Mən bir elm adamı və yaradıcı insan olduğum üçün rayonlarımızda, kənd və şəhərlərimizdə aparılan təkrarsız, böyük işlərdən, torpağını, vətənini, xalqını ürəkdən sevən fanatik vətən övladı kimi qürur duyuram. Ölkə başdan-başa dünya standartları səviyyəsində bütünlüklə yenidən yaradılır, tikilir, qurulur. Goranboy rayonuda Vətənin bir parçası kimi şəxsən məndə xüsusi iftixar hissi oyatdı. Nizami müəllim az vaxt ərzində möhtəşəmliyin bütün sirlərini əyani surətdə mənə göstərdi: "2009-2014-cü illərdə Goranboy rayonunda görülmüş işlər barədə" 8 səhifəlik bir məlumatla məni tanış etdi. Oxudum, materialda nə qədər zəngin, faktlar vardı. Bu faktlar və şəxsən şəhərdə gördüyüm işlər tərəddüdsüz dərəcədə məndə heyranlıq doğurmaya bilməzdi. Rayonun inkişaf faktlarını sadalayan başçı: - bunların hamısı ölkəsini hədsiz məhəbbətlə sevən çox hörmətli prezidentimiz cənab İlham Əliyevin nəhəng siyasətinin və vətənə, xalqa olan misilsiz qayğısının bəhrəsidir, - dedi:
"Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev 19 iyun 2013-cü il tarixdə sərancam imzalamışdır. Sərancamda deyilir ki, "Azərbaycan Respublikası rayonlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında rayon üzrə nəzərdə tutulmuş tədbirlərin icrası sayəsində xeyli işlər görülmüşdür. Belə ki, Goranboy şəhərində quruculuq, abadlıq işləri daha da genişlənmişdir. Bəli, bu proqram bütün rayonlarımız kimi Goranboy rayonunda da kompas rolunu oynadı. Bu plan Goranboy rayonunda qürurla həyata keçirilir. Xüsusən, təhsil, mədəniyyət, idman və s sosial yönümlü obyektlər tikilmiş, rayonun mərkəzi, əksər kəndlər, kənd yolları, yenidən öz milli dəyərini almış, geniş miqyasda, abadlıq, yenidənqurma işləri həyata vəsiqə almışdır.
Prezident cənab İlham Əliyev tərəfindən imzalanmış, davamlı sərancamlar əsasında rayonda xeyli həddindən artıq dərəcədə nəzərə çarpacaq işlər görülmüş, nəzərdə tutulan bir çox tədbirlərin, quruculuq-abadlıq işlərinin geniş vüsət almasına böyük təkan vermişdir.
Hər şeydən əvvəl qurub yaradan, tikib ucaldan insanlara qayğı , onların rahatlığı həmişə rayon rəhbərliyi üçün əsas vəzifə kimi qarşıya qoyulub həll edilir. İlk öncə bu məqsədlə yaradılan Nizami parkından başlamaq istərdim, 5,5 hektar sahəsi olan bu park doğurdan kiçik sahəli bir cənnəti andırır. Ruhun şad olsun böyük Nizami, - deyirəm, - bu gün Bərdəni, Goranboyu, Yevlaxı, Ağcabədini, Tərtəri, Gəncəni Qəbələ və s. şəhər və rayonlarımızı görsəydin onların hərəsinə ən böyük tərif dolu şeir və ya poema yazardın. "Şəlalə" istirahət kompleksi xüsusi diqqətə çəkmək istərdim. Parkın önündə və ətrafında 45 min dekorativ ağaclar və gül kolları əkilib. Burda həyat insanların üzünə gülür.
Şəhər yeni bir libas geyinib. Coran-Goranboy yolu rayona xüsusi, bir gözəllik verir. Yolun hər iki tərəfi mərmər tipli daşla hasarlanmış, 184 ədəd işıqlandırma sistemi quraşdırılmışdır. Saymaqla qurtaran deyil. Şəhər avtomobil yolu tam şəkildə sistemləşdirilib. Dünya və Qarabağ müharibəsində həlak olanların xatirəsi də əziz tutulub, unudulmayıb. Onların əziz xatirələri üçün ucaldılmış kompleks memarlıq baxımından çox gözəldir. 7 km uzunluğunda Coran-Goranboy yoluna asfalt döşənmiş, iki tərəfli yol genişləndirilmiş, ən vacib sahələrdən sayılan müasir tipli ticarət mərkəzləri, çörək zavodu istifadəyə verilmişdir. Şəhər avtovağzalı üçün geniş inzibati binanın tikintisi başa çatıb, yeni avadanlıqlarla təchiz edilmişdir. Bu siyahını çox-çox uzatmaq olar. YAP rayon təşkilatının binası, şahmat məktəbi, statistika idarəsi, Qaz istismarı idarəsi, əlillər və şəhid aillələri üçün 8 və 16 mənzilli 2 mərtəbəli yaşayış binaları artıq hazırdır. İmtiyazlı şəxslərin mənzillə təmin olunması naminə 54 mənzilli yaşayış evi plana salınıb. Rayonun Tapqaraqoyunlu, Tap kəndlərində 63 ev yenidən tikilmişdir. Murov-Goranboy magistiral su kəmərinin çəkilməsi təqdirə layiqdir.
Bu kiçik yazımızda rayonda həyata keçirilən bir sıra qlobal işlərin hamısına poetik sıralanma, ictimai dəyər vermək bir az çətindir. Çünki görülən və görüləcək işlər o qədər çoxdur ki, onları bir qəzet yazısında ətraflı nəzərə çarpdırmaq olmaz. Ancaq, ürəyimizdən keçir ki, əsaslı məsələlər üzərində geniş, dayanaq. Məsələn Tapqaraqoyunlu və Tap kəndlərini mənfur ermənilərin aramsız atəşindən qorunmaq üçün 792 metr uzunluğunda, 4 metr hündürlüyündə mühafizə divarı çəkilmişdir. Nə qədər çətin və ağrılı məsələ! Bu kiçik sədd Berlin səddinə bənzəyir. Sağlıq olsun, biz qalib ordumuzun cəsarəti naminə belə səddi Ermənistan-Azərbaycan sərhədləri boyunca çəkəcəyik
Goranboy rayonu sürətlə addımlayır. Ümumi daxili məhsul 4,2 faiz sənaye məhsullarının həcmi 35 faiz, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 85,2 faiz, tikinti-quraşdırma işləri isə 68,3 faiz artmışdır.
Fərəhli haldır ki, rayonda bir-birinin ardınca böyük uğurlar əldə edilir. Aqrar və sənaye sahədə əldə olunan nəticələr sözsüz ki, tərifə layiqdir. Sahibkarlığın subyektləri sürətlə inkişaf edib 2141-ə çatıb. İrili-xırdalı 121 biznes layihəsini həyata keçirmək üçün sahibkarlara 1 milyon 620,5 min manat kredit ayrılıb. Buna görə də rayonda 189 yeni iş yeri açılmışdır. Nəticədə Dövlət Sektorunun xüsusi çəkisi 33 faiz olub. Rayonda 2013-cü ildə 80 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Əvvəlki illərlə müqayisədə bu 9,2 faiz çoxdur. Goranboy rayonunun əkinə yararlı sahəsi həddindən artıq çoxdur. Ancaq rayonun əməksevər camaatı su sarıdan illər boyu əziyyət çəkiblər.
İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə söhbət zamanı mənə məlum oldu ki, bu il Şəmkir kanalının ikinci hissəsi istifadəyə veriləcək. Ata-babalarımız su həyatdır demişlər. Bu nöqtəyi- nəzərdən Şəmkir kanalı rayona yeni həyat bəxş edəcək. Nə qədər qürurlu hadisədir ki, rayonun 17 min hektar torpaq sahəsi yenidən cana gələcək. Artıq bu torpaqlar əkin dövriyyəsinə daxil edilib. Bu kanal demək olar ki, rayonun su problemini tamamilə aradan qaldıracaqdır. Rayon iqtisadi baxımdan bir çox rayonlardan seçilir. Rayon üzrə 87 yaşayış məntəqəsindən 54-ü qazlaşdırılıb. Bu rayon əhalisinin rahat yaşaması üçün əhəmiyyət kəsb edir. Rayonun ən iri yaşayış məntəqələrindən olan Xoylu kəndinə 800 metr, Qaradağlı kəndinə 1220 metr, Nizami kəndinə 572 metr, Qızılhacılı qəsəbəsinə 150 metr, Səfikurd kəndinə 200 metr, Goranboy şəhərinə 15-ci kvartalda 170 metr, cəmi 3112 metr təbii qaz xətti çəkilmiş və çəkiliş sürətlə davam edir. 2013-cü ilə " Azəriqaz" istehsal birliyi tərəfindən Yolqullar kəndində 6055 metr, Qaraçinar kəndində 7307 metr Azad, Dəyirmanlar, Baxcakürd kəndlərin müxtəlif ölçülü borularla 1798 metr qaz xətləri artıq kəndləri mavi yanacaqla təmin edir.
Qeyd edək ki, cənab Prezidentimiz İlham Əliyevin xüsusi tapşırığına əsasən "Goranboy şəhərinin içməli su ilə təhcizatı və kanalizasiya sisteminin yenidən qoşulması" layihəsi başa çatmaq üzrədir.
Mənə dedilər ki, kanalizasiya su xətləri dağıldığına görə Goranboy şəhərinin bütün küçələri olduqca bərbad hala düşmüşdü. Bunun üçün geniş əhatəli iş görmək lazım gəlirdi. Gərgin sürətli iş sahəsində şəhərə 129 min 844 kv. m dənəli, 145 min 263 k .m xırda dənəli iri asfalt-beton örtük salınmışdır. Goranboyda məcburi-köçkünlər çoxdur. Onlara hərtərəfli qayğı göstərmək rayon rəhbərliyinin ən əsas, gündəlik vəzifələrindən birinə çevrilmişdir.
Məlumdur ki, hər bir rayon, şəhər və qəsəbələrdə məktəb, səhiyyə, mədəni-məişət obyektlərinin tikintisi bəlkədə bir nömrəli problemə çevrilmişdir. Bu sahədə ölkə prezidenti cənab İlham Əliyevin, YUNESKO-nun , İSESKO- nun ölkəmizdəki xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xidmətləri qızıl hərflərlə yazılmalıdır. Onların milli-mənəvi dəyərlərimizin inkişafına verdikləri töhfələr xalqa, vətənə olan məhəbbətin parlaq təzahürüdür. Onların misilsiz qayğısı nəticəsində respublikamızda o cümlədən Goranboyda görülən işlər əvəzsizdir. Rəqəmlərə diqqət edək! 2009-2013-cü illər ərzində Goranboyda 388 yerlik 20 məktəb, 2 əlavə tədris korpusu tikilmişdir. 1920 yerlik 8 məktəb əsaslı təmir edilmişdir. Qurbanzadə və Bəşirli kənd orta məktəblərdə yeni istilik sistemləri quraşdırılmışdır.
Rayonda səhiyyə sahəsində də dəyərli işlər görülmüşdür. Əhalinin sağlamlığı naminə xəstəxanaların maddi-texniki bazası köklü şəkildə yeniləşdirilmişdir. Hazırda rayonda 3 böyük xəstəxana, 20 həkim, 40 tibb məntəqəsi fəaliyyət göstərir. Bu xəstəxana və tibb məntəqələrində 150 yüksək ixtisaslı həkim, 464 orta tibb işçisi fədakarlıqla çalışırlar.
Rayonda milli-mənəvi dəyərlərimizin qorunmasına göstərilən diqqərt ön plandadır. Mədəni irsimizin qorunması naminə çox işlər görülüb və görüləcəkdir. Gələcək tələbkar nəsillər bizdən çox şey gözləyir. Yaradılan hər şey onlara ötürülür . Əhalinin asudə vaxtlarının daha səmərəli keçməsi istiqamətində olduqca əhəmiyyətli uğur qazanılmışdır. Rayonun mədəniyyət və turizm şəbəkəsi çox genişdir. Görülən hər bir işdə yüksək və mənəvi amallar əziz tutulur.
Turizm şəbəkəsinə 1 Heydər Əliyev mərkəzi, 7 uşaq musiqi məktəbi, 1 Dövlət Rəsm Qaleriyası, 2 Diyarşünaslıq muzeyi, 32 mədəniyyət evi, 32 klub, 69 kitabxana daxildir. İndi onların hamısı fəaliyyət göstərir. Son illərdə rayon mədəniyyət evi əsaslı şəkildə yenidən bərpa edilib. Ağamoğlu, Borsunlu kənd uşaq musiqi məktəbləri, Qızılhacılı qəsəbə, Sarov, Hazırəhmədli kənd mədəniyyət evləri, kitabxana-informasiya məktəbində əsaslı təmir işləri aparılmışdır. Mədəniyyət və təhsil ocaqları bunlarla qurtarmır. Rayonda ümumi, halda kitabxanalar, onların filialları , musiqi məktəbləri müasir şəkildə bərpa edilmişdir. Mədəniyyət evini nəzdində çoxsahəli işlər aparılır. "Xalçaçılıq" dərnəyində çalışan gənc toxucuların əl işləri, milli xalça nümunələri Bakıda respublika sərgi müsabiqəsində Mədəniyyət və Turizm Nazirliyinin Diplomuna layiq bilinmişdir. Rayon xalçaçılarının toxuduqları milli arnamentdə xalçaların və digər əl işlərinin sorağı Respublikamızın hüdudlarından kənarda da qiymətləndirilir.
Bu ilin sonuna qədər zərif əlli, incə ruhlu sırf Qarabağ çeşməli xalçaçıların 2 xalçası Rusiyanın Sant-Peterburq şəhərində keçiriləcək beynəlxalq sərgidə nümayişə çıxarılacaqdır.
Qarabağın dilbər güşələrindən sayılan Goranboyda ulu xalqımızın adət-ənənələrinə, muğam və folklar sənətinə də əsl doğmalıq, qayğı göstərilir. Bu müqəddəs sənəti yaşadan Goranboylu istedadların qüvvəsi ilə vaxtaşırı H.Əliyev adına istirahət parkında, rayonun iri yaşayış məntəqələrində, Gülüstan ərazisində ki, istirahət parkında geniş proqrama konset-tamaşalr verilir. Rayonda yeniliklər həddindən artıq çoxdur.
Yuxarıda qeyd etdik ki, rayonda milli adət-ənənələrimizə tarixi-mənəvi baxımdan ehtiramla yanaşılır. Məsələn: Qədim Milli Atüstü " Cövkən" oynu çox dəyərləndirilir. Bunun üçün qızıl yallı köhlən Qarabağ atları cıdır meydanlarında əsl köhlənlik göstərirlər.
Diqqətəlayiq haldır ki, bu gözəl oyun rayonda dəbdədir. Prezident kuboku uğrunda Şəki şəhərində keçirilən "Cövkən" Milli Atüstü oyunlarda komanda heyəti fəxri fərman və pul mükafatı almışdır.
Arxelogiya məsələsi də rayonda göz bəbəyi kimi qorunur. Unutmayaq ki, fərsizliyimiz nəticəsində yaramaz erməni qonşularımız uzun illər tarix qədər yaşı olan abidələrimizi oyub-çıxarıb öz adlarına çıxırlar. Elə indinin özündə, xəlilərimizi, sazımızı, balaban və mahnılarımızı erməniləşdirmək uğrunda dəridən-qabıqdan çıxırlar. Bu gün daşnaq ermənilər Ağdam, Kəlbəcər, Laçın, Zəngilan kimi şəhər və rayonlarımızda karxanalar açıb. Yer altı, yer üstü sərvətlərimizi-qızıl, kömür, mis, civə, istisu kimi mədənlərimizi qazıb aparırlar və milyon hektarlarla meşələrimizi qırıb dünya bazarında qızıl qiymətinə satırlar.
Goranboyda 113 daşınmaz çox-çox qiymətli, tarix baxımından xalqımıza şərəf gətirən mədəniyyət abidələrimiz var. Bu məqsədlə rayonun Səfikürd, Sadıllı ərazisində "Muncuqlu təpə" adlanan çox uzun tarixi ömürlü yaşayış yeri tapılmış, və xüsusi milli dəyəri olan bu tarixi abidə haqqında VI sinfin dərslik kitabında geniş məlumat verilmişdir.
Güc salavata bağlıdır deyiblər. Rayonda həyata keçirilən böyük layihələrin arxasında, rayonun tərəqqi etməsində Prezidentimiz İlham Əliyevin müstəsna xidmətləri unudulmazdır. Bu misilsiz işlərin görülməsində Prezident amalının parlaq, işıqlı olmasından irəli gəlir. Buna görə də Prezident Goranboyun bundan sonra da əsaslı inkişafına dair çox mühim sərancamlar imzalamışdır. Həmin sərancamlardan bir neçəsini də diqqətə çatdıraq. "Goranboy rayonunun sosial-iqtisadi inkişafını sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında "Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2012-ci il tarixli 2279 nömrəli sərancamı ilə 15 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli - Həmənli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il Dövlət Büdcəsinin dövlət əsaslı vəsait xərclərinin bölgüsündə kəndarası yolların tikintisi ilə yenidən qurulması üçün Goranboy rayon İcra hakimiyyətinə 4,6 milyon manat vəsait ayırmışdır. Daha sonra aşağıdakı sərancamlar imzalanmışdır.
"Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2013-cü il tarixli 2956 nömrəli sərancamı ilə Goranboy rayonunun sosila-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Goranboy rayon İcra hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 milyon manat ayrılmışdır.
"Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 iyul 2013-cü il tarixli sərancamı ilə 35 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi məqsədilə ilkin olaraq 3 milyon manat ayrılmışdır.
"Goranboy Rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi üçün əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2013-cü il 541 nömrəli sərancamı ilə 35 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisini davam etdirmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsindən Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,2 milyon manatı Goranboy İcra hakimiyyətinə ayrılmışdır.
Prezidentimiz cənab İlham Əliyev Goranboylulara diqqətlə hədsiz qayğı ilə yanaşır. Bunun nəticəsidir ki, ölkə başçımız 5 dəfə Goranboy rayonunda olmuş, rayonun sosial-iqtisadi vəziyyəti ilə yerində tanış olub yuxarıda sadaladığımız kimi çox mühüm sərancamlar imzalamışdır. Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının yeni inzibati binasının, şahmat məktəbinin, şəhər 3 nömrəli tam orta məktəbin, mədəniyyət evinin və bir sıra müasir tipli, memarlıq üslubu ilə xüsusi diqqət çəkən obyektlərin açılışında iştirak edən prezident Goranboy əhalisinə ən xoş arzularını yetirmiş, şəxsən rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin apardığı məqsədyönlü işlərdən razı qalmışdır. Xatırladım ki, İcra başçısı Dövlətçiliyimizin möhkəmlənməsi, xalqımızın firavanlığı naminə cəsarət, mərdlik və sədaqətlə işləyir.
Bu gün həm başçının, həm də rayon əhalisinin qarşısında geniş işıqlı üfüqlər açılmışdır. Artıq axşam düşür yavaş-yavaş şəhəri tərk edirəm. Arxada firəvan həyatını yaşayan Goranboy öz aləmindədir.
İkitərəfli yüksək memarlıq üslubunda tikilən, işıqların qoynunda qeyri-adi gözəlliyi qərq olan Goranboy şəhəri par-par yanır. Sanki işıq selinə düşmüşəm. Salxım-salxım bərq vuran neon lampaları elə bil şeirimin şah misrası kimi ürəyimə bir nur dünyasının qapısını açır. Gedirəm şəhər də gördüklərim və görəcəklərim məni rahat buraxmır. Arxaya bağlanıram. Xeyli uzaqda şəhərin başı üstündən "Gülüstan" qalası görünür. Birdən diksinib gözümü çəkirəm. Bu gün o gözəl diyar mənə göz dağıdır. Bir də ürəyimin, canımın, vətənimin 2-yə bölündüyü ilk yara yerim "Gülüstan sülh müqaviləsi!" Yox, Goranboyun əzəmətli qalası tezliklə millətimizin müqəddəslik cənnətinə dönəcək, -deyirəm- Getmək gəlməkdən çox çətinmiş.
Ürəyimdə bu rayon haqqında deyiləsi çox sözüm qaldı. Nə qədər gəzməli, görməli gözəl yerlər var. Rayonda az vaxt ərzində yaradılan və yaradılacaq işlərdən çox az yaza bildim. Ən müqəddəs arzularımızdan biri olan Yuxarı Qarabağ azadlığı tezliklə həyata keçirilsin. Neçə-neçə şəhər və qəsəbələrimiz Goranboy rayonu kimi milli ruhumuza oxşasın.
Hörmətli Nizaməddin müəllim! Əziz Goranboylular. Vətəni sevmək imandandır. Şərəfini uca tutduğumuz o möhtəşəm yurd-yuvanız sizə və bizə ulu babalarımız tərəfindən böyük sevgi və məhəbbətlə yadigar qalıb. Vətən ilk beşiyimiz və haqq evimizdir. Tikin, qurun, yaradın, vətən şərəfini beləcə uca tutun. Vətən sevgisi sizə əbədi yar olsun.


TƏQVİM / ARXİV