ADSIZ

ƏBÜLFƏT MƏDƏTOĞLU
30395 | 2007-08-18 02:42
İlk öncə təqvimdən başlayaq. Ölkənin təqvimin bir anlıq gözünüzün önündən keçirin. Yetərincə qırmızı rənglərlə qarşılaşacaqsınız. Peşə bayramlarından tutmuş məşhurların doğum gününə kimi. Respublika günündən tutmuş ta Polis gününə kimi. Bir sözlə, bu məmləkətdə təqvimdə elə bir gün yoxdur ki, onunla bağlı nə isə bir sıxıntı keçirəsən. Hətta anım günlərimizin belə adı var. O cümlədən də 20 Yanvar faciəsinin də, Şuşanın işğalının da, Xocalının yerlə-yeksan edilməsinin də. Bunlar öz yerində. Necə deyərlər,bu bizim bəxtimizə düşən Vətənin özəlliklərinin bir hissəsidir.
   
   Bu gün əslində təqvimdə istirahət günüdür. Yəni adı rəsmən belədir: 18 avqust- şənbə günü! Və bu tarix ola bilsin kimlər üçünsə başqa bir məqamı da özündə ehtiva edib. Yəni o gündə kimsə dünyaya gəlib, kimsə dünyadan gedib. Kiminsə ixtirası, kiminsə kitabı, kiminsə ali məktəbə qəbul olunması və yaxud orduya hərbi xidmətə çağırılması, kiminsə həbsi və hətta kiminsə toyu-nişanı, lap elə loru dildə desək, qızlardan kiminsə qaçırılması və s. məqamlar da yadda qalıb. Həmin gün özünə bu adı qazandırıb məhz həmin adamlar üçün. O cümlədən də mənim də, bilgisayarda işləyənin də, bütövlükdə "Ədalət"çilərin də 18 avqustla bağlı mütləq yaddaşlarında nəsə var. Hələ bu azmış kimi bu gün mənim üçün yenidən adlı günə çevrilir. Yəni...
   
   Tələbəlik illərimizin biz üç dostu - Vaqif, Firudin və mən bu gün dostluğumuzu, qohumluğumuzu bir az da möhkəmləndiririk. Bu üç dostun arasında tələbəliyin şirinliyini davam etdirəcək, yaşadacaq bir müsəlman adət-ənənəsi - kirvəlik də dayanır. Bu gün Vaqifin oğlu müsəlman olacaq. Bu heç də o demək deyil ki, mən nəyisə təbliğ etdim, nəyisə önə çəkib kimlərəsə nümayiş etdirdim. Xeyr, sadəcə içimdə bir duyğu var. O da ondan ibarətdir ki, bütün insanların, ümumiyyətlə, bütün canlıların adı olduğu kimi günlərin də adı var. Bax, elə biz üç dost üçün 18 avqust həm də doğmalığın yaşam, dünyaya gəlim günüdür. Eləcə də iki il öncə hansısa bir duyğunun, hansısa bir istəyin dünyaya gəlişi günü də olubdur. Mən qəti əminəm ki, 18 avqust hardasa kiminsə həm də sevgi günüdür. Necə ki, 1 yanvarda mən doğulmuşam. Bu da bir zarafatdı, amma həqiqətən bütün zarafatların kökündə səmimiyyət dayanırsa, deməli, reallıq da öz yerindədi.
   
   Son olaraq bu yazını yazmaqda məqsədimi açıqlayım. Bəzən o qədər mübhəm hisslər olur ki, onu birbaşa deyəndə yaxşı qarşılanmır. Müxtəlif səmtlərə yozulur, müxtəlif rənglər vurulur, müxtəlif söz-söhbətlər, gizli pıçıltılar ortaya çıxır. Amma mən bütün bunları göz altına alaraq birbaşa bütün günlərin adı olduğunu, o cümlədən də 18 avqustun mənim üçün, dostlarım üçün, mənə doğma olanlar üçün əlamətdar olduğunu deməkdən çəkinmədim. Və bildirirəm ki, 18 avqustun adı var - Doğmalıq, Dostluq, Mehribançılıq, Sevgi və Səmimiyyət!!! Bu gün bizlərə aiddir.

TƏQVİM / ARXİV