adalet.az header logo
  • Bakı 20°C

DOKTOR MİRZƏ

MƏMMƏD DƏMİRÇİOĞLU
24353 | 2014-08-23 14:20
Hörmətli oxucular, qələmə aldığım bu əhvalatı İncə dərəsinin dəyərli övladlarından biri olan Mirzə Rza oğlu nəql etmişdi. O Məmməd İlqarla məni Kür sahiləndəki bir restorana, balıq qonaqlığına apardı və orada söz arası söylədiyi bu əhvalat məni çox təsirləndirdi.

Payızın yorğun nəfəsi, məcnun söyüdlərin qız hörüklərinə bənzəyən saçaqlarına yorğun-yorğun sığal çəkib, istidən təntimiş adamların sinəsinə yayılaraq bir sərinlik gətirdi.
Mirzə doktur (hamı onu Doktur Mirzə kimi tanıyır) çayxanaya yaxınlaşıb, salxım söyüdlərin altında pərakəndə halda düzülmüş boş stolların birinə yaxınlaşdı. Əlindəki yaylıqla üzünün, boynunun tərini silib, ora-bura tüyüyən gənc çayçıya səsləndi:
-A bala, ciyərimiz yandı, tez bir çay gətir - deyib, qonşu masada oturmuş orta yaşlı, qara köynəkli adama məhəl qoymadan köhnəlib əldən düşmüş stulu altına çəkdi. Qoltuğundakı qəzetləri stolun üstünə qoydu, döş cibindəki siqaret qutusundan bir siqaret çıxarıb alışqanla yandırdı, dərin bir nəfəs alaraq təzəcə aldığı qəzetlərə könülsüzdə olsa nəzər salıb çayın gəlməsini gözlədi.
Qonşu masada oturmuş qara köynəkli kişi Doxdur Mirzənin bütün hərəkətlərini izləyərək gözünü ondan çəkmirdi. Armudu stəkanda qalmış yarımçıq çayı çoxdan soyumuşdu. Görünür fikir, qayğı içində üzən bu adam burada xeyli vaxtdır oturub. Mirzə doxduru görəndə üzünə qəribə bir təbəssüm qonmuşdu. Hətta ayağa qalxıb onu qucaqlamaq, görüşüb hal-əhval tutmaq istəmişdi. Amma Mirzənin laqeyid hərəkəti, ona məhəl qoymamağı onu bu fikirdən daşındırmışdı.
Hövsələsi daralmış Mirzə çayçını yenidən səslədi:
- A bala, nooldu, gəl çıx dana, ürəyimiz yandı.
İsti çayı dodağına yaxınlaşdırıb bir qurtum aldı. Sanki bircə qurtumla susuzluğu kəsdi. Bir-iki qurtum da alıb, yenə əlini siqaret qabına uzatdı. Yan tərəfə çevridi. Hiss edirdi ki, sol tərəfindəki masada oturmuş qarabəniz, qalın qaşlı, sərt və cod sifətli bu adam gözünü ondan çıkmir. " Kiməsə oxşadır"- deyə düşündü, yenə yönünü əvvəlki vəziyyətə çevirib, boşalmış stəkana çay süzməyə başladı.
-Deyəsən məni tanımadın?!
Üz cizgiləri kimi səsi də çod olan qanşunun qəfil səsi Mirzəni diksindirdi. O yenə ehmallıca sol tərəfinə dönüb qara köynəkli kişinin gülümsəməyə çalışan üzünə baxdı. Otuz, otuz beş yaşı ancaq olardı. Qalın bığları qapqara olsa da saçlarına dən düşmüşdü. Boyu çox uca olmasa da kürəyi enli idi. Tökmə bədənli bu gəncin sağlam vicudu qara köynəyin altından belə hiss olunurdu.
-Tanıya bilmədim, qardaş.
Qara köynəkli adamın cöhrəsindəki təbəssüm ilim-ilim itdi. Səsinə azacıq qəhər qarışdı sanki.
-Ola bilməz! Yəni bu qədərmi dəyişmişəm?
Doktor Mirzə uzun-uzadı baxışlarını ondan çəkib:
-Vallah cox düşündüm. Yadıma sala bilmirəm. Heç kimə də oxşada bilmirəm.
-Ay namərd, sən məni tanımalıydın!
Qara köynəkli gəncin bu kinayəsi Mirzənin qəlbinə toxundu, azacıq qəzəb qarışiq ona sərt cavab qaytardı:
-Sən kimsən ki, mən səni mütləq tanımalıydım?
Mirzənin qəzəbləndiyini görən qara köynəkli gəncin çöhrəsində təəəsüf qarıçıq bir kədər qövr eyləməyə başladı. Vaxtsız qırışmış alnının, yanaqlarının qırışları bir az da çoxaldı, qarabəniz sifəti bozardı, gözlərində şimşəklər oynadı.
Mirzə doktorun gözlədiyi qəzəbli cavab əvəzinə hönkürtü səsi eşidildi. Heç kimin ağlına gəlməzdi ki, üz-gözündən zəhm və zəhrimar yağan bu dəli-dolu gənc heç nədən belə hönkürüb ağlasın.
Mirzə stulunu ona tərəf çəkdi. Özündən ixtiyarsız onun yanağına tökülmüş göz yaşlarını silib, düz gözlərinin içinə baxdı.
Mahmud!! - deyib qışqırdı...
Kənddə ona Kür Yolçu deyirdilər. Amma nəyə görə Kür deyirdilər?- bilmirdim. Görünür xasiyətcə tünd, hər şeyə tez hirslənib özündən çıxan idi. Çox adam "mağazinçi Yolçu" da deyərək çağırırdı. Qəribə insan idi. Uzun, arıq olmasına baxmayaraq, kəndin ən ağır batman və ən zəhimli adamlarından biri idi. Kəndimizin mağazasını işlədirdi. Əslində öz evininin qabaq tərəfində olan uzun eyvanı mağaza etmişdi. Hər cür mallarla dolu olan bu mağazanın mallarını Qazax rayposundan götürür, hər ayın başında hesab- kitab edərək götürdüyü malların hesabını ödəyirdi. Bir neçə dəfə "kamissiya" gəlsə də, bir kəm-məsiri olmamışdı.
Tez-tez girərdik Yolçu kişinin mağazasına. Piştaxtanın üstünə düzülmüş hər növ qalet-qanfetlər adama "gəl-gəl" desə də ala bilmədiyimiz üçün baxmaqla kifayətlənərdik. Bunu hiss edən Yolçu kişi hərəmizə parlaq cığaraya bükülmüş bir şokolad verərdi. Cox dadlı olan bu şokoladların qiyməti baha idi. Hər adam ala bilmirdi.
Maqazinin sol küncündə paltar-palaz asılmışdı. Sağ küncündə isə təsərrüfat əşyaları, qarşı tərəfdə isə ərzaq məhsullarını ağzı açıq xüsusi yeşiklərdə, düzmüşdü. Bir sözlə, iynədən sapa, dəftərdən qələmə, baltadan kərəntiyə qədər nə istəsən bu balaca mağazində tapa bilərdin.
Bizimlə tay-tuş olan oğlu Mahmud çox zaman piştaxta arxasında atasını əvəz edərdi və belə anlarda çox qürurlu və ötgəm görünərdi. Əslində xasiyyətcə də çox ötkəm və qabağından yeməz uşaq idi. Yetənə yetər, yetməyənə də bir daş atardı. Amma kəndimizdə, içi mən qarışıq bir neçə uşaq var idi ki, onlardan çox çəkinirdi. Bunu atası Yolçu da gözəl bilirdi. Görünür qürurlu və ötkəm olmaqda atasınıa oxşamışdı Mahmud.
Maqazinin arxa tərəfi bağ-bağat idi. Bağ-bağat deyəndə ki, dəmyədə yerləşən kəndin bağ-bağatı ancaq İncə çayının sahili boyunca olan evlərin həyət-bacasında görmək olardı. Qalan yerlərdəki evlərin qapısında-bacasında təkəm-seyrək yaşıl ağaclara rast gəlmək olardı. Bu ağacları da yağış suları ilə becərirdilər.
Yolçu kişinin bağında bir necə iri ərik ağacı var idi. Ərik ağaclarından xeyli aralı iri budaqları olan bir tut ağacı da var idi. Həmin ağacın sol tərəfindəki balaca meydança həmişə yam-yaşıl olardı. Günortadan gün əyiləndə tut ağacının kölgəsi həmin yaşıllığı büs-bütün örtərdi. Yolçu kişi həmin kölgəliyə bir stol qoymuşdu. Çox zaman həmin kölgəlikdə oturub, buğlanan samovardan özünə çay süzərək həyət-bacada hərlənən arvadının hərəkətlərinə nəzər qoyardı.
Yaşca özündən xeyli kiçik olah Leyli xanım doğrudan da çox gözəl idi. Qırçınlı uzun donu, allı-güllü qoftası əyninə elə gözəl otururdu ki, şux bədəni öz mütənasibliyi ilə nəzəri cəlb edirdi. Bu baxımdan Yolçu kişi arvadını göz bəbəyi kimi qoruyur, heç su gətirməyə də buraxmırdı. Mağazaya gənc bir kişi gələndə qısqanclıq odu içini odlayırdı həmişə. Bunları duyan Leyli xanım da həmişə özünü gizləməyə çalışar, ağzının yemşəyini bir an da olsun yaddan çıxarmazdı.
Tək oğulu Mahmuda baxıb qürurlanardı. Mağazasına gələn həmyaşıdlarını Mahmudla güləşdirər, hər zaman da oğlunun qələbəsindən məmnun olaraq, fəxrlə "Mənim igid balam" - deyərək kürəyinə sığal çəkərdi. Mahmud isə gözü yidiyi tay-tuşlarını yıxdıqca qürrələnər, özündən razı xoruzlar kimi başını dik tutaraq, qollarını aralayıb, sinəsini qabardardı.
Günlərin birində üç dost, Sayad, Əhməd və mən Yolçu kişinin mağazasına gəlmişdik. Yolçu kişi yaxşı bilirdi ki, oğlu Mahmud təkcə bizdən sayır, bizimlə güləşməyə cəsarət etmir. Odur ki, bizi bir yerdə görən Yolçu kişi üçümüzü də barmağının işarəsiylə yanına çağırdı. Hərəmizə bir şokalad verib, təfərinclə üzümüzə baxdı:
-Sizdən bir xahiş edəcəm. Amma kişi kimi söz verin ki, bu sirr aramızda qalacaq.
Üçümüz də bir-birimizə baxıb, nə deyəcəyini gözlədik.
-Oğlum Mahmudla sizi güləşdirəcəm. Amma hər üçünüz ona yıxılmalısız. Onun gözü təkcə sizdən qoruxur. İstəmirəm o sizdən çəkinsin. İstəyirəm özünü məğlubedilməz saysın. Bu işə razı olsanız, hərənizə bir ovuc şaqalat verəcəm. - deyib, sınayıcı nəzərini üzümüzdən çəkmədi. Şaqalat adını eşidən kimi hər üçümüz razı olduq.
Yolçu kişi sevincək oğlu Mahmudu harayladı. Atasının çağrışına qaça-qaça gələn Mahmud bizi görəndə duruxdu. Elə bil məsələni anlamışdı.
-Mənin igid balam, bunların üçünün də kürəyini yerə vurmalısan. Çox özlərinə güvənirlər. Astanbəyli kəndində aslan bir dənə olar. Başla görək - deyərək, mənə göz vurdu.
Mən köynəyimin qollarını geri çırmalayaraq çayır otunun sıx bitdiyi göy çəmənliyə çıxdım. Mahmudun başqa seçimi qalmamışdı. Bir atasına baxdı, bir mənə baxdı və yenə ötkəm formasını alaraq mənim qarşıma çıxdı. Boyumuz eyni olsa da mənim kürəyim daha enli, biləklərim daha yoğun idi. Bir həmlədə onun kürəyini yerə vura bilərdim. Amma kişiyə söz vermişdim.
Bir xeyli süpürləşdik. Mahmud məni sırtına çəkib yerə vurmaq istəsə də ona macal vermirdim. Tezliklə məğlub olmaq istəmirdim. Odur ki, bir-iki dəfə Mahmudu çiynimin üstündən aşırsam da kürəyini yerə sıxmırdım. Belə anlarda Yolçu kişi qəzəblə mənə him-cim edirdi. Nəhayət Mahmuda fürsət verdim, məni bedroya çəkərək yerə çırpdı. Alıcı quş kimi sinəmə çöküb, kürəyimi yerə sıxdı.
-Mənim aslan balam! - deyərək Yolçu kişi oğlunun alnından öpdü. Az keçməmiş meydana Sayad girdi. Sövdələşməyə görə tezliklə Sayad və Əhməd də məğlub oldu.
Kəndə hay düşmüşdü ki, Mahmudun qabağına çıxan yoxdu. Biz üçlüyü dalbadal yıxmağı, kəndimizin uşaqlarının gözünü qırmışdı. İndi Mahmud məktəbdə həqiqətən xoruz kimi gəzirdi. O elə bilirdi ki, bizi də öz gücü ilə yıxıb. Andıra qalsın o şokoladları. Rüsvay olub gedirdik. Açıb deyə də bilmirdik ki, bir ovuc şokolada görə yıxılmışıq. Elə Sayad da, Əhməd də peşiman olmuşdular.
Belə çox dözə bilməzdik. Qərara gəlib, həmin üçlük bir də Yolçu kişinin mağazasına getdik. Bu dəfə qərarlıydıq ki, heç nəyə satılmadan şərəfimizi özümüzə qaytaraq.
Kür Yolçu adəti üzrə tut ağacının altında çay içirdi. Bizi görüb yenə barmağının işarəsiylə yanına çağırdı. Göz basıb gülümsədi:
- Hə, çox sağ olun, şərti pozmadınız. Bu dəfə iki ovuc şokolad verəcəm. Qoy Mahmud tam əmin olsun ki, ondan güclüsü yoxdu. Razısınızmı? - deyib, çayından bir qurtum da içib, ağzında qalmış qəndi yerə tüpürdü.
Biz başımızın işarəsiylə razılığımızı bildirdik. Çağrışa gələn Mahmudun bu dəfə üz-gözündən məğrurliq yağırdı. Fikrimiz qəti idi. Bu dəfə Mahmuda öz gücümüzü göstərmək qərarındaydıq. Onu da yaxşı bilirdik ki, bu dəfə şokolad yerinə yağlı kötəklər yeyəcəyik. Oğlunu məğlub görən Yolçu kişi bizi bağışlamayacaq, şərti pozduğumuza görə üçümüzü də cəzalandıracaqdı. Buna baxmayaraq, biz öz şərəfimizi qorumağa söz vermişdik.
Yenə meydana birinci mən çıxdım. İnsafən demək lazımdı ki, Mahmud da çox güclü idi və asanlıqla mənə təslim olmaq istəmirdi. Mənim zor göstərdiyimi görən Yolçu kişi, arada ucadan kəmlənir, az qala üstümə bozarırdı. Mən heç nəyə məhəl qoymadan Mahmudu çiynimin üstündən aşırıb yerə çırpdim və dərhal da kürəyini yerə sıxdım.
Yolçu kişinin rəngi ağarmışdı. Hirs və hikkəylə mənim sinəmdən geri itələyib Sayadı meydana dartdı.
-Bu təsadüfən oldu. Oğlum, bunun kürəyini yerə vurmalısan. Ardınca da Əhmədinkini - deyib, oğluna qol-qanad verdi.
Amma hər şey tərsinə oldu. Mahmud hər üçümüzə məğlub olmuşdu. Aradan çıxmaq istəyirdik. Bu işin axrı yaxşı olmayacaqdı. Yerimdən tərpənmək istəyəndə Yolçu kişi qolumdan yapışdı. Polad kimi sərt barmaqları az qalırdı qolumu yerindən qoparsın.
(Ardı gələn şənbə sayımızda)


TƏQVİM / ARXİV