adalet.az header logo
  • Bakı 16°C

KÜR QIRAĞI SƏRİNDİ...

VƏSİLƏ USUBOVA
32908 | 2014-08-23 14:17
Bu başlığı oxuyanda xəyalən sərinlənəcəklərini güman edənləri elə ilk cümlədən çaşqınlıqdan qorumaq istəyirəm. Ona görə ki, indi nə Kür qırağının axar-baxarından, nə də "oğlanı dərdə salan bir alagöz gəlin"dən yazmaq ovqatında deyiləm. Bir də ona görə ki, bu günlər bizim tərəflərdə nəyə desən rastlarsan, sərinlikdən başqa. Təbii ki, mən çayın bizə aid olan qırağından danışıram. Heç iftixarımız, adlı-sanlı qarpızımız da adamların ciyər yanğısını söndürməyə yaramır bu günlər...
Bir də ki,.. daha sərinlikdən yazmağın zamanı da keçib. Sərinlənməyə gedənlər artıq geri dönüblər. İstilərnən əlbəyaxa qalanlar da "quyruğun doğması"nı gözləyə-gözləyə təsəlli tapırdılar. Bu astronomik hadisədən on beş gün keçsə də, hələ ki, civə sütunu üzüyuxarı qalxmaqdadı. Amma insan oğlu hər şeyə dözməyə öyrəncəlidi. Tər tökə-tökə hamı öz iş-gücündədi. Hətta dünən birisi dedi ki, gün gələcək, bu istilərin həsrətini çəkəcəyik...
Düz sözə nə deyəsən?! Təbiət elə qurulub ki, insanlara hökm vermək üçün ayaq yeri qoyulmayıb. Başını aşağı sal, işini gör. Vəssalam...
Mənim də sağlıq durumum insanların sərinlənmək üçün icad etdikləri heç bir qurğudan istifadə eləməyə imkan vermir. Belə olan halda Kür qırağının seyrəngahından söhbət açmağım da məntiqsiz çıxardı. Yaxşısı budu...
Yazını ayın iyirmisində işləyirəm. Bu gün havanın həmişəkindən daha isti olacağını qabaqcadan xəbər vermişdilər. Bayırda yarpaq belə tərpənmir. Bir yandan da kompüterin istisi...
Amma... bu nədir ki?!
Adamın canını yaxan elə odlar-alovlar var ki, onu nə dəryalarca göz yaşı, nə də Antarktidanın buzlaqları səngidə bilməz. Can yanğısı elə güclüdü ki, uşaqlıqdan hər dinləyəndə qəlbimi anlaşılmaz, həzin bir kədərlə dolduran o mahnının sözləri də indi mənə ağı kimi görünür...

Fələk qoymur qəddim açım...
Səni alım hara qaçım?!
Ninnə yarım, ninnə,
Əsmər yarım, ninnə...

Doğrudanmı, fələk qoymur qəddini açasan?! Nə oldu, bu fələklərin gözü təkcə bizlərimi gördü?! Niyə hər yerdə biz?! Səbəbi nədi?! Gücümüzmü yoxdu, ağlımız, biliyimizmi?! Sərsəm, qızdırmalı dünyanın ağlı çaşıb yoxsa?! Nə istəyirlər bizdən? Bəlkə gözləri götürmür. Hə, hə, əlbəttə götürmür. Bu yaraşığı, bu ləhcəni, bu musiqini, bu bayatını necə həzm eləsinlər?! Sən birləşsən, bir yerdə olsan, yenə torpaq atının ayaqları altında titrəyəcək. Köçkünlük, evsizlik, yurdsuzluq belini əyməsə, yenə qadınların Atillanı, Meteni, Babəki, xaqanları, sultanları doğub böyüdəcək. Buna imkan verilməməlidi, axı...
Sənsə, elə hara qaçmaq barədə düşünürsən. Oxuyursan da, üstəlik. Hara gedəcəksən?! Hara getsən, torpaq ayağının altından qaçacaq... Öz yerində qal və ayağının altındakı torpağı qoru. Qaçmaq, başını saxlamaq qurtardı...
Döyüş hələ indi başlayır...
Bax, o qadının göz yaşlarına. Tozlu, tərli sifətindən şırımlar açır. Ev istəyir, çörək-su istəyir, öz hökumətini istəyir... İnsanlığı haraylayır...
Mənim ana dilimdə danışır. Mənim dilim yalvarmaqçın deyil. Layla deməkçindi, şeir yazmaqçındı, bayatı söyləməkçindi... Nərə çəkməkçin, hayqırmaqçın, hücum əmri verməkçindi...
Hələ uşaqlar... İkinci Afrika yaradılıb türkmən ellərində. Karvan-karvan ziyarətlərini saxla. Təsbehi qırağa qoyub, silahdan yapış. Çalmanı açıb dəbilqə gey başına. O qara gözlərdəki ümidi şölələndir...
Sən dünən belə idin, axı...
Qoyma dünya səni dünənsiz qoysun!..

***
Mənim sentimental başlıqlı yazım gəlib sərt notlara kökləndi. Qoy olsun. Güclə ala bildiyin şeydən ötrü niyə yalvarmalısan ki,...
Bayırda sərin meh qalxıb. Təbiət məni xəcalətli qoymaq istəmir, başlığın məzmuna uyuşmasından ötrü köməyini əsirgəmir. Mənsə, yaşadığım şoran torpağın şirinliyindən danışıb bu ahəngi bayağılaşdırmaq istəməsəm də, aşağıdakı bir cümləni yazmaqdan özümü saxlaya bilmirəm:
Bu yerlər qızmar günəşiynən, göz yaşardan ilğımıynan, nəfəs kəsən bürküsüynən gözəldi, doğmadı, bənzərsizdi...
Daha bundan belə yandırıcı istilər olmayacaq. Payız müjdəli yellər əsməyə başlayır çünki...
O Türkmən Ananın ürəklərə saldığı yanğını söndürməkçin isə başqa küləklər əsməlidi...
Bütün türk ellərini qovuşduran küləklər...

TƏQVİM / ARXİV