İstidə özbək aşı

ETİBAR CƏBRAYILOĞLU
70363 | 2014-08-23 09:12
Ən üzücü istilər belə bizi ekran qarşısından çəkindirə bilmədi. Xanımlarımız ingilislərin futbolu icad edən babalarını qarğıdıqca biz bir-birini əvəz edən matçlara baxdıq. Həftə boyu heç darıxmadıq. Futbolçuları meydançada, bizi evdə tər yuyub apardı.
Həftənin futbol qonaqlığı "Beşiktaş"la başladı. Türklər ingilislərə göz açmağa imkan vermədilər, "Arsenal" İstanbulda canını yaxşı qurtardı. Bu klubun dəyişməz baş məşqçisi Arsen Venger cütün taleyini həll eləmək üçün xeyli baş sındırmalı olacaq.
İsti çaydan, soyuq sudan içməyə macal tapmamış "Real"la "Atletiko"nun oyunçuları televizorun içində göründülər. Onların ötən ildən qalma mübahisələri var idi, İspaniya çempionu ilə Kral kubokunun qalibi Superkubok uğrunda savaşırdı. Formasında Odlar Yurdunu təbliğ edən "Atletiko" "Real"la əməlli-başlı müqavimət göstərdi və Simeonenin bığlı-saqqalı uşaqları cavab oyununda Superkuboku klubun ofisinə aparsalar yəqin ki, çox az azarkeş təəccüblənəcək.
Sonrakı gün yenə bir futbol oyunu oldu, özü də lap oyun oldu. Azərbaycan yığması Özbəkistan millisi ilə yoldaşlıq görüşünə çıxdı. Bakının istisində özbəklər qaçdı, bizim futbolçular isə meydançada gəzişdi, aradabir ayaqlarını topa tərəf də uzatdılar. Qonaqların özbək aşı millimizin alman məşqçisi Berti Foqtsun deyəsən xoşuna gəlməmişdi, yaman əsəbi idi. Foqts çox qəribə adamdı, hər dəfə Almaniyadakı atasının evindən bir avtobus adam yığıb millinin düşərgəsinə gətirir. Özbəklərə qarşı bizim formada kimlər stadiona çıxmamışdı- Dmitri Nazarov, Emin Nouri, Kiyan Soltanpur, Toğrul Erat... Qoca alman belə davam eləsə, bir-iki aya bizim millidə Azərbaycan futbolçusunu barmaqla göstərəcəklər.
Xanımlarımızın ingilislərin futbolu icad edən babalarını qarğıdığı günlərdə "Neftçi" Serbiyaya dəyib gəldi. Həmişə maraqlı fikirlərilə seçilən Böyükağa Hacıyevin futbolçuları "Partizan"la oyunda hamını çaşbaş saldılar, öz əvəzlərinə də qol vurdular, "Partizan"ların da. Gələn həftə Bakıda da belə oynasalar Böyükağa müəllimin mətbuat konfransı daha maraqlı keçəcək. Hələ mən Tahir Süleymanovun "istefa-istefa" oyununu demirəm.
Qurban Qurbanov bu həftə də "Qarabağ"ı Avropa miqyaslı yarışlarda döyüşə atdı. Bir neçə il öncə olduğu kimi yenə Hollandiyanın "Tvente" klubu ağdamlıların yolunun üstünə çıxdı. Yenə tribunalardakı 30 min azarkeşin səsləndirdiyi "Qarabağ", "Qarabağ" şüarı qürurverici bir mənzərə yaratdı. Nə yaxşı ki, bizim "Qarabağ" var, heç olmasa bu kluba görə Tofiq Bəhramov adına stadion azarkeş nəfəsi hiss edir, çılğın fanat səsi eşidir.
Çox heyf ki, Enshede şəhərindən gələn "Tvente" ilə oyunda qol olmadı. "Qarabağ" hollandiyalıların qapısına qol vurmaqla 50 yaşını qeyd edən Rəşad Məcidə orijinal hədiyyə bağışlaya bilərdi. Amma təəssüflənməyə dəyməz, gələn həftə Enshede şəhərində cavab oyunu var. Qurban Qurbanovun döyüşçüləri Rəşad bəyə hədiyyəni Hollandiyadan gətirə bilsələr, bu daha yaddaqalan olar.
Rəşad Məcid hövsələli adamdı, yəqin ki, "Qarabağ"ın hədiyyəsini bir həftə gözləməyə səbri çatar...




TƏQVİM / ARXİV