İÇİMDƏKİ TOY

ƏBÜLFƏT MƏDƏTOĞLU
35260 | 2014-08-23 09:09
Elə həqiqətlər var ki, onun dolayısı ilə, bər-bəzəkli və yaxud sətiraltı söyləmək o qədər də effekt vermir. Hətta bəzən bu cür yanaşma onun mahiyyətini ucuzlaşdırır, əridir, gözdən salır. Bax, bu mənada hər bir insanın, eləcə də hər bir valideynin arzusu təbii ki, övlad xoşbəxtliyidir. Yəni oğul evləndirib, qız köçürmək, "Vağzalı" sədalarını dinləmək, gözəl şairimiz Tofiq Bayram demiş, məhz həmin o günü ağlamaq (kaş bütün analar öz anam kimi, təkcə toy günündə ağlayaydı kaş!) istəyi ilə yaşayan, o arzunun gerçəkləşməsini Allahdan diləyən Allah bəndəsi ona qovuşanda, o mətləbə hasil olanda özünü çox rahat, çox məmnun, lap elə həm də xoşbəxt sayır. Burda bir məqam var. Etiraf etməliyəm ki, analar, qadınlar bu məsələdə daha həssasdılar. Onlar övladları dünyaya gələn gündən xəyallar qurmağa, tədarüklər görməyə başlayırlar. Hətta laylalarında həmin körpəyə toy arzularını, toy diləklərini səsləndirirlər. Bütün bunlar nə qədər adi, təbii, normal olsa da, amma bir məqam da var. O da elə bir məqamdı ki, onu təkcə etiraf etmək yox, həm də onun bütün incəliklərini yaşamaq lazımdır...
Öncə hamı kimi mən də xəyallar qurdum. İçimdəki arzularımı göyərtməyə, böyütməyə başladım. Amma elə bir duruma gəlib düşdüm ki, o xəyallar da, o arzular da öz kökü üstündə yanıb qurudu, külü küləklərin əlində qaldı. İllər, aylar boyu canından, qanından qidalanan, bəhrələnən o xəyallar, arzular sonda puç oldu və mən bir ömür həsr etdiyim həmin o xəyallara, arzulara təkcə təəssüflənmədim, həm də içimdə onlar üçün sözün bütün gerçəkliyi ilə desəm, ağladım da. Axı mən belə düşünməmişdim, belə arzulamamışdım, belə istəməmişdim...
Doğrudur, müdriklər təsəlli üçün müəyyən kəlamlar səsləndirirlər. Təbii ki, bu da onların müdrkiliyindən irəli gəlir. İstəməyiblər ki, xəyalları, arzuları yerlə yeksan olanlar ümidsizliyə qapılsınlar, bu dünyadan əllərini üzsünlər. Məhz ona görə də oturub, düşünüb bax bu kəlamı dilə gətiriblər:
- Elnən gələn dərd toy-bayramdı...
Əgər biz bu kəlamın dərinliyinə varsaq, çox mətləblərdən xəbərdar olarıq. Lakin mən buna ehtiyac görmürəm. Düşünürəm ki, elin toy-bayramı da kifayət qədərdi, dərd-səri də. Ona görə də nə köhnə yaraların qaysağını qoparmaq, nə də təzə yaralara yol açmağa cəhd etmək doğru deyil. Sadəcə, bu kəlamı xatırlatmaq özü-özlüyündə mənim arzularımın, xəyallarımın el ilə gələn dərdin güdazına getdiyini anlamaq yəqin ki, çətin olmaz. Axı mən də mağar qurmaq, həyətimdə "Vağzalı" çaldırmaq üçün min bir variant cızmışdım. Düşünmüşdüm ki, toydan öncə dostlar, qohumlar yığılacaq, məsləhətləşmələr olacaq. Sonra hərə öz üzərinə düşən işin qulpundan yapışıb bütün el-obada, bütün kənd-kəsəkdə olduğu kimi hardansa mağar çubuqları gətiriləcək... hardansa mağarın stol-stulları daşınacaq, çadırı cavanların köməyi ilə həmin o çubuqların üstünə atılacaq, qab-qaşıq, xalça-palaz toplanacaq, xüsusilə toy qazanları, toy samovarı, kəfkir, çömçə, daha nələr, nələr yuyulub təmizlənəcək, odun doğranacaq, samovar çıtıqları çayçının göstərdiyi yerə səliqə ilə düzüləcək, kömürü də ayrıca seçib alacağıq... Bütün bunlardan başqa toy axşamı (bəzi bölgələrdə buna ciyəraxşamı da deyirlər - Ə.M.) mağarda kimlərin qalacağını müəyyənləşdirmək və toydan sonra isə bütün bu daşınıb toy evinin həyətinə gətirilənləri yenidən sahiblərinə qaytarmaq... Lap sonda isə toyda əziyət çəkənlərin, ən yaxın adamların iştirakı ilə həyətdə ağacların arasında bir süfrə açıb yaxşıca yeyib-içmək...
Bəli, bunlar mənim də arzum idi, bu xəyalı mən də qurmuşdum. Hətta bu toyda kimlərin harda əyləşəcəyini, Qarabağın hansı xanəndəsinin məclis əhlinə qulluq edəcəyini də müəyyənləşdirmişdim. Təəssüf ki, bu toy Qarabağda çalınmadı, təəssüf ki, o mağar Tuğda qurulmadı və bir də təəssüf ki, Bakıda sığındığım gecəqondunun həyətində beş adamlıq mağar qurmaq da mümkün deyil...
Kimsə bu sözləri harasa yoza bilər, hətta yersiz də saya bilər. Amma kim necə qiymət verir versin, necə yozur yozsun, bu onun öz işi, öz haqqıdır. Mənim işim, mənim haqqım da içimdə olan gerçəyi etiraf etmək və sevincin bütün çılpaqlığını yaşaya bilmədiyim üçün bütün arzularımın kiminsə çörək ağacı olan bir şadlıq evinin kölgəsinə yığdığım üçün çox üzülürəm. Axı içimdəki toy indi çalınacaq toy deyil...
Hə, biz nələr düşünüb nələr arzu edirik, illər zaman və bütövlükdə el dilində desək, fələk hansı hökmü verir, onu bilmək çətindir. Elə Qarabağda, Tuğda çaldırmaq, mağar qurmaq, toy etmək istəyim kimi ... Bax, həmin o istəyin işığında pıçıldadığım misralarda da mən sevincimlə üzüntümü qol-boyun gördüm.

Hər gün
daha bir addım
yaxınlaşır
hər gecə
Qarabağa dönürük
hər nitqimizdə
lazım gəlsə,
deyirik
və beləcə
bir gün
möcüzə
baş verəcəyinə
inanırıq
arxayınlaşırıq...
amma
bilmirik ki,
biz əriyirik
sönürük
hətta bəzilərimiz
diri-diri ölürük-
xəyalların içində!
Odur ki,
aldatmaq
aldanmaq
istəmirəm daha
elə bunun üçün də
hər gün toy tuturam içimdə-
özümə!

***
Övlad böyüdükcə qayğıları da, problemləri də, istəkləri də böyüyür. Adama elə gəlir ki, bu təbii prosesi harasa, nəyəsə yönəltmək mümkündür. Ancaq yox! Çünki 80 yaşını haqlamış valideynlərim bugünün özündə də mənə həmin uşağa baxdıqları kimi yanaşır, həmin o uşağı danladıqları kimi iradlarını bildirir, hətta həmin o uşaqdan gözlədiklərini də umurlar. Mən bütün bunları görürəm və uşaq olmadığımı bilirəm. Amma neyləyim ki, mən həyatın ən mükəmməl qanunlarından, yazılarından birini dəyişə bilmirəm. Çünki atam istədiyi vaxt, istədiyi məqamda, hətta mən nə isə deyəndə sözümü kəsib özünəməxsus şəkildə, özünəməxsus sərtliklə:
- Ay bala, dur get o filan işi gör!.. Ordan filan şeyi gətir!.. Sən o dediyim işi niyə görmədin?.. - deyir.
Anam da özünəməxsus bir tövrlə:
- Ay oğul, o kitab-dəftəri tulla bir tərəfə, gəl çörəyini ye... Ay oğul, çörək yeyəndə qab-qaşığı az cingildət, elə bil balaca uşaqsan...
Hə, bax bütün bunları mən bu gün yaşayıramsa, bütün bunların içərisindəyəmsə, onda mən atamın, anamın yanında öz övladlarıma qarşı nə cür ata kimi sərt ola bilərəm. Bir halda ki, mən övladam, mənim övladlarım da mənim övlad olduğumu görürlər və bütün bu proseslər bir damın altında baş verir. Deməli, istənilən halda son qərar ən böyüyün ən yaşlınındır. Biz buna əməl etməliyik. Axı biz "uşağıq"!..
Toydan söz düşmüşkən, onun restoranda baş tutacağını söyləyəndə, atamın da, anamın da gözləri doldu. Qəribədir ki, onlara alın təri, əl qabarı ilə tikib-qurduqları evin həyətində istədikləri kimi toy mağarı qurmaq nəsib olmadı. Təkcə evin kiçik övladları və nəvələri üçün istər böyük, istər kiçik toy etmək xəyallarını indi nəvələrinə danışanda şəxsən mən özümü ələ ala bilmirəm. İçimdə hönkürürəm. Düşünürəm ki, bu yaşlarında çin olmayan arzuları üçün nəvələrinə gerçəyi nağıl kimi danışan və hətta bu nağılların sonunda alma düşməsə də, özlərinə məxsus şəkildə "bu günümüzə şükür!" deyən atam, anam nə boyda ürəyin, nə boyda dözümün sahibi imişlər. Allah onlara nə boyda güc verib ki, çin olmayan arzularını nağıla çevirə biliblər...
Bu həyatın nağılları hər gün təzələnir, hər gün ona əlavələr edilir. Elə bil ki, bu nağıllar sayı-hesabı əvvəlcədən bilinməyən seriallar kimidir. Hər gün ona əlavələr edilir və biz də bu serialların içərisində yaşayırıq. Düşünmürük ki, üzü payıza gedən bu yolun xəzəli də var. Elə bir xəzəl ki, o nə qədər qızıl ürəkli olur olsun, yenə solmur. Bax, bu şeirdə yazdığım kimi:

Ağacaların
arasıyla
gəzdikcə
düşən yarpaqlar
diqqətimi çəkir
özüm də hiss etmədən
düşən yarpaqların
və payızın rəngi
ruhuma çökür!
susub içimdə
tumurcuq nəfəsimi
xatırlayıram
ötüb keçən
bir ömrü
varaqlayıram...
və ilıq təbəssümlə
toxunuram
çiynimə qonan
xəzələ...
elə
həmin təbəssümlə də
baş əyirəm
payız adıyla
qapımı döyən
bu gözələ!..

***
Bu yazını yazmamışdan öncə çox götür-qoy etdim. Necə deyərlər, dağı arana, aranı dağa daşıdım. Öz-özlüyümdə bir acını təkrar-təkrar xəncər kimi ürəyimin başına sancdım. Çünki əvvəldə dediyim kimi mənim də məxsusi arzularım, xəyallarım var idi. Ən kövrək, mənə qarşı ən həssas olan dostlarımın bu toyda, yəni Qarabağda qurulacaq toyda iştirakını arzulamışdım. Onlarla söhbətləşəndə müasir zamanın termini ilə desək, o toyun dizaynını da qurmuşduq...
Vahid Əlifoğlu özünəməxsus təkliflərini demişdi. Və "qardaşım oğlunun toyunda heç kim mənim qarşıma çıxa bilməyəcək, əvvəldən axıra meydan mənim olacaq - söz meydanı"... Vaqif Cəfərli şairliyinə salıb onun sözünü kəsmişdi: "Mən imkan vermərəm ki, meydan təkcə sənə qalsın. O qədər təzə sağlıqlar öyrənmişəm, onları harda deyəcəm bəs?". Ələsgər hacı görkəmiylə "biz ayrı oturacağıq, içki məclisi bizlik deyil. Amma heç kimə də ixtiyar verilməyəcək ki, əndazəsini aşsın". Nüsrət Kəsəmənli lap ürəyimdən gələn sözləri dilə gətirmişdi: "Qardaş, masabəyi özüm olacam. Bu toyda ancaq şairlər, söz adamları toplaşacaqlar..."
Hə, indi bu arzuları səsləndirənlərin hamısı Tanrı dərgahında mənim nələr yaşadığımı, nələr düşündüyümü seyr edirlər. Mən onların da arzusunu çin edə bilmədim. Təəssüf...
Bütün bunlara baxmayaraq, kədərin müəyyən mənada yerini daha böyük, daha geniş müstəvidə sevincə verdiyinə sevinirəm. Çünki istədiyim, arzuladığım, xəyallarını qurduğum toyu Qarabağda çaldıra bilməsəm də, toyu olanın özünün istədiyi toya xeyir-dua verə bildim. Buna da şükür! Bunun üçün də Allahıma minnətdaram və elə həmin o minnətdarlıq hissləri ilə də bu kövrək misraları bütün cavanlara ünvanlayıram.

Yenə sığışmıram mən öz içimə
Bir göydə gəzirəm, bir yerdə səni...
Yalnız xəyalımın böyük gücünə -
Görürəm özümlə bir yerdə səni!..

Gah səhra keçirəm, gah gül dərirəm,
Gah əlçim buludun telin hörürəm.
Bütün varlığımla sevib görürəm -
Allahımdan sonra pir, yerdə səni...

Sən Məcnun halıma baxıb acıma,
İllər hücum çəkdi vaxtsız saçıma...
Ürək qardaşıma, ürək bacıma -
Sirr verib görürəm hər yerdə səni.

Hə, hər kəsə xəyallarının, arzularının toyunu arzu edirəm. Və bir də həmişə və hər zaman səslənən adamların dinləməkdən yorulduğu bir arzumu dilə gətirirəm. Düşünürəm ki, bu dəfə həmin arzunun gerçək olacağına sizdə inam hissi yarada biləcəm:
- Tanrı millətimizə Qarabağda toylar nəsib etsin!..




TƏQVİM / ARXİV