adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

DOLANIM BAŞINA, FÜZULİM MƏNİM!

FAİQ QİSMƏTOĞLU
75821 | 2014-08-23 14:08
... Ağlamayaq... hönürməyək... hıçqırmayaq... göz yaşı tökməyək. Bəsdir ağladıq. Başımızı tutub canımızla əlləşdik. İndi bu millət, bu xalq 1993-cü ildəki millət deyil. Onda insanların gözü qorxmuşdu, onda adamlar "erməni gəlir" deyəndə "dabanına tüpürüb" qaçırdı...
... O vaxtdan bəri 21 il vaxt ötür. Bir igidin ömrüdü bu 21 il! 1993-cü ilin avqustun 23-də erməni və rus birləşmələri Füzulini işğal elədilər. İşğal eləməmişdən öncə Füzuli rayonunun ərazisi 1382 kv.km idi. 84 yaşayış məntəqəsi vardı. Vardı ona görə deyirik ki, indi bu yaşayış məntəqəsinin böyük əksəriyyəti və Füzuli şəhəri olmaqla erməni işğalındadı. İşğaldan sonra Horadiz şəhəri və 22 yaşayış məntəqəsi azad edilib.
... 1994-cü il! Yanvarın əvvəlləri. Soyuq adamı qılınc kimi kəsəndə ermənilərin başına od yağdı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan Horadiz şəhərini və 22 yaşayış məntəqəsini azad elədi. Azərbaycan bayrağı İranla Horadiz arasında olan körpünün üstündən asıldı. Və Azərbaycan bayrağı Böyük Öndər Heydər Əliyevin müdrik siyasəti ilə yenidən Füzulidə dalğalandı. 1994-cü ildən bu üçrəngli bayraq dalğalanır, bu millətə və bu xalqa qürur gətirir. Bundan sonra da bu bayraq millətin başı üstündə həmişə ucalacaq və dalğalanacaq.
... Ağır döyüşlər zamanı füzulilər 733 nəfər şəhid verib, 1240 nəfər əlil olub, 181 nəfər isə itkin və girov düşüb. Bir elin, bir obanın qaysaq bağlamış yarası bu gün də sızıldayır. Amma bu yara zaman-zaman sağalacaq. İnanmırsınız, mən inanıram. Bu yaranı Azərbaycanın prezidenti hörmətli İlham Əliyev sağaldacaq. Özü də tez bir zamanda!
Biz bunları gördük! Cənab prezident əyninə hərbi paltar geyib Ağdamda elə birbaşa səngərdə operativ müşavirə keçirdi. Bax onda nəinki füzulilərin, bütün azərbaycanlıların ürəyi dağ boyda oldu. Bu dağ boyda ürək yanında güclü və qüdrətli xalqını, millətini sevən, onun yanında hər an döyüşməyə hazır olan müdrik prezidentini gördü.
Amma ötən əsrin 90-cı illərinin əvvəllərində belə deyildi. Onda müxtəlif şəxslərə qulluq edən ordu yaşayış məntəqələrini birinci tərk etmişdi. Hakimiyyətdə yaranan hərc-mərclik, özbaşınalıq, xaos insanlarda ümidsizlik oyatmışdı. Nə yaxşı ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldi. Dağılmış, məhv olmuş və müxtəlif mafioz qüvvələrə xidmət edən ordunu yenidən qura bildi. Bu ordu qısa zaman kəsiyində daha da gücləndi və möhkəmləndi. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu davam etdirərək iqtisadi cəhətdən güclü Azərbaycan və güclü də ordu yarada bildi. Bu ordu Cənubi Qafqazda ən güclü döyüş qabiliyyətinə malik olan ordu sayılır. Bununla biz - azərbaycanlılar qürur duyuruq!
... Əvvəllər güllə səsi gələn kimi cəbhə bölgəsində yaşayan insanlar "dabanına tüpürüb" qaçmaq istəyirdilər. Amma indi hər gün atəşkəs pozulur, döyüşlər gedir, bir nəfər belə yurdundan-yuvasından qaçaq düşmək istəmir. Bu, Füzulidə də belədi, Ağdamda da belədi, Tərtərdə də belədi... Çünki bu insanlar və sakinlər Azərbaycan prezidentinə və Azərbaycan Ordusuna böyük inam bəsləyir.
... Ağır günlərdə vətənim Füzulidəki insanlarla telefon əlaqəsi saxlayırdım. Hətta dözməyib o döyüş günlərində bir gün rayona getdim. Axşam Horadizdə qızımgildə qaldım. İnsanların nikbinliyini, qürurunu görüb sevindim. Axşam havalar çox isti idi. Nəvələrimi də götürüb Horadiz şəhərindəki Heydər Əliyev adına parka getdim. Axşam saat 8-dən düz gecə 1-ə qədər həmin parkda olduq. Elə bil ki, həmin park dünyanın ən sərin yeri idi. İynə atsan adam əlindən yerə düşməzdi. Uşaqlar sevinir, oynayır və şənlənirdi. Beynimdə fikirləşdim: İlahi, bu sevinci, bu fərəhi onların çöhrəsindən əskik eləmə! Bir də bu insanlara yurdsuzluq, yuvasızlıq həsrətini yenidən yaşatma!..
... Atəşkəsin pozulduğu vaxt Füzuli camaatı o qədər ürəkli idi ki, adam onlara baxanda sevinirdi. Həmin günlər rayon icra hakimiyyətinin başçısı hörmətli Alı Alıyev də xalqın, camaatın içində idi. Alı müəllim tez-tez yaşayış məntəqələrində, kəndlərdə olur, əhali ilə, camaatla səyyar görüşlər keçirir. Həmin görüşlər zamanı bir çox problemlər elə yerindəcə həll olunur. Təbii ki, bundan sevinən insanlar bu dövlətə, bu xalqa və icra başçısına böyük inam bəsləyir. İnam olan yerdə isə həyat var, işıq var, nur var, bərəkət var...
Füzulinin bütün kəndlərini, kəsəklərini, dağlarını, ormanlarını uşaq vaxtı qarış-qarış gəzmişəm. Köndələn çayda, Ərgünəşdə, Buzbulaqda çox olmuşam. İndi onlar yadıma düşəndə ürəyimin başı göynəyir və deyirəm: Dolanım başına, Füzulim mənim!
Bu fikri məndən qabaq gözəl şair və böyük ziyalı, təpədən dırnağa qədər vətənpərvər bir insan olan Oruc Səda deyib. Onun da belə bir şeiri var: "Dolanım başına, Füzulim mənim!". Həmin şeirin üç bəndini oxucuların diqqətinə çatdırmaq istəyirəm. Çünki bu misraları oxuyanda adamın tükləri biz-biz olur:

Uzalı qalıbdı, əl səndən ötrü
Dönübdü qürbətə yüz elim mənim.
Közərib ağzımda dil səndən ötrü,
Dolanım başına, Füzulim mənim!

Orda əsarətdə dağlar qalıbdı
Yolların qolları bağlar qalıbdı.
Orda "Zabul-segah" ağlar qalıbdı,
Dolanım başına, Füzulim mənim!

Qatar Bəhmənliyə çata, fit verə,
Oyanıb səsini oba, kənd verə,
Qorxudan düşmənin bağrı çat verə,
Dolanım başına, Füzulim mənim!

Azərbaycan qırıcıları və helikopterləri cəbhə boyu uçuş edərkən Oruc Səda, düşmənin bağrı nəinki çat verdi, hətta partladı. Düşmənin bağrı həm də ona görə partladı ki, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev səngərdə zabitlərimizə və əsgərlərimizə tapşırıqlarını verdi...
Bu sözlərə gözəl xanəndə, böyük sənətkar Ağabala Abdullayevin oğlu Nizami Abdullayev mahnı bəstələyib. Bu mahnını o elə oxuyur ki, vallah düşmənin bağrı dörd yerə bölünür. Nizaminin səsindəki hayqırtı, cəngi, döyüşkənlik ruhu minlərlə əsərlərə güc, qüvvət verir...
Adamın ürəyi dağa dönür. Bu gün müharibə başlayarsa, görün nə qədər insanlar cəngiyə və döyüşə atılmaq istəyir. Minlərlə türk qardaşlarımız, Rusiyada yaşayan vətəndaşlarımız, yerli sakinlərimiz Müdafiə Nazirliyinə müraciət ediblər. Hətta bugünlər İslah Əmək müəssisəsindəki onlarla məhbus döyüşmək istədiklərini bildirirlər. Bu gün Azərbaycan xalqında, Azərbaycan millətində elə bir döyüşkənlik ruhu var ki, ermənilərin ən müasir silahı və havadarları bunun qarşısında çox acizdirlər.
... Az qalıb, çox az! Bir azca da dözək, bir azca da səbr eləyək! Ya bu torpaqları sülh yolu ilə azad edəcəyik, ya da uşaqdan böyüyədək əlimizə silah alıb işğal altında olan şəhərlərimizi və kəndlərimizi yağılardan azad edəcəyik.










TƏQVİM / ARXİV