adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

YAŞA, EY HAQQ

NAHİD HACIZADƏ
22351 | 2014-08-23 08:05
(əvvəli ötən şənbə
saylarımızda)

Məmmədəmin səssizcə qapıdan çıxır, silahlı əsgərin qabağında buraya necxə gəlmişdisə, eləcə də öz "yeraltı iqamətgah"ına qayıdır. Addımını içəri qoyan kimi Abbasqulu qabağına qaçır:
- Niyə çağırmışdılar?
- Gedirik!
- Hara?
- Moskvaya.
- Ay can, ay can! - Abbasqulu uşaq sevincilə əlini-əlinə vurur. - Ay səni həmişə xey-irxəbər olasan. - Səbrini boğa bilməyərək soruşur, - bəs nə vaxt?
- İki-üç günə.
- Deməli gedirik! - Abbasqulunun nəfəsi açılır, köksü genişlənir.
- Hə, gedirik, - deyə, Məmmədəmin də onun sevincinə qanad verir, - gedirik, qardaş!
Abbasqulu duruxur:
- Bu bir hiylə olmaya?
- Yox, olmaz, - Məmmədəmin onu sakitləşdirir. Abbasqulunun ürəyinə çökən şübhə, qorxu hissi çəkilib gedənə oxşamır:
- Əmin bəy, aparıb orada başımızı əkməzlər ki?
Məmmədəmin bilə-bilə ikibaşlı cavab verir:
- O baxır Stalinin vicdanına. Əgər vicdanının itirməyibsəg
- Əmin bəy, - deyə Abbasqulu ürəyini ovcuna alır, - sizin dostunuzda olsa, o çopurdan gözüm heç su içmir.
- Hansı çopurdan? - Məmmədəmin özünü o yerə qoymur, gülümsəyir. -Söhbət kimdən gedir, Abbasqulu?
- Özünüz yaxşı bilirsiniz, Əmin bəy, - onun da dodaqlarına ötəri bir təbəssüm qonur. - Onu cəmisi iki-üç dəfə görmüşəm. Nəsə... heç qanım qaynamayıb. Yaman məkrli gözləri var. Baxanda adamın bu üzündən keçib, o üzündən çıxır. Göz də ürəyin aynasıdır.
- Ancaq neyləməli, qardaş, - Məmmədəminin səsi yavaşıyır. - İndi taleyimiz o çopurun əlindədir. Bizi öldürə də bilər, yaşada da.
- Əmin bəy, qadan alım, ölüm sözünü uzaq elə. Bu dünyada hələ nə görmüşük ki? - Dönüb soruşur - Bəs heç demirsən, Məmmədəlinin axırı necə olacaq?
- O da bizimlə gedəcək.
- Bu, lap qiyamət oldu.
Abbasqulu nədənsə birdən-birə yazıqlaşır. Qanadı qırım=lmış quşa dönür.
- Nə oldu sənə? Qanın niyə qaraldı birdən? - Məmmədəminin sınayıcı baxışları onun üzündə gəzir. - Bəyəm Məmmədəlinin bizimlə getməyi ürəyindən deyil. Yoxsa aranızda söz-sov olub, incimisiz bir-birinizdən?
- Yox, nə danışırsan, Əmin bəy.
- Bəs onda?..
- Heç...
- Abbasqulu, özün yaxşı bilirsən ki, düzünü deməsən, əl çəkən deyiləm.
- Çox sınamışam... - Abbasqulunun səsi elə bil üşüyür. - Əvvəlcədən sevinmək mənə düşmür. Gedib sağ-salamat Moskvaya çatmayınca, orada sərbəst, asudə gəzib dolanmayınca, fələk də gəlsə bu işlərə inana bilmərəm. Bəlkə də qırmızılar bizə tələ qurublar. Adam heç ağlına sığışdıra bilmir ki, onlar bizi belə sakitcə buraxsınlar, biz də çıxıb Moskvaya gedək. Soruşmazlar, niyə tuturdular ki, niyə də buraxdılar? Özləri yaxşı bilirlər ki, ürəyimiz heç vədə onlarla düz gələ bilməz! Biz barışa bilmərik - düşmənik, düşmən kimi də qalacağıq! Əmin bəy, özünüz deyin, düz fikirləşirəm?
- Abbasqulu, sən başqa cür də fikirləşə bilməzsən. - Məmmədəmin onu qolları arasına alıb özünə sarı çəkdi. - Ona görə də səni belə çox istəyirəm, özüm qədər inanıram sənə!
...Dəmiryol vağzalı... Moskva qatarının yola düşməsinə az qalır. Perron arı pətəyi kimi qaynaşır. Məmmədəmin də, Məmmədəli də xüsusi vaqon-salona qalxırlar. Bu, Stalinin vaqonu-dur. Şeylərini yerbəyer edib dəhlizə çıxırlar. Məmmədəlinin yaxından tanıdığı Serqo Orconikidze də, milli Gürcüstan hökumətinin Ankaradakı elçisi Semyon Mdivianinin qardaşı Budu Mdiviani və bir sıra başqa rəhbər işçilər də Stalinlə gedirlər. Vaqonda seyrəklikdir. Bir azdan Stalin kupenin ağzında görünür:
- Hə,gəlmisiniz? - deyə, əlini Məmmədəminə uzadır. - Sizinkilər, yerli kommunistləri deyirəm, Abbasqulu Kazımzadəni bizimlə getməyə qoymadılar.
- Niyə? - Məmmədəmin tutulur.
- Dediklərinə görə niyəsi çoxdur, - deyir. - Ona qarşı böyük hiddətləri var. Əlindən zəncir gəmirirlər. Deyəsən, əleyhinə iş qaldıracaqlar.
- Bəs siz...
- Mən çox qarışmaq istəmədim sizinkilərin işinə. Qoy özləri bildikləri kimi də eləsinlər. Mənim əsas qayğım siz idiniz...
- Bu heç yaxşı olmadı. - Məmmədəmin təəssüfünü boğa bilmir.
- Kefinizi pozmayın. - Stalin onu sakitləşdirmək istəyir.
- Eh, Abbasqulunu burada məhv edəcəklər. - Məmmədəmin ağır-ağır başını tərpədir. - Mən belə bilsəydim...
Stalinin gözləri qıyılır:
- Sizlərdə bir misal var: "Yüz fikir bir borcu ödəməz". Mən sizi yaxşı başa düşürəm, yoldaş Rəsulzadə. Dosta sədaqətinizi, etibarınızı da bilirəm. Ancaq səlahiyyətimdən sui-istifadə etsəydim, sizinkilərin xoşuna gəlməzdi. Araya inciklik düşər, mərkəzə inamsızlıq yaranardı. İstədim bu məsələni respublikanın rəhbəri kimi Nərimanov özü həll etsin.
- Sizi yaxşı başa düşürəm, yoldaş Stalin.
O, Stalindən ayrılır. Bu ara Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nə-rimanov gəlir. Salamlaşırlar.
- Abbasqulu hanı? - Nərimanov soruşur.
- Ona icazə vermədilər.
- Hm... biz onun da getməsini demişdik.
- Siz ola bilsin ki, demişdiniz.
- ...
Məmmədəmin onun fikrə getdiyini görüb:
- Görünür, sizdən aşağıdakılar mane olurlar, - deyir. - Qorxuram başına bir iş gətirələr, sizin heç xəbəriniz də olmasın.
- Mən hökmən yaxından maraqlanaram, - Nərimanov onu arxayınlaşdırır. - Çalışaram ki, dostlar bir-birindən ayrı düşməsinlər.
Baxışları toqquşdu. Sual verdi, sual aldı baxışlar. Dil-dodaq susdu. Ürəklər danışdı, yalnız ürəklər. Onların bir-birinə - Azərbaycan Milli şurasının keçmiş sədri, "Müsavat" partiyasının lideri Məmmədəmin Rəsulzadənin Azərbaycan xalq Komissarları Sovetinin sədri, varlığı bolşe-vizm ideyaları ilə yoğrulmuş, təpədən-dırnağacan kommunist olan doktor Nərimanova, Nərima-novun isə ona deyiləsi nə qədər sözü vardı. Aralarındakı giley, soyuqluq, inciklik günbəgün artıb, dərinləşib az qala düşmənçilik həddinə çatmışdı. İyirminci ilin 27 aprel gecəsində Məmmədəmin Rəsulzadə hakimiyyət kürsüsü ilə vidalaşmış, "Müsavat"ın parlaman binasının başı üzərində dalğalanan o gözəl üçrəngli bayraq zor-güclə, qəddarcasına endirilmişdi. Nəriman Nərimanovun dövranı təzə başlayırdı. Azərbaycanın, eləcə də qəriblikdə qalmış ulu Azərbaycan toropaqlarının - Zəngəzur, Borçalı mahallarının, Dərbənd ellərinin hansı səmtinə güzarın düşsəydi, bu sözlər qulağına dəyərdi: "Rəsulzadənin günəşi batıb, yerində Nərimanovun günəşi doğub".
Azərbaycan o məşum gecədən - 27 aprel gecəsindən bəri nə qədər qurbanlar vermişdi, nə qədər oğullar, qızlar itirmişdi. Bu torpağın hər qarışında qan dizə çıxır, ah-nalə ərşə dayanırdı. Analar saç yolur, ağı deyir, qarğışlarını hörük-hörük kürəklərinə atırdılar. Atalar isə vaxtsız xəzan vurmuş yarpağa dönmüşdülər...
Azərbaycan hər gün taleyin yeni bir zərbəsini ala-ala, ümidli-ümidsiz günlərini yaşayırdı. Şuraların burada - "Azərbaycan Şərqin qapısında mayakdır" - deyə-deyə qanını sorduğu bu cəfakeş, bəxti neftindən də qara torpaqda ilk bolşevik payızı sona çatmaqda, ömrünü qışa ver-məkdə idi.
Onlar Stalinin getdiyi vaqon-salonun dəhlizində üzbəüz dayanmışdılar. Aralarında iki-üç addım məsafə vardı. Görüşəndə bir-birlərinə əl uzatmağa ürək eləməmişdilər; ikisi də ehtiyat etmişdi ki, birdən əli havada qalar, pərt olar.
Deyirlər, ehtiyat igidin yaraşığıdır. Ancaq bəzən ehtiyat həddini aşıb-adlamaq gərəkdir, aşıb-adlamayanda çox vaxt risk anı deyilən o göz qırpımı adamı ömürlük yandırıb-yaxır; necə deyərlər, qəbirdə də dinclik, rahatlıq vermir ona.
Onlardan biri - ya Məmmədəmin, ya da Nəriman bir addım, heç olmazsa yarımca addım qabağa gəlsəydi, bu vida, bu ayrılıq dəqiqələri başqa məcraya düşərdi: aradan çox-çox illər ke-çəndən - sovet imperiyası yerlə yeksan olandan sonra onları heç kəs düşmən kimi üz-üzə gətirib, üz-üzə qoymağa cəsarət etməzdi.
O bir, yaxud da yarımca addımı bəlkə də doktor Nəriman Nərimanov atmalı idi. Çünki or-tada xeyli yaş fərqi vardı; Nərimanov əlli, Rəsulzadə isə otuz altı yaşın içində idi. Məmmədə-minin qəlbi Nərimandan bərk incik idi; ona görə ki, Nərimanın tutduğu yol, yeritdiyi siyasət Məmmədəminin xoşuna gəlmirdi, ürəyincə deyildi. Bir yandan da Nəriman artıq hökm-fərma idi, çünki indi Azərbaycan Sovet Respublikasının başında o dururdu, necə deyərlər, qılıncının dalı da kəsirdi, qabağı da. Bir az da dərindən baxanda, Məmmədəmin nəzarət altında idi və onu Mo-skvaya əslində dustaq kimi aparırdılar.
O, nəinki bir addım, heç yarım addım da atmadı, əllər bir-birinə toxunmadı, bir-birini sıx-madı. Ancaq onların özlərindən başqa sonralar da heç kəs bilməyəcək ki, ikisi də - Nərimanov da, Rəsulzadə də ömrü boyu o inadkarlıq anının, atılmayan addımın peşmançılığını çəkəcək; dəhlizdə, pəncərə qarşısında sükutla üz-üzə dayandıqları anları tez-tez xatırlayacaq, göynəkli-göynəkli yada salacaqlar; ürəklərində dustaq edib dilə gətirmədikləri söz-söhbəti qəbir evinəcən özləri ilə aparacaqlar. İkisi də yanıb-yaxılacaq ki, o anları gərək əldən verməyəydilər; gərək dilləri susmayaydı, ürəkdən gələni gərək dil deyəydi, dil söyləyəydi. Ürəklərin sözü isə çox idi, bitib-tükənən deyildi. Ürəklər deyir, baxışlar təsdiqləyirdi:
"- Doktor Nərimanov, Abbasqulunun taleyindən arxayın olum?"
"- Əmin bəy, əlbəttə ki, ol".
"- Mənim sənə həmişə hörmətim olub".
"- Mənim də. Ancaq bu başdan deyim ki, çiyinlərinə ağır, çox ağır yük götürmüsən, doktor!"
"- Bilirəm, Əmin bəy, bilirəm... Gözlərindən oxuyuram ki, məni ittiham eləyirsən. Bəlkə də haqlısan. Ancaq bunu da deyim ki, mən bu vəzifəyə can atıb, susayıb gəlməmişəm. Məni çağırıblar, dəvət eləyiblər... Həm də yoldaş Leninin xahişilə, tapşırığı ilə gəlmişəm".
"- Bəs gəlməkdə məramın, məqsədin nə olub?"
"- Bu sualın min bir cavabı var".
"- Mini qalsın bir yana, tək bircəciyini de, ən əsasını".
"- Əmin bəy, biz dost olmasaq da, həmişə bir-birimizin yerini bilmişik, hörmətini sax-lamışıq. Buna şübhən yoxdur ki?"
"- Yoxdur".
"- Mənim səmimiyyətimə tam inana bilərsən. Mən ömrümdə şöhrət, vəzifə xəstəsi ol-mamışam".
"- Əgər belədirsə, onda niyə nə üçün gəlirdin bu vəzifəyə? Özü də necə?! Padşahlar, sultanlar kimi, kəcavədə, rus soldatlarının çiynində varid olmusan kabinetinə. Düzdür?"
"- Düzdür. Mən xalqın coşub-daşan istəyinə qarşı gedə bilməzdim, Əmin bəy. Səmi-miyyətlə deyim ki, bundan - mənə yad görünən, adət etmədiyim bu təntənədən necə sıxıldığımı, xəcalət çəkdiyimi bəlkə də təsəvvür edə bilməzsən. Ancaq nə gizlədim, xalqın mənə göstərdiyi bu böyük hörmətdən, sonsuz ehtiramdan bir insan kimi fərəh-fəxarət duyduğumu, qanadlandığımı söyləməsəm, əlbəttə, bəlkə dəbuna inanmazsan. Ancaq mənim Azərbaycana gəlişim yalnız xeyrədir, özü də beş-on adamın yox, bütün millətin, bütün Azərbaycanın xeyrinədir".
(ardı var)

TƏQVİM / ARXİV