adalet.az header logo
  • Bakı 18°C

İçindəki xatirələr səni nə vaxtsa dindirəcək...

SAMİRƏ ƏŞRƏF
31682 | 2014-08-23 03:04
Diktafonun düyməsini basıram. Yaşı yenicə qırxı haqlamış müsahibim aktyor Rza Rzayevin səsi otağı bürüyür: - Bizim nəsil, yetmişinci illərin uşaqları çox istedadlı idilər. Amma onların çoxunu müharibədə itirdik. Qalanlar da özlərini ifadə edə bilmədilər.
İlahi, gənc və istedadlı insandan necə ağrılı bir etirafdı bu. Ümumiyyətlə, bu itirilmək sözü və halı ilə mən artıq dəfələrlə rastlaşıram. 80-cilər də özlərini itirilmiş hesab edir. Artıq 90-cı-lardan da belə avazlar eşidirik. Allah qoysa, 2000-cilər də bu gün sabah başlayarlar.
Onda belə çıxır ki, qırx ildir itirə-itirə gəlirik?! Niyə itirməliydik ki. Əgər hər şeyi müharibənin üstünə atırıqsa, məgər təkcə müharibə aparan ölkə biz idik? Harda qırıldı bizim uğur zəncirimiz. Mən də yazmağa söz tapdım. Uğur sözü hara, zəncir hara? Əksmənalı sözləri gətirib bir-birinə calaq eləmək də ancaq elə mənim əlimdən gələr.
Təzə-təzə yazmağa başlayanda yazılarımı oxuması üçün yazıçı Şərif Ağayara yollayırdım. Şərif Ağayar da onların bir neçəsini oxuyub bir gün mənə içərisində belə bir cümlə keçən cavab yazmışdı. "Sənə yalnız çoxlu mütaliə tövsiyə edərdim! Öz ədəbiyyatımızdan tutmuş yaponlara, hind ədəbiyyatına qədər. İçindəki xatirələr səni nə vaxtsa dindirəcək".
Eh Şərif bəy, içimdəki xatirələr də məni yavaş-yavaş dindirir. Dediyiniz ədəbiyyatları da oxuyuram. Görün, hələ yapon ədəbiyyatının incisi Yasunari Kavabata nə deyir. "Xəyalı, arzunu ayaqlayıb, tapdalamaq olmaz. Bunu eləmək istəyənin özü büdrəyib yıxılar".
Tanıdığım on insandan yeddisi nəinki xəyallarını, arzularını ayaqlayıb tapdalayıblar. Hətta onları elə xıncımlayıblar ki, həmin xıncım yığının içərisində arzu deyə ələ gəlinəsi heç nə qalmayıb. Bağrınıza basmaq istəyib də basa bilmədiyiniz gənclər səfalətin, işsizliyin caynağında çapalayırlar. Niyə? Nə üçün? Bilmirəm. Əslində bilirəm, amma yazmağın özünü də mənasız hesab edirəm.
Axı niyə biz gündüz çıraqla gəzdiyimiz istedadlı insanları itirməliyik? Əlli, altmış yaşında ədəbiyyata soxulub öz lazımsız düşüncələrini, mətnlərini bizə sırımaq istəyənlərin malik olmadığı ədəbi, mədəni biliyə malik olanlar, özlərini gözə soxmaq istəməyən, yaltaqlığı bacarmayan, qocalar kimi mənəm-mənəm deməyən gənclər bu gün niyə ortalıqda qalmalıdı anlamıram. Kim təminat verir ki, on ildən sonra həmin gənclər bir də doğulacaqlar. Bacarıqlı, potensiallı insanlar niyə yeməyə bir tikə çörək tapmamlıdılar? Niyə onların cibləri boş, ümidləri puç olmalıdı? Kimdi bütün bunlara cavab verə biləcək səlahiyyətlilər?
Nə qədər özümüzü kitabların içərisinə gömüb bu dünyanın eybəcərliklərindən qaçmağa cəhd edib, xəyallarla ovunacağıq.
İnsanlar günü-gündən uğursuzlaşdıqlarını hiss edirlər. Hamı bir-birindən uzaq durmağa, qaçmağa çalışır. Ərlər arvadlarına, arvadlar ərlərinə bir evin içində yad olurlar. Hər kəs elə bilir ki, onun həyatı alınmayıb, taleyi bəd gəlib. Əslində isə bəd gələn günlər, aylar, illərdi.
Mən gənclərin həmin günlərə, aylara tuş gəlməsini istəmirəm. Mən istəyirəm ki, ilahi ədalət onların başı üzərində işıq saçıb parlasın. Özlərini ifadə edə bilsinlər, onların içindəki xatirələr dinərkən, onlar xoşbəxt olmağı bacarsınlar. İstedadlarının və zəhmətlərinin, yaşadıqları ağır günlərin əvəzini artıqlaması ilə alsınlar. Və ən əsası onlar itirilmiş nəsillərə qarışıb, yox olmasınlar.




TƏQVİM / ARXİV