adalet.az header logo
  • Bakı 20°C

Bokserin taleyi

XURAMAN HÜSEYNZADƏ
22266 | 2014-08-23 04:02
Bəzən belə də olur: xilas üçün yapışdığın saman çöpü tikan olub əlinə batır. Yaralayır səni. Artıq hardansa yapışıb xilas olmaq üçün əllərin də köməyə gəlmir. Bilmirsən əlinə batan tikanın dərdinə qalasan, yoxsa boğulmaqdan xilas yolu axtarasan...
Oxuduğumuz əsərlərdə, baxdığımız filmlərdə, real həyatda nə qədər insan faciəsi ilə rastlaşırıq. Yaddaşımızda dərin izlər buraxırlar. Çoxu elə öz evimizdə yaşayır. Bəzən həmin obrazlarda elə özümüz oluruq. Bəxtimizə düşən dramatik rolu oynamaq üçün aktyor olmağımıza ehtiyac yoxdu... Hava sümüyümüzə düşməsə də həyat bizi o ritmə tabe edəcək.
Corc Oruellin Sovet İttifaqına həsr olunmuş "Heyvanıstan" satirik antiutopiyasında Bokser obrazı var. Xilas olmaq üçün yapışdığı saman çöpünün əslində tikan olduğunu bilməyən insanların taleyini onun taleyinə bənzədirəm. Dolayısıyla çoxu həmin qəhrəmanın həyatını təkrarlayır: ümid edir, inanır, aldanır.
Həyat şüarı "Mən daha çox işləyəcəyəm" olan Bokser adlı at qocalır, xəstələnir və onu müalicə olunmaq adıyla furqona qoyub aparırlar. Furqonun böyrünə yazılmış "At sallaqxanası. Sabun bişirmə. Dəri və sümük emalı. İt yemi." sözləri zəhmətkeş Bokserin faciəvi sonluğunu göstərir...
Bokserin faciəsi C. Oruellin sovet zəhmətkeşlərinin gələcəyi haqqında ötürdüyü subliminal mesaj idi. Ətrafımıza boylandıqda, çətinlikləri Atlant kimi çiyinlərində saxlayan nə qədər Bokser görürük. Ağır işlər, zülmlə qazanılan çörəkpulu, ümidlərlə yaşaya-yaşaya qocalıb əldən düşmək və... son. Ümidlərə aldanmaqla başqaları tərəfindən aldanmaq arasında məsafə yoxdu, məsafəsizlik var. Uçuruma gedirsənsə nə fərqi var, səni ora aldadıb aparırlar, yaxud xilas yolu tapmaq üçün gedirsən.
Bədii əsər olsun, film, yaxud real həyat hadisələri. Oxumaq, seyr etmək, həmsöhbət olmaq insanı ayıldır. O dərəcədə gözüaçıq olursan ki, xilas olmaq üçün yapışdığın saman çöpünün tikan olmadığına əmin olursan.
Hər tale-bir məktəbdir.
Bokserin həyatı isə akademiyadır...
Öyrənmək və nəticə çıxarmaq gərəkdi...

TƏQVİM / ARXİV