adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

REGİON

MƏZAHİR ƏHMƏDZADƏ
57601 | 2014-08-23 08:57
(əvvəli ötən sayımızda)

"Beynəlxalq tədbirlər üçün ideal məkan"-
bu sözləri TÜRKSOY-un baş katibi deyib...

İyulun 1-də " Aşağı Karvansaray" kompleksində festivalın rəsmi açılış mərasimi keçirilmiş, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin iştirakı ilə Niyazinin "Rast " baleti nümayiş olunmuşdur.
Festivalda Azərbaycanla yanaşı 14 ölkənin tanınmış musiqi kollektivləri çıxış etmişdir. Festival günlərində təşkil olunmuş konsert proqramlarını 5 min nəfərdən çox tamaşaçı izləmişdir. Beş gün davam edən musiqi bayramı nəinki Şəkinin, bütövlükdə ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir.
Festivalda iştirak edən TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov jurnalistlərə müsahibəsində bildirmişdir ki, Şəki beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün ideal məkandır.
Festivalda ümumilikdə 1000 nəfərdən çox qonaq iştirak etmişdir. Şübhəsiz ki, Şəki "İpək yolu" V Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə qeyd olunması xalqımızın zəngin mədəniyyətinin, Şəkinin turizm potensialının təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Qədim Şəki,
Böyük Şəhər

2014-cü ilin I yarısında rayonun sosial-iqtisadi inkişafının yekunları ilə tanış olmaq üçün konkret faktlara nəzər salmaq kifayətdir. 2014-cü ilin I yarısında ilkin hesablamalara görə faktiki qiymətlərlə 143 milyon 81 min manatlıq məhsul buraxılmışdır ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 82 faiz təşkil edir. Adambaşına faktiki qiymətlərlə 795 manatlıq məhsul buraxılmışdır. Rayon üzrə orta aylıq əməkhaqqı 248 manat olmuşdur, bu da əvvəlki dövrlə müqayisədə 5,7 faiz çoxdur. 2014-cü ilin I yarısında Şəki rayonunda 822 yeni iş yeri açılmışdır ki, onların da hamısı daimi iş yerləridir. İş yerlərinin 7,9 faizi yeni yaradılmış müəssisə və təşkilatların,16,1 faizi mövcud müəssisə və təşkilatların, 76 faizi isə fiziki şəxslərin payına düşür. Qeyd etmək lazımdır ki, 1 oktyabr 2003-cü ildən - 1 iyul 2014-cü il tarixədək rayonda 13019 yeni iş yeri açılmışdır ki, bunun da 96,2 faizi daimi iş yerləridir. 2014-cü ilin I yarısında Şəki rayonunda əmtəə dövriyyəsinin ümumi həcmi 144 milyon 368 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən əmtəə dövriyyəsinin həcmi 4,5 faiz artmışdır. Hazırda rayonda 19 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 12-si kiçik müəssisədir.
Şəki Rayon Məşğulluq Mərkəzinə 2014-cü ilin I yarısında 201 nəfər işaxtaran müraciət etmişdir. Hesabat dövründə 66 nəfər işə düzəlmişdir. İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən müəyyən edilmiş 13 kvota yerinə 2 nəfər işə götürülmüşdür. 27 may 2014-cü ildə Şəki şəhərində əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə keçirilən növbəti "Əmək Yarmarkası" na 22 müəssisə və təşkilatdan 248 boş iş yeri çıxarılmışdır. Yarmarkada göndəriş verilmiş 50 nəfər işlə təmin olunmuşdur.

Həyat səviyyəsini yüksəldən amillər

Şəkililər ölkə rəhbərinin əhalinin sosial müdafiəsi sahəsində yeritdiyi siyasəti yüksək qiymətləndirir, aztəminatlı əhali qrupuna göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi qəbul edir. Nazirlər Kabinetinin iyul ayının 10-da keçirilən geniş iclasında çıxış edən Prezidentimiz demişdir: "Əhalinin sosial müdafiəsi istiqamətində ciddi islahatlar aparılır, şəffaflıq təmin edilir. Bu, əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Sosial məsələlərin həlli bu altı ayda da diqqət mərkəzində olmuşdur. Orta əməkhaqqı artıb, indi 440 manat və ya 560 dollar təşkil edir. Əminəm ki, bu daha da artacaqdır".
Bəhs olunan dövrdə Şəkidə əməkhaqları, pensiyalar və ünvanlı sosial yardımların əhaliyə çatdırılmasında, əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə təmin olunması istiqamətində bir sıra işlər görülmüşdür. 2014-cü ilin I yarısında 914 ailəyə Ünvanlı Dövlət Sosial Yardımı təyin olunmuşdur. Hal-hazırda 2381 ailə Ünvanlı Dövlət Sosial Yardımı alır. Şəki rayonu üzrə hər bir ailə üzvünə təyin edilən Ünvanlı Dövlət Sosial Yardımın orta aylıq məbləği 28 manat, 38 qəpik, hər ailəyə düşən orta məbləğ isə 127 manat təşkil etmişdir.
Dövlət Sosial Müdafiə Fondunun Şəki Şəhər Şöbəsi 2014-cü ilin I yarısında 26095 nəfər əmək pensiyaçısına xidmət göstərmişdir. Həmin pensiyaçılardan 16530 nəfəri yaşa görə, 7892 nəfəri əlilliyə, 1673 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi üzrə pensiyanın orta aylıq məbləği 157 manat 35 qəpik təşkil edir ki, bu da 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,8 dəfə artım deməkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun
maliyyə yardımı ilə

(ardı gələn sayımızda)

 

TƏQVİM / ARXİV