adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Avqust 2014 15:42
16249
ƏDƏBİYYAT
A- A+

Günümüzün aktual kəlamı

Atalar sözləri xalqın sınanmış, əsrlərdən bəri öz hikmətini qoruyan dəyərli kəlamlarıdır. Bu həcmcə kiçik kəlamların hər birindən saatlarla danışmaq olar. Böyük bir kitabın, əsərin insanlara demək istədiyini atalar sözləri qısa bir cümlə ilə çox dəqiq ifadə edə bilir. Atalarımız illərin təcrübəsi olan, müşahidə etdikləri hadisələrin nəticələrini konkret ifadələrlə verməklə, özlərindən sonrakı nəslə, bəşəriyyətə "qulaq sırğası” olacaq öyüd-nəsihətlər qoymaqla, hər birimizi gələcək yanlışlardan qorumağa çalışıblar.

Atalar sözləri və məsəllər özünün bu günkü aktuallığı ilə həmişə diqqət mərkəzində olub. Və bu kəlamların böyüklüyü də elə ondadır ki, bu gün də öz əhəmiyyətini itirməyib. Sanki ulu atalarımız onları məhz bu gün üçün deyiblərmiş. Həyatın bütün sahələrinə aid olan bu hikmətli sözlər, daha doğrusu "xatırlatma”lar əslində bizim üçün bir "əhləd daşı”dır. Yəni, onların etdikləri yanlışları, gördükləri çətinlikləri biz təkrar etməyək deyə  atalarımız bizə söz mirası qoyublar. Bu yolla əcdadlarımız bizə nə cür yaşamalı, çətin vəziyyətlərdə özünü necə aparmalı, dostluqda, qonşuluqda, sevgidə necə davranmalı olmağımız üçün yol göstəriblər.  

Bu günün müasir insanı olaraq nə qədər yeniliklər, icadlar görsək də, onları həyatımızda tətbiq etsək də, ata-baba öyüdü olmadan, ən azından bu kəlamlardan istifadə etmədən keçinə bilmirik. Amma bu da həqiqətdir ki, hər birimizin öz dünyagörüşümüzü səciyyələndirəcək seçilmiş atalar sözlərimiz də vardır ki, bu sözləri hətta həyat şüarımıza çeviririk.

Bəs görəsən tanınmış insanlar öz düşüncələrinə, həyat münasibətlərinə, bu günümüzə dair hansı atalar sözlərini, məsəl və ya aforizmləri özlərinə yaşam devizi ediblər?! Bunu öyrənmək üçün tanınmışlara müraciət etdik. Sorğunu sizə təqdim edirik:

Şairə Cığatel İsaqızı: "Həmişə demişəm ki, Allah betərindən saxlasın!  Mənim üçün önəmli olan insanlıqdı. Ona görə dua edirəm ki, Allah hər bir insanı betər günlərdən qorusun”.


Baba Vəziroğlu: "İşləməyən dişləməz. Bəzən doğru-yalan, haqlı-haqsız yalnız işləməyə məcbursan. Günümüzün reallığı budur. Qarğa dimdiyindən pendiri əldə etmək üçün bir çox vasitələrə əl atmalısan”.


Mirzə Sakit. "Nə əkərsən, onu da biçərsən”, - deyən satirik şair hətta öz biçdiklərindən qane olmadığını da dilə gətirdi: "Əkiləndə də necə əkilibsə, eləcə də əyri bitib”.


Aydın Xan Əbilov: "Düzü mən şüar sevməsəm də bu günümüzlə səsləşən bir deyimi qəbul edirəm – Dünyanı gözəllik və sevgi xilas edəcək. Bunu İsa Peyğəmbərdən tutmuş, Dostoyevski və Hüseyn Cavidə qədər çoxu deyib. Deməli çoxluğun qəbul etdiyi və inandığı kəlamdır”.


Əsəd Cahangir. "Bir dəli quyuya daş atdı, yüz dəli yığışıb çıxara bilmədi”, - deməklə yəqin ağıllıları daha tədbirli olmağa səsləyir.


Hüquqşünas Səməd Vəkilov da ədəbi tənqidçinin fikirləri ilə razılaşıb: "Ağıllı fikirləşincə, dəli vurub çayı keçdi”, - deyə bu günün çılğınlığına, düşünülmədən atılan addımlara eyham edib.  


Şair Sultan Mərzili istənilən zaman üçün sağlamlığı ən vacib hesab edir:

"Ayağını isti saxla, başını sərin,

Mədənə fikir ver, düşünmə dərin.

Bu gün insan üçün əsas yaxşı səhhət və komfortdu. Bu günümüzün insanını daha çox öz rahatlığı düşündürür”, - deyə şair gileylənir.


Aktyor Elşən Rüstəmov bu gunun aforizmini belə səciyyələndirib. "Kompüter, internet, mobil telefon və facebook varsa, demək həyat var”, - deyərək bu günün şüarını elə müasir texnologiyaya bağlayıb: "O ki qaldı mənəvi hisslərə, onsuz da sadə insanlarda bu, kifayət qədərdir”.


Tanınmış teleaparıcı Rəşad Kəsəmənli "Bu dünyada insandan ağıllı varlıq və insandan vəhşi heyvan yoxdur. İnsan düşünən heyvandır”, - deyə Aristotelsayağı fikir yürüdüb.

Bütün bunlar göstərir ki,  mənəvi əhəmiyyətə və fəlsəfi dəyərlərə malik atalar sözləri özlərində bu gün də çox aktual və qiymətli informasiyalar daşıyır. Ən azından bir şəxsin işlətdiyi atalar sözünü və ya məsəli eşidəndə onun necə biri olduğunu, düşüncəsini, dərrakəsini anlamaq olur. Necə deyərlər: "Danış, səni görüm!”