adalet.az header logo
  • Bakı 7°C
21 Avqust 2014 17:04
60460
ƏDƏBİYYAT
A- A+

BEŞ

Beş il öncə "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncayın yazdığı fikirlər bu gün daha təravətlidir. Çünki,  Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi, "525-ci qəzet"-in  baş redaktoru Rəşad Məcidin 50 yaşı tamam olur. Həmin yazıda söhbət "beşlərdən" getmişdi. Bu gün də Rəşad Məcid özünün beşinci onluğu qeyd edir. 
 
Adalet.az məhz həmin ovqatla da yazını yenidən oxumağı sizə məslətəh görür.  
 
 
25 il əvvəl mənim 25 yaşım vardı. Hər şey haqqında başqa cür düşünürdüm. Arzularım, xəyallarım, ümidlərim də başqa idi. Gələcəyin parlaq, həyatın daha gözəl olacağına inanırdım...
   
   Söz vaxtına çəkər, 25 il əvvəl isti yay günlərinin birində Dəmiryol vağzalından Ağdama getməyə hazırlaşırıq. İki körpə uşaqla harasa gedəndə təbii ki, əlində yük də çox olur. Və vağzalda cavan bir oğlan cani-dildən bizə kömək edir. Aqildən kim olduğunu soruşuram. "Məcidovun oğludu"-deyir. Mən təbii ki, təfərrüata varmıram, körpələr başımı elə qatıb ki...
   
   Yolboyu söhbətləşirik. Məlum olur ki, bu cavan oğlan ədəbiyyat həvəskarıdı, hətta şer də yazır. "Şer yazıram" deyən adamlara qarşı məndə uşaqlıqdan bir antaqonizm formalaşıb, çünki səhərin gözü açılmamış qapının zəngini çalıb qovluq-qovluq şerləri ilə evə gələn "şairlər" zəhləmizi çox töküb. Amma söhbət elədikcə fikrim dəyişməyə başlayır. 
   
   ... Ağdama çatırıq və burda Məcidovun kim olduğunu yerli-yataqlı öyrənirəm. Öyrənirəm ki, Məcidov Ağdam kimi "dünyanın ən varlı şəhərinin" (ifadə mənə məxsus deyil) ticarətinə rəhbərlik edir. Bax, burda məni heyrət bürüyür. Tanıdığım ticarətçilərin ağzından ədəbiyyat haqqında bir kəlmə eşitməmişəm. Hələ-hələ övladlarından... 
   
   O vaxt Rəşadın 20 yaşı vardı. Və Rəşad mənim beynimdə formalaşmış çox stereotipləri dağıtmışdı. Evlərinə qonaq gedəndə isə əməlli təəccüblənmişdim. Ətrafdakı zənginliyə baxa-baxa, Yavər xalanın bişirdiyi dadlı-ləzzətli yeməkləri yeyə-yeyə fikirləşmişdim ki, belə ortamda böyüyən adam şer yazar? Amma burda da məni sözün yaxşı mənasında xəyal qırıqlığı gözləyirdi. Hamının çox hörmətlə Məcidov dediyi şəxs, yəni Rəşadın atası çox ziyalı adam idi və evdə başqa zənginliklərlə bərabər zəngin kitabxana da vardı. 
   
   
25 il əvvəl biz belə tanış olduq. Mənim 25, Rəşadın 20 yaşı vardı. Yəni Rəşadla indi dostluq edənlərin çoxundan daha böyük stajım var. Və o vaxt işıqlı bildiyim, yaxşı bildiyim, indiyə qədər mənimlə yol gələn az-az kimsələrdən, təsəvvürlərdən biri də Rəşad Məciddi. Sözün hər mənasında ağırlığı artsa da, Rəşad elə həmin Rəşaddı, ən azı mənim üçün. Təcili yardım: maşın lazımdı - Rəşad, pul lazımdı - Rəşad, daha nələrsə lazımdı - Rəşad... İllər bu yardımın formasını dəyişsə də məzmun eyni qalıb. 
   
   Gənclik illərində hər cəhətdən təmin olunmuş adamların içində az-az şəxslər olur ki, bundan havalanıb özündən çıxmasın. Taleyin Rəşada verdiyi ən böyük töhfə müdriklik və ağıl olub. Əgər indi bu çətin dövrdə də hamını yola verə bilirsə, yenə həmin o keyfiyyətlərin hesabıdı. 
   
   Rəşad çox erkən yaşda evləndi və biz fikirləşirdik ki, görəsən indi necə olacaq, yenə ürəklə qapısını aça biləcəyikmi? Xoşbəxtlikdən Rəşadın xanımı da özü kimi üzügülər idi və xatırlayıram ki, mənim nadinc oğlanlarım Rəşadın evini alt-üst edəndə də Esmira bu olayı səbrlə, hövsələylə qarşılayırdı. 
   
   ... 25 il əvvəl Dəmiryolunda tanış olduq. Hələ ki, bu dəmir yollarla gedirik. Ağrılarımızla, sevincimizlə, yaxşıyla, pislə. 5 il əvvəl soyuq dekabrın birinci ən soyuq günündə həyətimizə toplaşmış adamlara baxdım, yadımda isə ancaq Rəşadın gözləri qalıb. Həmin anlarda doğma kimsələri axtarırsan. 
   
   45 yaşlı Rəşad Məcid özü indi üç igid oğlanın atasıdı. Maşallah! 25 il əvvəl mən Məcidovun oğlu Rəşadla tanış olmuşdum, indi isə Müseyib müəllimə "Rəşad Məcidin atasıdı" deyirlər. Mən təbii ki, Rəşada sağlıq, xoşbəxtlik arzulayıram, amma ən ümdə diləyim övladlarından yarımağıdı. Onlar da atası kimi gənc yaşda ağsaqqal ola bilsinlər. 
   
   ... Yazını yazıram, 2 və 5 rəqəmlərinin çox təkrarlandığını görürəm. Ay aman, bu qədər aydın xatirələrin 25 yaşı var. İyirmi beş il əvvəl mənim 25, Rəşadın 20 yaşı vardı. Sağ-salamat gedib çatsam, yenə 5 rəqəmi ilə rastlaşacam, amma yanındakı sıfırla. Rəşad "525-ci qəzet"in redaktorudu. Burda da iki beş təkrarlanır...
   
   Dünən Rəşada təbrik mesajı göndərdim və yazdım ki, "Əllərində dost əli var əlli min!". Yenə beş. Bir vaxtlar bu rəqəm bizi çox sevindirərdi. Beş yaxşı rəqəmdi. Elə 45 də!