DUYğUSALLIQ DƏYƏRDiR

ƏBÜLFƏT MƏDƏTOĞLU
31120 | 2007-08-17 14:59
Hər bir sözün dadı-duzu olmalıdır. Sözün dadı-duzu olanda, yəni birbaşa ünvanına, mahiyyətinə söykənəndə onda gec-tez, lap üstündən 40 gün keçsə də mütləq bir əks-səda doğuracaq, çünki dəyər, mahiyyət yerindədir. Və bizim hər birimiz də söz adamı olaraq məhz bu məqamdan yararlanırıq. Təbii ki, söhbət ömrünü-gününü sözə həsr edib, çörəyini, suyunu da sözdən çıxarandan gedir. O biriləri köçəri quşlar kimidir, nə yaxşı boz sərçələr var.
   
   Dünən səhər işə gələndə bir məsələyə aydınlıq gətirmək üçün "Bakıelektrikşəbəkə"nin rəhbəri Tanrıverdi müəllimlə əlaqə saxlamalı oldum. Sağ olsun, çox yüksək mədəniyyətlə və həm də deyərdim ki, bir həmkar yanğısıyla yozumunda çətinlik çəkdiyim məsələnin aydınlaşdırılmasında mənə yardımçı oldu. Sözarası da dedi ki, qəzetinizin daimi oxucularından biriyəm. Həmkarlarımın, təvazökarlıqdan uzaq olsa da elə mənim özümün bir para yazılarım haqqında son dərəcə kövrək və səmimi fikirlər dilə gətirdi. Açığı, səhərin gözü açılan kimi belə xoş sözlər eşitmək, xoş rəftarla üz-üzə gəlmək və nəhayət, barmaq boyda yazıya oxucu, həmkar diqqətini hiss etmək adama mənən bir rahatlıq bəxş edir. Özün də hiss etmədən oturduğun stolda necə böyüdüyünü, bir az loru dildə desəm, necə "genəldiyini" hiss edirsən. Bu heç də mənim tərif xəstəsi olmağımdan və yaxud 40 ildə bir dəfə tərif eşitməyimdən irəli gəlmir. Əstəğfürullah, sadəcə bilmirəm hansısa bir hissin pıçıltısı içimdə mənə anladır ki, xoş söz, xoş rəftar başlanan günün bünövrəsi olur. Özü də fikri, zehni bir işin bünövrəsi xoş ovqatla qoyulanda heç olmasa daxili rahatlığın təsiri altında o gərginliyə dözə bilirsən. Yəni lap köntöy ifadə etsəm, günün üstündən girib altından çıxırsan və yaxud da tərsinə...
   
   Hər gün çoxlu sayda qəzetlərə baxır, vərəqləyir, diqqəti çəkən imzaları, yazıları gözdən keçirirəm və hər gün də həmin o diqqətimi çəkən yazılarla, imzalarla bağlı o sözün sahibi olan müəlliflərin heç olmasa yarısına ya telefonla, ya da üzbəüz fikrimi çatdırıram. Bəzən hiss edirəm ki, bunu yaxşı qarşılamayan, hətta yarınmaq kimi görənlər də var. Bir anlıq tutuluram, amma sonra yenə ürəyimin səsinə qulaq asıram. Kim necə qəbul edir-etsin. Yaxşıya yaxşı demək, yaxşı sözü dəyərləndirmək, onun sahibinə, qələmdaşına münasibətini çatdırmaq, mülahizələrini bölüşmək mütləq daha yaxşı, daha böyük və orijinal fikirlərin çıxmasına səbəb olur. Çünki burda diqqət var, burda dəyər var - oxucu diqqəti, oxucu dəyəri. O da səni həvəsləndirir, ruhlandırır.
   
   Redaksiyamıza çoxlu zənglər olur. Bəzən səhərin gözü açılmamış daimi oxucularımızın biri zəng edib hansısa hərf və yaxud işarə səhvinə görə "ağzının odunu" tökür üstümüzə. Şəxsən mən bundan incimirəm, əksinə, həmin o oxucunun qəzetimizə, oradakı materiallara diqqətlə, sayğıyla yanaşdığını, onu oxumaq üçün vaxtını ayırmasına böyük hörmətlə yanaşır və minnətdarlığımı bildirirəm. Bəzən kobud sözü də və yaxud əksinə, şikayəti də, təşəkkürü də dinləyərkən özümü həmin oxucunun yerində görürəm və düşünürəm ki, elə o da mənim kimi söz adamına sayğılıdır. Fikirlərini, mülahizələrini bölüşməkdən çəkinmir. Nə yaxşı ki, bu cür duyğusal oxucular, dəyər verən insanlar var. Bizləri yaşadan da məhz budur.
   
   Söz nə qədər ki yazılmayıb və yaxud da deyilməyib, sənin qulundur - deyiblər. Deyildi, yazıldı sən yaxanı onun əlinə verib başını onun xəncərinin altına qoyursan. Bax, həmin o anı göz önünə gətirib yazanda qırx gündən sonra da olsa oxucu təşəkkürünü qazanmaq mümkündür. Təki onu gözünün önündə və yaxud da qələminin ucunda görə biləsən... Bu duyğusallığa görə dəyərli oxucularımızdan üzr istəyirəm. Hərdən adam doğrudan da kövrəlir...

TƏQVİM / ARXİV