adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

BEYİN DALĞALARININ ÜFÜQLƏRİ

ELŞAD HACIZADƏ
87446 | 2012-11-21 15:54
Hədəf müəyyənləşdirəndə nə istədiyimizi bilməliyik və təmkinli olmalıyıq. Hədəf insan düşüncələrindən meydana gəlir və arzudan doğur. Bu harda meydana gəlir? - zehində... Deməli, zehinimiz nə qədər kamildirsə, biz o qədər yararlıyıq. Bizi idarə edən zehnimiz çox itaətkardır. O, istədiyimiz və tələb etdiyimiz hər şeyi yerinə yetirir. Bunun on adından biri qabiliyyət, doqquz adı zəhmətdir...

Zehni qabiliyyət, qabiliyyəti düşüncə formalaşdırır. Düşüncə də duyğuları formalaşdırır... İnsanı özü üçün yaratdığı həqiqətə inandırır. İnsanın içində hər şey reallığa söykənir. Buna etiraf olunmayan reallıqlar deyirik. Bu reallıqlar beyində arxivlənir. İnsan, arxivlədiyi reallıqları gizli enerji dalğaları ilə özündən asılı olmadan tirajlayıb, cəmiyyətə ötürür. Dəqiq qənaət olmasa da iddialı iddialar var. Bəlkə də yox. Bunu da bilmirik. Müsbət düşünürsə, müsbət enerji dalğalarının əhatəsindəyik. İnsanın gizli enerji siqnalları ionosferdən keçməklə planetə təxminən saniyənin yetmişdəbiri sürətində yayılır. Hətta az qala subut edirlər ki, beyin dalğaları təbiətə də təsir edir. İnsan bədəni və ətraf arasındakı bu tezlik iqlim dəyişikliyinə səbəb olur.

Keçmiş və gələcək arasında fərq

Hər bir hadisənin özündən əvvəlki hadisə ilə şərtlənməsi gözəgörünməyən beyin dalğaları ilə bağlıdır. Deməli, yetkin və sağlam insan öz fəaliyyətinin müxtəlif imkanları arasında bundan təbii olaraq yararlanır. Bu konteksdən baxsaq, bütün fiziki qanunlarda təsvir edilən edilən zaman, keçmiş və gələcək arasında heç bir fərq qoymur. Mistik baxışlara görə insanı idarə edən də, onu yaşadan da zaman surətində olan beyin enerjisidir. Onda belə çıxır ki, beyin dalğalarının "marşrutu"dur bizi an içində keçmişə aparıb, xatırlatdıran da, gələcəyi inşa edən də???...

Enerji özündə müsbət və mənfi gərginlik daşımaqla, qütbləşir. Bu qütbləşmədə ziddiyyət var: sağ və sol, yaxşı və pis, doğru və yalan, qadın və kişi. Və əminik ki, bu zidd qütbləşmə bir-birinə qarşı olsa sa, biri digərinə möhtacdır. Şərq mistik fəlsəfəsinə görə, kainat ziddiyyətlərdən ibarətdir.

Maraqlıdır ki, bu zidd gərginlik insan beyininin quruluşunda da özünü göstərir. Sağ və sol yarımkürələr beynin strukturunu təşkil edir. Baş beynin müxtəlif şöbələrindən 12 cüt beyin siniri çıxır. Bunlara qoxu, görmə, gözün hərəki, blokvari, üçlü, uzaqlaşdırıcı, üz, eşitmə və müvazinət, dil-udlaq, azan, əlavə və dilaltı sinirlər aiddir. Bədənin müxtəlif üzvlərində yerləşən reseptorlardan onurğa beyninə daxil olan oyanmalar burada işlənir, sinir impulsları formalaşır və işçi orqanlara - ürəyə, damarlara, skelet əzələlərinə və vəzlərə, bağırsağa və s. ötürülür, nəticədə həmin orqanların funksional vəziyyəti dəyişilir. Sol yarımkürə bədənin sağ tərəfini, sağı solumuzu idarə edir. Beyin filtiri ilə canlı seyrdən qəbul etdiyimiz hər şeyi süzürük. Beyinin bu quruluşu bizim təcrübələrimizi artırır. Uşaqlıqdan tərbiyə və maariflənmə bizim beyin fəaliyyətimizi formalaşdırmaqla, ənənəvi dəyərlərin daşıyıcısına çevirir. Beyin yarımkürələri arasında əlaqənin pozulması insanı özündən ayırır. Öz içində dərin fikir ayrılığı yaradır. Qorxu, stress və narahatlıqların böyüməsi, sağın sola, solun sağa olan münasibətini dəyişir. Bu dəyişmə duyğularda "asılı"lıq yaradır. Beyində yaranan hər yeni titrəşmə özündən daha əvvəlki duyğunu əzir. Hər bir yeni qığılcım beyində özündən əvvəlki ocaqları söndürür.

Beyin dalğalarının bilinənləri

Hiss etmə, hərəkət etmə, eşitmə, görmə, dad və qoxu hiss etmə, ürəyin döyünməsi, nəfəs alma kimi həyati funksiyaları beyin reallaşdırır. Beyin hormon sintez edərək bədənin ehtiyaclarını tənzimləyir. Çox həssas sistemə sahib olan bu orqanımız elektrik siqnalları ilə fəaliyyət göstərən sinir hüceyrələri, bunları nizamlayan və qidalanmalarına kömək edən köməkçi hüceyrələr və qan damarlarından ibarətdir. Bəs beyin dalğaları nədir? Beyin dalğaları üzərində aparılan tədqiqatların tarixi iki əsr əvvələ gedib çıxır.

İngilis filosofu Riçard Katon ilk dəfə dovşan və meymun beyinlərinin enerji dalğalarını araşdırdı. Ancaq nəticə olmadı. Uzun illər heyvanlar üzərində aparılan tədqiqatlardan sonra ilk dəfə 1924- ci ildə almaniyanlı psixiatr Olan Hans Berger insan başına platin elektrodlar bərkidərək, elektroensefalogramla enerji dalğalarının qeydiyyatını aparmağa başladı.

Yaxın illərə qədər məlum idi ki, insan beyni beş növlü dalğa hasil edir. Bunlar alfa, beta, teta, delta, qammadır. Bunlardan alfa, beta və qamma dalğaları xüsusiyyətlərinə görə, normal beyin dalğalarıdır. Bu dalğalar, şüur və intellektual düşüncədən qaynaqlanır. Teta ilə delta dalğaları yayan beyinlərin nizamsız, problemli insanlardır.

Beyin dalğaları haqqında bilinənlər hələ kafi deyil.

İnsanların fəaliyyət istiqamətləri, şəxsiyyətləri, xarakterləri onların aurasına çökür. Ancaq işin ən maraqlı tərəfi insanların sosial statusu ilə də bağlıdır. Cəmiyyətdə üz-üzə gəlmək istəmədiyimiz, qaçdığımız insanlar var. Bütün bunların hər biri içindəki ehkamları dalğayla ifraz edib, ötürür. Bu istiqamətdə araşdırmalar davam edir. Məsələn, insan həddindən artıq həyəcanlananda dalğa itir, gərginlik yaranır. İnsan dözülməz olur. Alfa dalğaları, insanın rahat olduğu vəziyyətlərdən asılıdır. Beta dalğaları çox stressli vəziyyətlərdə, qarışıq və narahat olduğumuz vaxtda ortaya çıxır.

50-cı illərdə aparılan elmi təcrübələr göstərdi ki, dalğalar arasındakı əlaqənin qarşılıqlı fəaliyyətində yaranan pozğunluq müxtəlif problemlər ortaya çıxarır. Məsələn, delta və teta dalğalarının pozulması insanda yuxusuzluq problemi yaradır. Beyində bir-birinə zidd dalğalara ani keçiş, insanda stress yaratmaqla, mərkəzi sinir sisteminin fəaliyyətini zədələyir. Alfa və delta dalğalarının insan üçün əhəmiyyətini önə çəkən mütəxəssislər hesab edir ki, bu dalğalar beyni stressdən qoruyan əsas qalxandır. Əgər bu dalğaların kəmiyyətində dəyişiklik yaranarsa, insanı şiddətli gərginlik bürüyür.

İnsan nə düşünür?

Beyin dalğalarının gücündən istifadə artıq laboratoriya masalarının üzərindədir. ABŞ-ın Dyuk Universitetinin alimləri meymun beyninə yerləşdirdikləri elektrodlarla canlı dalğaları kompyüter yaddaşına köçürməyə nail olub. Meymunun əl çalması zamanı yaydığı dalğa - siqnallar kompyüterə qoşulan robotun qolunu hərəkətə gətirdi. Bu nəticədən ruhlalan alamaniyalı tədqiqatçılar insan beyninə 128 ədəd elektrod yerləşdirməklə elektroensefalogram vasitəsilə beyin dalğalarının dilini öyrənməyə cəhd etdi.

İnsan beyninin mürəkkəbliyi qarşısında aciz qalan mütəxəsislər qənaətə gəldi ki, eyni vaxtda insan beyni elmə məlum olmayan hissələrdən də dalğa yayır.

Beləcə də bu gün dünyada beyinin tam oxunması, insanın necə düşündüyünü öyrənmək elm üçün sirr olaraq qalır. Ancaq sadə hərəkətlər, kompyüterin köməyilə bilinir. Məsələn, adamın sağ, ya da sol əlini istifadə edəcəyi, yaydığı dalğalar sayəsində əvvəldən aydın olur.

Bu yaxınlarda yenə ABŞ-ın Roçester Universitetinin kompyüter elmləri laboratoriyası yeni nəsil texnologiyalarında çevriliş etdi. Beyin dalğaları ilə insan kompyüteri, televizoru, işığı söndürüb yandıra bilir. Kompyüterləşmiş sistem insanın sadə beyin dalğalarının "tələb"ni oxumaqla, hansı dalğanın "aç", hansı dalğanın "bağla" olduğunu müəyyən edir.

Eyni zamanda, Almaniyada beyin dalğalarından istifadə edilməklə iflic xəstələrinə cümlə yazdırılması daha çox diqqət cəlb edir. Yeni nəsil kompyüter proqramlarının inkişafı sayəsində ABŞ alimləri hesab edir ki, yaxın gələcəkdə beyin qatlarında insanın hədəflərini oxumaq mümkün olacaq. İddialı qənaətdir!!! Bu inkişaf beyin dalğalarını naqillərdən ayıracaq. Yeni cihazlar yaradılacaq ki, cib telefonları kimi ətrafa yayılan beyin dalğalarının siqnallarını qəbul edəcək.

Beyin dalğaları sinir sistemi ilə şaxələnir

Təbiət qanununa görə, ruhi quruluşu olmayan iki maddənin toqquşması fəsad yaratmır. Burada keyfiyyət kəmiyyətə müvafiq olduğundan beyin sıxlıqlarının gücü bir-birinə təsir edir.

Mənəvi baxımdan kamil olan insanların beyin fəaliyyəti onların cəmiyyətə münasibəti üzərində qurulub. Mənəviyyat elə beyindir. Çünki bioloji olaraq insanı idarə edən beyin mərkəzi sinir sistemi vasitəsilə şaxələnir. İnsanlar öz vərdişlərini ənənəvi dəyərlərlə formalaşdırır. Güclü ruhi inkişafa malik insanlar özlərinin əhəmiyyətini daha yaxşı, daha tez dərk etdiyindən cəmiyyət həyatında fəaldır. O kəslər beyinlərindən daha yaxşı istifadə edənlərdir. Təhlillər sübut edib ki, bu adamlar tərəqqipərvər olmaqla, güclü verici və alıcı dalğalar yayır. Qarşısındakı adamın fikrini yönəltməklə yanaşı, yaxşı idarə edə bilirlər. Harda olmalarından asılı olmayaraq onlar diqqət çəkir, şux və həssasdırlar. Onlar üçün məsafə və sərhəd yoxdur.

Düşüncə də bir enerjidir. Sıxlığına görə hers dalğaları ilə müqayisə edilən insanın beyin üfüqlərinin istiqamətini bütün bəşəri çəkiyə bərabər olduğunu hesab edənlər az deyil. Düşüncə formaları insanın aurasından istiqamət götürməklə dalğalanır. Telepatiya, hisslərin və ya mənfi duyğuların ötürülməsi bu düstura təzim edir. Yaranan zehni hərəkət, orqanizm hüdudunu aşır. Beyin proqramlanmasında neyronların qarlılıqlı əlaqəsi dəyişmə və çevrilmələri, şüuru meydana gətirir. Qısqanclıq, əsəb, nifrət, qorxu, yanlış fikirlər qalıcı xasiyyət halına çevrildiyində, ciddi orqanik dəyişikliklər yaradır. Çünki insan beynində neqativ duyğu və düşüncələr dəyişdiyində fizioloji olaraq da, insan dəyişir. Amerikalı professor, həkim Çarlz Pilmor hesab edir ki, insan bədəninin ehtiyacı olan bütün dərmanlar zehini - beyini tənzimləyir: "Beyindəki yenilənmə, bədəndəki hüceyrələrin də yenilənməsinə səbəb olur. Düşüncəmizi dəyişməklə özümüzü yenidən yarada bilərik".

Elşad HACIZADƏ[email protected]
P.S. İnsanın maddi varlığına bağlı bir qüvvə var. Bu hələ də elmdə öz təsdiqini tapmayıb. Gözləyirik. İnsana hökm edən ruh - metafizik qüvvənin mövcudluğuna möcüzələr inandırır. Bədənimiz, orqanlarımız cansız atom və molekullardan təşkil olunması elə möcüzədir. Çox saylı mənbələrin biri, digərini inkar edir. Hamımız ənənəvi həqiqətlərin ardınca gedirik. Bu bizi harasa aparır...

TƏQVİM / ARXİV