adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

QARAVƏLLi-2

OQTAY SALAMOV
27982 | 2007-08-15 05:29
Ötən dəfə Qaravəlli-1-i yazanda demişdim ki, bu bir rubrika olacaq və vaxtaşırı qaravəllilik xəbərləri sizə təqdim edəcəm. Açığı, sonra bir az narahat oldum. Çünki dünya dəyişir, hər şey inkişafdadır və birdən bir möcüzə baş verər, bizimkilər sarsaq yeniliklərdən, xəbərlərdən əl çəkərlər. Ay çəkdilər ha! İndi niyyətim var ki, yazılarımda gündəlik "Qaravəlli" bölməsi yazam; material - nə qədər istəsən. Qarabağdan yaz, sonunda qaravəlli, sosial problem - qaravəlli, siyasət mənim işim olmasa da, siyasi mövzu, dalında bir siyasi qaravəlli, bir sözlə, başdan ayağa qaravəlliyik. Bu da bugünün nümunələri.
   
   Nazirlər Kabineti yeni layihə üzərində işləyir; pensiya və müavinətlərin verilməsi sadələşdiriləcək. Doğrudan da bu sahədə yiyəsi itini tanımır. O qədər saxta əlil var ki, əsl əlillər onlarla yan-yana durmağa utanırlar. Buna bir qoruq-qaytaq qoymaq mütləq gərəkdir. Amma hansı yolla? Hazırda işləyən qanuna görə, kateqoriyasından asılı olmayaraq hər bir əlil tibbi-sosial ekspertizadan keçməlidir. Bunun tərcüməsi belədir: dəxli yoxdur ki, sənin bir əlin, iki ayağın yoxdur, hər il komissiyadan keçməlisən ki, Allah eləməmiş, bu bir il ərzində təzə əl-ayağın çıxar, hökumətimiz sənə artıq pul verməklə müflisləşə bilər. Komissiya isə sənin əlinə-ayağına yox, cibinə baxır. Ona görə də canın çıxıb hər il komissiydan keçməlisən. Məni qorxudan odur ki, yeni layihəyə görə komissiyanı 6 aydan bir keçirsinlər. Çünki yeməklərimiz elə zənginləşib ki, əvvəl bir ilə çıxmalı yeni əl, ayaq indi 6 aya da çıxa bilər.
   
   Yemək qaravəllisindən danışım.Bir çox araşdırmalardan sonra belə bir nəticəyə gəlinib ki, Bakının, eləcə də Azərbaycanın mağazalarında kərə yağı ...yoxdur! Üstünə istəyirsən 200 faizli Kərə yağı yaz, istəyirsən "Krestyansoe maslo" yaz, "Doyaruşka" yaz, "Rossiyanka" yaz, "Naş moloçnik"... hamısı marqarin imiş. Marqarini su ilə çalxalayıb kərə yağı adı altında satırmışlar. İstehlakçı Araşdırmalar Mərkəzinin direktoru Eyyub Həsənov deyib ki, Azərbaycanda təmiz kərə yağı yoxdur. Rayonlardan gətirilən "camış yağı"nın tərkibi, əslində marqarindir. Bay, sənin hərçi-bətərinə lənət, marqarin.

TƏQVİM / ARXİV