adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
20 Avqust 2014 15:47
6234
GÜNDƏM
A- A+

“Akkord” bank hesablarının həbsi iddialarına aydınlıq gətirdi

"Akkord” Korporasiyası Türkiyədəki bank hesablarına həbs qoyulmasına dair yazılanlara aydınlıq gətirdi. Korporasiyadan Adalet.az-a daxil olan məlumata görə, Azərbaycanın bəzi KİV-də "Akkord”un Türkiyədə göstərdiyi fəaliyyət çərçivəsində öhdəliklərini yerinə yetirə bilməməsi və bu səbəbdən Korporsiyanın Türkiyədəki bank hesablarına həbs qoyulmasına dair yazılan məlumatlar qərəzli və təhrifedilmiş şəkildə təqdim edilib.

Belə ki, bu məlumat artıq məhkəmədə haqsız olduğu sübut edilən şəxslər və şirkətlər tərəfindən yayılıb: "İlk öncə qeyd etmək istərdik ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Türkiyədəki filialının göstərdiyi fəaliyyət çərçivəsində bu günə kimi yerinə yetirə bilmədiyi və ya yerinə yetirməkdə çətinlik çəkdiyi hər hansı bir öhdəliyi yoxdur. Xəbərdə adı çəkilən, bəzi layihələrdə "Akkord”un Subpodratçısı kimi çıxış edən "Ada Metal” A.Ş. adlı şirkət "Akkord” qarşısında olan öhdəliklərini yerinə yetirə bilməyib. Bu səbəbdən də, "Akkord”  şirkətlə bağlanmış müqaviləyə birtərəfli qaydada xitam verib. Hesab edirik ki, bu xəbərin yayılması məqsədyönlü şəkildə müqaviləyə xitam verilməsi ilə əlaqədar olub və Korporasiyamıza qarşı haqsız tələblərin irəli sürülməsindən qaynaqlanır”.

Korporasiyadan o da bildirilib ki, "Akkord”un xəbərdə adı çəkilən Öz Volkan Petrol Şirkətinin ilə isə heç bir biznes əlaqəsi və işbirliyi mövcud deyildir.

Hazırda "Akkord”  Korporasiyasının Türkiyə Respublikasındakı filialı Soma və Tunçbilek bölgələrində torpaq qazıntı və daşıma işlərinin həyata keçirilməsi layihələrini yerinə yetirir. Tunçbilek bölgəsində həyata keçirilən layihənin  2016-cı ilin iyun ayında bitirilməsi nəzərdə tutulur. Soma bölgəsində həyata keçirilən layihə isə 2015-ci ilin oktyabrında yekunlaşacaq.