adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
20 Avqust 2014 15:35
11054
ŞOU-BİZNES
A- A+

Nadir Qafarzadənin əməlləri araşdırılır - Açıqlama

Müğənninin əməli ilə bağlı araşdırmalar davam etdirilir

Sabunçu rayon Polis İdarəsi tanınmış müğənni Nadir Qafarzadənin törətdiyi xuliqanlıq əməli ilə bağlı məsələyə aydınlıq gətirib. Sabunçu RPİ 14-cü Polis Bölməsinin baş təhqiqatçısı Tahir Vəliyev Lent.az-a bildirib ki, məlum olayla bağlı nazirliyin 102 qaynar telefon xəttinə məlumat daxil olub: "Nadir Qafarzadənin qardaşı həmin 1 saylı ruhi-əsəb xəstəxanasında müalicə olunur. Orda da görüş vaxtı saat 17:00-da bitir. Nadir Qafarzadə də vaxt başa çatandan sonra gəlib ora görüş istəyib, qardaşına yemək verməyə çalışıb. Bu zaman qapıda duran mühafizə polisi ilə aralarında xırda anlaşmazlıq olub. Biz ora getdik, onları polis bölməsinə dəvət etdik. Nadir müəllim də izahat yazıb getdi”.

Baş təhqiqatçı əlavə edib ki, müğənninin əməlində cinayət tərkibi olmadığından ona cinayət işi açılmayıb: "Biz araşdırdıq və gördük ki, burada cinayət tərkibi yoxdur. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir və yəqin ki, yaxın vaxtlarda araşdırmalara da xitam veriləcək”.

Qeyd edək ki, avqustun 18-də tanınmış müğənni Nadir Qafarzadə ilə polislər arasında qarşıdurma olub.Hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, müğənni Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisindəki 1 saylı Ruhi Əsəb Dispanserində xidmət aparan mühafizə polisinin əməkdaşları ilə dalaşıb. Bəlli olmayan səbəblərdən müğənni ilə asayiş keşikçiləri arasında narazılıq yaranıb. Bu zaman N.Qafarzadə polislərə qarşı kobudluq edib, onları söyüb. Dərhal hadisə yerinə Sabunçu rayon Polis İdarəsi, 14-cü Polis Bölməsinin əməkdaşları gəlib. Müğənni bölməyə aparılıb və izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Bildirilir ki, əvvəlcə tanınmış müğənniyə Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin "xuliqanlıq” maddəsi ilə iş başlanılıb. Lakin çox keçmədən cinayət işinin istintaqı dayandırılıb və işə xitam verilib. Xuliqanlıq əməli ilə bağlı materiallar isə 14-cü polis bölməsinin təhqiqat şöbəsinə göndərilib. Hazırda müğənninin əməli ilə bağlı polis bölməsində araşdırmalar aparılır.

Məsələ ilə bağlı Nadir Qafarzadə ilə əlaqə saxlayıb. O, əvvəlcə Maştağada bağ evinin olduğunu desə də, sonradan mətləbə gəlib: "Qardaşım Maştağadakı ruhi-əsəb xəstəxanasında müalicə olunur. Ona görə ora getmişdim. Mən azadlıqdayam. Başqa nəysə öyrənmək istəyirsinizsə polislə danışın”.

Onu da qeyd edək ki, Nadir Qafarzadənin qardaşı Qarabağ müharibəsində başından ağır xəsarət alıb və uzun müddətdir ki, ruhi-əsəb dispanserində müalicə olunur.