adalet.az header logo
  • Bakı 17°C
20 Avqust 2014 15:00
4903
MƏMLƏKƏT
A- A+

Bölgələrdə insan alveri qurbanları üçün mərkəzlər yaradılır

İnsan alveri qurbanları üçün bölgələrdə sosial reabilitasiya mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Adalet.az-a daxil olan məlumata görə, aidiyyatı qurumlarla birgə insan alveri qurbanları üçün regionlarda sosial xidmət və yardım mərkəzlərinin, sığınacaqların yaradılması, onların hüquqi, tibbi, psixoloji, sosial və digər yardımlarla təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirəcək.


Qeyd edək ki, bu istiqamətdə görülən işlər Azərbaycan Respublikası Prezidentinin  2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planına əsasən aparılır.


Plana əsasən, insan alverinin qurbanı olma riskinin azaldılması məqsədi ilə həssas qrupa aid qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində təkliflərin hazırlanması, uşaq əməyinə dair beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin icrası üzrə tədbirlərin gücləndirilməsi, sosial cəhətdən həssas ailələrin və daimi yaşayış yerindən məhrum şəxslərin yerli icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata götürülməsi və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara yönəldilməsi təmin olunacaq. Sənəddə insan alverinin potensial qurbanlarının ictimai faydalı əməyə cəlb edilməsi, məşğulluğun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 


Belə ki, xüsusi müəssisələrdə (sığınacaq və yardım mərkəzləri) qurbanlara, tibbi, psixoloji və digər yardımların göstərilməsinə məsul olan mütəxəssislərin sayının artırılması və onlara müvafiq təlimlərin keçilməsi, bu qrup insanların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili, məşğulluq probleminin həlli istiqamətində tədbirlər görüləcək.