"BiZDƏ BƏSTƏKARLAR iTTiFAQI DEYiLƏN BiR QURUM YOXDU"

ƏBÜLFƏT MƏDƏTOĞLU
27874 | 2007-08-14 02:55
-Cavanşir müəllim, bəlli olduğu kimi siz bir müddət Kiprdə çalışmısınız. Şəxsən mənim üçün maraqlıdır, Kiprdə Azərbaycan bəstəkarı özünü necə hiss edir və ümumiyyətlə, siz oradakı həmkarlarınızın imkanlarını, musiqi yaradıcılığı müstəvisində şəraiti necə dəyərləndirirsiniz?
   
   - Təəssüf ki, mən Kipr adasında yeganə bəstəkaram. Ona görə təəssüf deyirəm ki, həmin cəmiyyətdə hüquqi baxımdan bəstəkar yoxdur. Bu ondan irəli gəlmir ki, orda xalq istedadsızdı, xeyr. Sadəcə bu xalqın başına gətirilən oyunlar, onların iqtisadi-siyasi durumu hər kəsə bəllidir. Onlar bu gün həyat mücadiləsi aparırlar. Ona görə də bu sahəyə o qədər də diqqət ayıra bilmirlər. Mən də hesab etmirəm ki, Kiprdə bütünlüklə Azərbaycan mədəniyyətini təmsil edirəm. Çünki mədəniyyətimiz çox böyükdü və onu da bir nəfər heç vəchlə təmsil edə bilməz. Mən əslində özümü təmsil edirəm. Amma çalışıram ki, nə isə edim. Burdan da musiqiçilər dəvət edirəm, mədəniyyətlərin yaxınlaşması üçün müəyyən işlər görürəm.
   
   - Kipr dinləyicisində bizim bəstəkarlarımız, ümumiyyətlə, musiqi mədəniyyətimiz barədə hansısa bir anlayış var?
   
   - Bəstəkarlarımız barəsində o qədər də yox, amma musiqimiz barədə çox şey bilirlər və çox da sevirlər. Biz onları sevdiyimiz qədər onlar da bizi sevirlər. Onlara elə gəlir ki, bizim musiqi onlarınkından yaxşıdır, bizə də elə gəlir ki, onlarınkı. Bax, belə bir qarşılıqlı məhəbbət var. Hətta bizim xalq mahnılarımızı, bəzi bəstəkar mahnılarımızı çox gözəl ifa edirlər.
   
   - Cavanşir müəllim, siz mühacir deyilsiniz, işləməyə getmisiniz. Bilmək olarmı siz yalnız öz yaradıcılığınızı, Azərbaycan musiqisini, yoxsa bütövlükdə musiqini tədris edirsiniz?
   
   - Mən orda müəllim işləyirəm. Yaxın Doğu Universitetində, yəni Kıprısın altı universitetindən birində səhnə sənəti fakültəsində tədris edirəm. Səhnə sənətlərinə daxildi ssenaristlər, aktyorlar, opera oxuyanlar, operetta ifaçıları. Və nəzərdə tutulub ki, yaxın gələcəkdə ayrıca musiqi fakültəsi də açılacaq. Mən aktyorlara və gələcək opera ifaçılarına dərs deyirəm. Və tədrisin də planına uyğun olaraq çalışıram ki, bildiklərimi tələbələrimə öyrədim.
   
   - Cavanşir müəllim, Kiprdən dünyaya çıxış necədir?
   
   - Onlar üçün çox çətin. Yalnız Türkiyə yolundan istifadə edirlər. Bildiyiniz kimi Kıprısı dövlət kimi yalnız Türkiyə tanıyır. Buna baxmayaraq, dünyaya çıxırlar və hətta bizim universitet Avropa Universitetlər Birliyinə daxildir. Amma Azərbaycandan hələlik ora daxil olan yoxdur. Yəni onların dünya ilə əlaqələri o qədər də problemli deyil. Hətta İngiltərədə kıprıslıların dərnəkləri də var.
   
   - Siz Azərbaycanın da, Kıprısın da siyasi problemlərini bilirsiniz. Fəaliyyətinizdə bizim dərdlərimizi necə təqdim edirsiniz?
   
   - Bilirsən, bu məsələyə yaxşı toxundun. Hamı elə bilir ki, Qarabağla Kıprısın problemi eynidir. Xeyr, bu tamam daban-dabana zidd problemdir. Bunun səbəbi də, hüquqi əsası da fərqlidir. Mən heç bir siyasi partiyanın üzvü deyiləm və özümü də siyasətçi saymıram. Heç Sovet vaxtında da nə kommunist olmuşam, nə də komsomol. Hətta komsomol olmaya-olmaya komsomolun mükafatını almışam. Mən həmişə düşündüyümü söyləmişəm və heç nədən çəkinməmişəm. Ağlıma gələni ehtiyac olanda, soruşan olanda deyirəm. Bunun nəticəsində bəziləri məni siyasətçi elədi, ona görə deyirəm, siyasətçi əgər mənim kimi olursa, onda vay Azərbaycanın halına. Bu çox ciddi və məsuliyyətli peşədir.
   
   - Yaxşı, siz bəstəkarlarımızın qurultayına qatılmışdınız. Seçim sizi razı saldı?
   
   - Seçim haqqında heç vaxt "razı qaldım-qalmadım" fikrini söyləmək düzgün deyil. Bir şey ki qutudan çıxır, ondan necə narazı qalmaq olar. İnsanlar səs verib seçim ediblər, ona hörmətlə yanaşmaq lazımdı.
   
   - Axı seçimlə bağlı müəyyən qalmaqallar yarandı...
   
   - Yox, yaranmadı, əslində yaratdılar. 17 ildi qurultay olmamışdı və insanlar istədi soruşsun ki, niyə qurultay olmayıb, amma heç kim demədi.
   
   - Yaxşı, bəs siz niyə demədiniz?
   
   - Mən Bəstəkarlar İttifaqının rəhbərliyində deyiləm və qurultayı da mən keçirmirəm. O sualı bəziləri ürəyində deyirdi, bəziləri aşkar. Təbii ki, 169 üzvün hamısı çıxıb eyni vaxtda deyə bilməzdi. Yaradıcı ittifaqlar ictimai təşkilatdı və üzvlərin də sual vermək ixtiyarı var. Bax, həmin sualın cavabı olmadığından insanlar müəyyən qədər əsəbləşdi. Əslində mən gizli səbəbi bilirdim. Yəni rəhbərlik aşkarca qurultay keçirmək istəmirdi. Qorxurdu ki, yenidən seçilməsin. Amma qorxuya görə də qurultayı keçirməmək olmaz axı. Bu illər ərzində yazıçıların bir neçə dəfə qurultayı olubdur, orda da qalmaqallar baş verib. Olsun, bu ki faciə deyil. Mən də yeni seçiləni təbrik etdim, alqışlamadım. Onu da, İdarə Heyətini də. Bu da mənim insanlıq və həmkarlıq borcumdur. Necə işləyəcəklərini isə zaman göstərəcək.
   
   - Sizcə, bugünkü yaradıcı ittifaqın bu cür işləməyi, az qala Sovet dövrünün qanunları ilə idarə olunmağı nə dərəcədə doğrudur?
   
   - Mən qurultaydan öncə "Zerkalo" qəzetində böyük bir yazı verdim, özü də onun üzərində üç-dörd ay işləmişdim. "Bəstəkarlar İttifaqı necə olmalıdır?" adlı layihəmi qəzetdə çap etdirdim. Bütün diaqramları, sxemləri ilə hər şeyi göstərmişdim və qəzet də qurultay günü hamıya çatdırıldı. Müstəqil məmləkətdə ittifaqı necə görürəm, onu açıb qoydum ortalığa. Amma qurultayda heç kim o layihə barəsində bir kəlmə də demədi. Amma fərdi qaydada müsbət rəyini bildirənlər oldu. Necə deyərlər, nə tənqid elədilər, nə təqdir. Hiss elədim ki, ittifaqın hansı formada olması heç kim üçün önəmli deyil. Həmkarlarımın bir çoxu milli musiqinin inkişafı barəsində heç düşünmür də. Onun üçün maraqlı olan yalnız öz karyerasıdı. Və haqlıdırlar da. Çünki ittifaqda heç kim onlarla maraqlanmayıb və 17 il bu adamlar unudulub və mənə aydın oldu ki, Azərbaycanda Bəstəkarlar İttifaqı deyilən bir qurum yoxdu. İttifaq sözünün yəqin ki, mənasını bilirsiniz - eyni cür düşünən insanların bir araya gələ bilməsi! Təşkilat olaraq Bəstəkarlar İttifaqı keçmiş Kommunist Partiyasının bir formasıdır. Rəhbərliyə nəzər yetirin: baş katib, birinci katib və s. Mənim təklifimin əsas mahiyyəti o idi ki, ölkənin bəzi qanunları da dəyişdirilsin. Bilavasitə yaradıcılıqla bağlı olan maddələr. Əlini musiqinin yaşamasına, təbliğinə cani-dildən qoyan bir təşkilat olmalıdır ki, bu boşluğu və hətta bu bomboz musiqilərin qarşısını alıb ortadan götürsün. Yoxsa təqdimatlar yazmaq, orden-medallar paylamaqla yox. Bir növ Mədəniyyət Nazirliyi kimi bir şey olmalıdır, bəstəkarlara da desinlər ki, Azərbaycan musiqisinin taleyi sizə tapşırılır və sizdən sorulacaq. Hökumətə bağlı idarə olduğundan sayılacaq və sözü keçərli olacaq.
   
   - Cavanşir müəllim, ötən əsrdə Qara Qarayev, Fikrət Əmirov, sonra isə Arif Məlikov dünya arenasında Azərbaycanı tanıtdı. Amma indi demək olar ki, böyük bir boşluq var, bu nədən irəli gəlir?
   
   - Bunun iki cavabı var. Biri qısa cavabdı, ikincisi kəndçi cavabı. Olanımız budu da. Deyə bilərsiniz ki, onda bacarırdıq, indi bacarmırıq? Mən sizə deyim ki, sonuncu ən böyük əsərimiz 1967-ci ildə Qara Qarayevin yazdığı "Skripka konserti"di. Ondan sonra Azərbaycan mədəniyyətində o çapda, o gücdə əsər olmayıb. Özü də təkcə Azərbaycanda yox, həm də keçmiş SSRİ məkanında. Tahir Salahov da onda olubdu, ondan sonra yoxdu.
   
   - Cavanşir müəllim, sonda bir şey də soruşum, sərhəddin o üzündən baxanda Azərbaycan necə görünür?
   
   - Daha maraqlı, daha cəlbedici.
   
   - Onda niyə qayıtmırsınız?
   
   - Təyyarə limanına düşən kimi öz-özümə deyirəm ki, mən bura niyə gəldim? Kənardan baxanda evin içərisi görünmür axı, divarlar qoymur. Bu mənada deyirəm ki, kənardan baxanda görürsən ki, Azərbaycanda hər şey çox maraqlı və normaldır. ə
   
   
   
   

TƏQVİM / ARXİV