adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 Avqust 2014 10:59
6111
SİYASƏT
A- A+

Ermənistan Naxçıvan görüşündən təşvişə düşüb

"Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin görüşünün, məhz Naxçıvanda keçirilməsi həmin ərazinin qüdrətindən və Muxtar Respublikanın digər ölkələrlə əməkdaşlıq istəyindən irəli gəlir. Şübhəsiz ki, görüş 3 ölkənin bundan sonrakı əməkdaşlığının güclənməsi, eləcə də stabilliyin təmin edilməsi üçün birgə addımların atılması, ən əsası da strateji inkişafın gücləndirilməsinə xidmət edəcək". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə adıçəkilən ölkələrin müdafiə nazirlərinin Naxçıvanda görüşünün əhəmiyyətindən danışarkən deyib. 

O bildirib ki, nazirlərin görüşünün 3 ölkənin hərbi əməkdaşlığının güclənməsi və regionda sakitliyi təmin edən faktın meydana gəlməsində müsbət rolu olacaq: "Azərbaycan, Türkiyə və Gürcüstan artıq uzun müddətdir ki, bir çox sahələr üzrə əməkdaşlıq edir. Bu əməkdaşlıq onların strateji müttəfiqliyinin bir parçasıdır. Bu məsələdə ilk növbədə ölkələrin hərbi quruculuq sahəsində təcrübə mübadiləsinin aparılması, ölkələrin yaxınlaşması mühüm rol oynayır. Şübhəsiz ki, ərazi bütövlüyü Ermənistan tərəfindən pozulduğuna görə Azərbaycan güclü ordu qurmağı vacib hesab edir və digər ölkələrin təcrübəsindən yararlanmaq, eləcə də əməkdaşlıq etmək ölkəmiz üçün önəmlidir".

Ermənistanın bu görüşdən təşvişə düşməsinin əsas səbəbinin həmin ölkənin işğalçı xarakterindən irəli gəldiyini deyən A. Mirzəzadə, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməklə yanaşı, Türkiyə və Gürcüstana qarşı da torpaq iddiası olduğunu əlavə edib: "Ermənilər uzun müddətdir ki, həmin ölkələrlə ciddi problemlər yaşayır. Bu səbəbdən də Ermənistanın digər ölkələrin əməkdaşlığına marağı ola bilməz. Cənubi Qafqaz kiçik bir ərazi olsa da, müxtəlif siyasət yürüdən ölkələrin toplaşdığı regiondur. Bu baxımdan maraqların bir araya gətirilməsi və stabilliyin təmin edilməsi əsas şərtdir. Ermənistanın qonşu dövlətlərə qarşı torpaq iddiası, beynəlxalq hüquq normalarını pozması regionda qeyri-stabillik yaradan əsas şərtdir".