adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

TüTüN iYi

VAHİD ƏLİFOĞLU
22699 | 2007-08-11 03:37
...Başı açıq, ayağı yalın kənd uşaqları idik. Onda qış da uzun, qar da çox idi elə bil... Səhərin ayazı ütdüyü əllərimiz, dəmir tikanlar deşik-deşik etdiyi dabanlarımız nə qədər köntöy, kobud idisə, arzumuz, istəyimiz bir o qədər incə idi. Yalan danışardıq, amma yalandan and içməzdik. Çünki rəngi çoxdan yaddaşlardan silinmiş şalvarlarımızın cibində həmişə çörək olardı... Çingiz Əlioğlu yaxşı deyib:
   
   
   
   ...Kəndçi balasıyıq niyə gizlədək,
   
   Bizim ki, saf olur hər niyyətimiz.
   
   Köhnə daxmaların tirləri kimi,
   
   Bir az köntöy olur xasiyyətimiz...
   
   
   
   ...Anam başıma parçdakı ilıq suyu əndərməmiş bir az da aşağı əyildi, saçlarımı iylədi və atama dedi:
   
   -Əşi, vallah bu uşaq papiros çəkib... Atam dinmədi. Bu sükutun nə demək olduğunu əla anladım. Atamın dərs dediyi uşaqlar deyirdilər ki, Əlif müəllimin yaman ağır əlləri var...
   
   ...Mən həmin gün papirosu Savalan kişidən almışdım. Rəhmətlik qəzet kağızından papirosu elə səliqəli bükərdi ki, fabrikin buraxdığı siqaretdən yaraşıqlı olardı...
   
   ...Kəndimizdəki klubun pəncərələrinə çöldən armaturlar vurulmuşdu. İçəri keçmək heç cür mümkün deyildi...
   
   ...Üç saat armaturdan asıl ki, asılacaqsan... Uşağın qolunda nə boyda güc olar... İlk siqareti orda pəncərənin ağzında çəkdim... "Kəşmird məhəbbət" filminə baxandan sonra...
   
   ...Akif İslamzadənin mahnıları, Nüsrət Kəsəmənlinin şerləri... Tay keçdim siqaretin qutusuna...
   
   ...Akifin səsində, Nüsrətin şerlərində hind filimlərinə oxşar nəsə var... Amma bu nəsənin nəliyini tapa bilmirəm...
   
   ...Tay-tuşlarımla ayda ən azı iki dəfə sözü bir yerə qoyurduq ki, günlərin birində kənddən gizlicə qaçıb gedək Hindistana...
   
   ...Başqalarını bilmirəm, şəxsən mənim Hindistana qaçmaq istəklərimin üstündən Akifin səsiylə Nüsrətin serləri birdəfəlik xətt çəkdilər...
   
   ...Və Akifin səsin eşidəndə, Nüsrətin şerlərini oxuyanda nədənsə könlümə siqaret düşür...
   
   ...Sənə yazdığım məktubları unutmamısan ki? Arasında da qızılgül ləçəyi olardı.
   
   
   
   ...Səni unutsam bir gül ləçəyi kimi açdığım yerdən uzaq düşüm...
   
   ...

TƏQVİM / ARXİV