adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Avqust 2014 15:57
4755
MƏMLƏKƏT
A- A+

Günvurma təhlükəsi - Diqqət

Hava temperaturunun son günlərdə həddindən artıq yüksək olması səbəbindən günvurma müraciəti ilə təcili tibbi yardım stansiyalarına 8 nəfər müraciət edib. Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin Adalet.az saytına verdiyi məlumata görə müraciət edənlərdən üçü xəstəxanaya yerləşdirilib, qalanlarına yerindəcə tibbi yardım göstərilərək evə buraxılıb. Müraciət edənlər orta yaş həddində olan vətəndaşlar olub.

O. Şahmalıyev həmçinin əlavə edib ki, günvurma ilə yanaşı son həftə ərzində istilik nəticəsində yaranmış ürək-damar problemi, təzyiq və qanda şəkərin qalxması ilə əlaqədar 1800 nəfər stansiyaya müraciət edib. Xəstələrə vaxtında müdaxilə edilərək evə buraxılıb.

Bəs günvurmadan, eləcə də yüksək istiliyin yaratdığı digər problemlərdən necə qorunmalı? Həkimlər məsləhət görürlər ki, temperatur dərəcəsi istilik həddindən çox yüksək olduğu müddətdə ümumiyyətlə, saat 11-17 arası açıq havada gəzilməməlidir. Məcburiyyət yarandığı halda heç olmasa gündən qoruyucu papaq və gözlüklərdən istifadə edilməli, tez-tez sərin, şəkərsiz su içilməli, ağır yeməklərdən və spirtli içkilərdən imtina olunmalıdır. Açıq havada, xüsusilə gün altında ağır zəhmət tələb edən işlər görülməməlidir. Mümkün qədərilə açıq rəngli və təbii parçalardan olan (pambıq, kətan və s.) paltarlara üstünlük verilməlidir. Xüsusən azyaşlı uşaqlar, yaşlılar, ürək-damar, tənəffüs yolları problemi olanlar, şəkər xəstələri daha diqqətli olmalıdırlar.

Günvurmanı isə bəzi əlamətlərinə görə təyin etmək mümkündür: zəiflik, müvazinat pozuqluğu, fikrin dumanlanaraq bir yerə cəmlənməməsi, ürəkbulanma, tənəffüs yollarında çətinlik, nəbzin sürətlənməsi və döş qəfəsində ağrılar.

Sadalanan əlamətlər nəzərə çarpdığında gün vurmuş adamı dərhal sərin yerə aparmaq, ayaqları yuxarı halda arxası üstə uzatmaq və bol sərin su içirtmək lazımdır. Təbii ki, peşəkar təcili tibbi yardım mütəxəssislərinin müdaxiləsini də unutmaq olmaz.