adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

ARiFi NƏLƏR AğRIDIR

19108 | 2007-08-11 03:34
Xalq yaradıcılığının mühüm qollarından biri olan aşıq poeziyası, aşıq sənəti el içində həmişə sevilib və xüsusi rəğbətlə qarşılanıb. Bu sənətin Qurbani,Tufarqanlı, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şəmşir kimi görkəmli nümayəndələri hər zaman xalq ruhunun əsl tərcümanı olmuşlar. İbrətamiz fikirlərin, lirik duyğuların sadə, təbii ifadəsi aşıq poeziyasını güclü və həmişəyaşar edən əsas cəhətlərdəndir. Bəzən aşıq ədəbiyyatına, saz melodiyasına kampaniya xarakterli hücumlar, bəzən də əksinə, həddən ziyadə aludəçilik cəhdi onun cəmiyyətdə, xüsusən gənclər arasında əhəmiyyətli yer tutmasına əngəl törədir. Elə aşıqlar da olub ki, vətən torpağına, el-obaya həqiqi aşiqlikləri unudub rəhbər vəzifəliləri, günlük hadisələri vəsf etməklə ad çıxarıblar. Aşıq sənətinin məzmunu və şəkli dəyişən dövrlərdə onun təsiri və əhəmiyyəti də xeyli azalıb. Oxuduqları ürəkdən yox, boğazdan gəldiyi üçün səslənənlər, söylənənlər eşidənlərin qulağını dəlsə də qəlbinə yol tapmayıb. Onların müasir aşıq ədəbiyyatı kimi təqdim olunan yazıları çap edilsə də, səhnədə, efirdə səslənsə də ağlı başında olanlar tərəfindən bəyənilməyib. Aşıqlıq "aşiqləri" bəzi rəsmi təltiflər alsalar da xalqın məhəbbətini qazanmayıblar. Bəs aşıqdan tələb olunan nədir? Aşıq necə olmalıdır? Bu suala fərqli zamanlarda fərqli cavablar verilib. Məncə, ən dəqiq və dəyərli səslənən fikir böyük ustad Aşıq Ələsgərindir. Onun bu gün də çox müasir və aktual səslənən dəyərləndirməsinə görə, öz deyimiylə desək, aşıq gərək:
   
   
   
   Xalqa həqiqətdən mətləb qandıra,
   
   Şeytanı öldürə, nəfsin yandıra,
   
   El içində pak otura, pak dura,
   
   Dalısınca xoş sədalı gərəkdir.
   
   
   
   Aşıq sənətiylə bağlı bəzi fikirlərimi təsadüfən paylaşmadım. Mən bu yazıda otuz illik bir xatirəmi oxucularla bölüşmək istədim.
   
   
   
   VURĞUNUN VURĞUNLARI
   
   YUBİLEYƏ HAZIRLAŞIRDI
   
   
   
   1976-cı ildə qüdrətli şairimiz, böyük vətəndaşımız Səməd Vurğunun anadan olmasının 70 illiyi təntənəylə qeyd olunacaqdı. Bu ərəfədə respublikanın hər yerində müxtəlif tədbirlər keçirilirdi. Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Fəqan Əliyev məni yanına çağırıb yubileylə bağlı komsomolun tədbirlər planının layihəsini bir də nəzərdən keçirdı. Dedi ki, plana baxıram, hər şey var: görüşlər, sərgilər, mühazirələr, əsərlərin müzakirəsi. Amma bütün bunlarla yanaşı, elə bir tədbir keçirməliyik ki, bütün respublikaya səs salsın, xalq tərəfindən rəğbətlə qarşılansın. Sən şair oğlusan.

TƏQVİM / ARXİV