Kağız Siqaretlər - Hekayə
Qadını diqqətlə dinləyirdim, o da bunu hiss edirdi. Bu hissetmənin sevinci üzündəydi. Üzündən oxuyurdum ki, bu qadın içindəkiləri danışmağa kimiysə axtarırmış və məni tapmağından çox məmnun idi.
Çünki ömründən danışdığı parçalar ürəyimi elə ağrıdırdı ki, yaşlar gözlərimdən qadının kədərinə axırdı. Məndən qadına iki duzlu yaş yolu uzanırdı.
-Elə üzünüzə baxan kimi bildim ki, məni dinləyib, nəsə məsləhət verə biləcəksiniz. Çünki mənim indi hər şeydən də çox ağıllı bir insanın məsləhətinə böyük ehtiyacım var- qadın dedi.
İstədim deyəm ki, mən ağıllı deyiləm axı. Ətrafımdakı insanlar məni dəli bilirlər və hətta dəli də deyirlər. Amma susdum, qadının umudlarını qırmaq istəmədim. Əslində heç onun umud adlandırdığına umud da demək olmazdı...Onlar qırılmış, sınıq-salxaq qadın xəyalının tör-töküntüləri idi. Anidən ürəyim sıxıldı və sancdı. Hiss elədim ki, əllərim uyuşur və dodaqlarım buz kəsir. Birtəhər səsimi nizamladım:
-siqaretin olmaz?
-siqaret çəkirsiz?
-yox, amma uşaqlıqda qəzetin qırağından kəsib qardaşlarımla guya siqaret çəkərdik. Sonra anam gördü və çəkdiyimiz kağızlarla barmaqlarımızın ucuna dağ basdı. Böyüyəndən sonra qardaşlarımın hamısı siqaret çəkdilər, amma and içirəm ki, mən bir dəfə də siqaret çəkmədim. Heç qardaşlarım öləndə də çəkə bilmədim. Çəksəydim anam heç nə deməzdi də....susdum.
Qadın duruxdu və tez də özünü ələ aldı:
- Çantamda qəzet var, istəyirsən kibrit tapım yalançı siqaret çəkək...
-Həəəəəə....uşaq kimi sevindim. İndi uşaqlığımın o gözəl günlərinin kağız tüstüsündə bu qadını daha gözəl dinləyə biləcəkdim.
Qadın bir göz qırpımında kibrit tapıb gətirdi və biz bu köhnə parkın rəngi getmiş skamyasının üstündə qəzetin qırağını cırıb, siqaret kimi bükdük.Yalançı siqaretlərimizi yandırıb bəh-bəhlə sümürəndə, ikimiz də birdən öskürdük, öskürdük və gülməyə başladıq. Mən artıq skamyanın üstünə uzanıb uğunurdum, qadın da başımın üstündə dayanıb mənə baxırdı. Deyəsən indi anlamağa başlayırdı ki, dəliyə rast gəlib. Amma bu dəli ona çox doğma gəlirdi deyə, məsləhət üçün başqa adama dərdini danışmaq fikri görmürdüm gözlərində.
-Hələ qəzet böyükdü. Səhərə qədər siqaret çəkə bilərik -qadın güldü.
-Uyyy daaa, dedim, bu ki, əladı. Gəl indi də uzun siqaret bükək. Elə uzun olsun ki, bir ömür çəkək, çəkək qurtarmasın. Amma anam bilsə, yaxşı olmayacaq.
-Anana kim deyəcək ki?
-elə özüm. Bilirsən necə ağzıyırtığam.
-Doğurdan?
-Bəs necə? amma bircə anama deyirəm sirlərimi, daha heç kimə. Heç bacıma da demirəm.
-Bu ki, əladır.
-Onda başla.
-Bayaq başlamışdım daa.
-Hə ərin sənə xəyanət etdi.
-Hə onsuz da onu sevmirdim, məni zorla qaçırtmışdı. Bilirdi ki, sevməyəcəm onu, heyvannan heç nəyi ilə fərqlənmir.
-Bu sözləri onun haqqında o biri saxladığı qadınlar da deyir.
-O qadınlara pul lazımdı, neynirlər bu heyvanı.
-Sənə pul lazım deyil.
-Lazımdı, o evə çoxlu pul verir. Bəs uşaqları necə saxlayaram, heç yerdə də işləmirəm, heç işləyə də bilmərəm.
-Sonra?
-Sonrası odur ki, mənim öz sevdiyim olub. Həm uşaqlıq, həm gənclik sevgim olub. İndi 10 ildən sonra məni tapıb. Xəstədir, xərçəng...mədəsində.
-Mənim kimi...
-ahh siz də?
-Burda nə var ki? İndi hamı xərçəngdi...
-vayyy çox pis oldum.
-işində ol, necədi siqaret? ləzzət edir?
-Hə, əladır, innən sonra çəkəcəm.
-Çox sağ ol, sən olmasaydın, mənim də yadıma düşməzdi.
-Həə, xərçəngə görə təəssüf edirəm...amma sizdən bir məsləhət almaq istəyirəm.
-Buyur.
-Bizim heyvan pulunun sayını bilmir, o evə gəlib yatanda mən onun cibindən pul oğurlayıb, xərçəng sevgilimin müalicəsinə xərcləyirəm. Demək istəyirəm ki, sizcə bu günahdı?
-Nə günah, əşşi əcəb edirsən- dedim. Amma utandım deyəm ki, əgər o heyvanın pulu çoxdursa, mənə də oğurla ver. Axırıncı ximya terapiyaya gedə bilməmişəm pulsuzluqdan. Di gəl, deyə bilmədim, qürurum yol vermədi...
-Mən dəli də elə bilirdim günah edirəm.
-Günah-zad etmirsən, əcəb edirsən. Onsuz da o heyvan pulları küçə qadınlarına xərcləyir, amma sən xeyir iş üçün edirsən.
-Həəə, düz deyirsən-qadın sevindi.
-Əgər o heyvanın cibindən artıq pul oğurlasaya bilsən, bir nəfər də mən tanıyıram, ona da kömək edək.
-Sevgilindi?
-nəəə…??? yox əşşi, mənimanadangəlmə sevgilim-zadım olmayıb.
Qadın məni acı-acı süzdü:
-Heç sevməmisən?
-Yoxxxx…sevmək də istəmirəm, amma məni sevirlər. Hiiii
Gülüşüm qadını kövrəltmişdi. Bilirdi ki, yalandan gülürəm.
- Əgər artıq oğurlasam, dediyin adama da kömək edəcəm.
-Əgər oğurlasan? yaxşı..
-mütləq, mütləq...qadın gülümsədi və diqqətlə gözlərimə baxdı.
-çox ağrıdır?
-nə?
-xərçəngi deyirəm də.
-Yoxxxx əşşi, dostlaşmışıq, gizli-gizli yeyir içimi, ağrıtmağa utanır.
-Amma sevgilimin çığırtısı yerə-göyə düşür. Həkim deyir bir aydan çox yaşamayacaq. Üzür istəyirəm, siz Allah bağışlayın, sizə neçə vaxt qoyublar? Yəni nə vaxt bitəcək?
-Hmmm, ömürlük...
-necə yəni?
-Nə qədər yaşasam, o qədər də. Bu, bir ay da olar, iki ay da olar. Yəni mənim ömrüm nə qədərdisə. Hiiiiiii
Qadın dediyimi anladı və yazıq nəzərlərlə mənə baxdı:
-Deyirsiniz, günah etmirəm də.
-Əlbəttə, etmirsiniz. Bir də maraqlıdır, nə əcəb məsləhəti məndən aldınız, başqa adam tapmadınız deməyə?
-Yox, bu parkı süpürən nənə dedi mənə. Dedi ki, din adamısınız, fikirləşdim ki, günahı-savabı siz yaxşı bilərsiniz.
-Demək belə, süpügəçi nənə...Həəə bütün süpürgəçilər və tumsatanlar mənim dostlarımdı...hiii hiiii hiii
Siqaretlərimiz şərqarışanda sönmək üzrə idi. Elə bil hər yerdən his qoxusu gəlirdi. Lap kövrəldim, gözlərimin dolduğunu qadından gizlətmək üçün başımı aşağı dikdim. İki damla göz yaşı nimdaş mantomun üstündə dığırlanıb yerə düşdü. Bu qoxunun həyatımın ən gözəl qoxusu olduğunu anladım və qardaşlarımdan ötrü burnumun ucu göynədi. Ahhh..
Qadın qəzetin qalan parçasını büküb ovcuma qoydu:
-Daha mən gedim, arada gələrik siqaret çəkməyə.
-Hə çəkərik, get ...sevgilin indi səni gözləyir.
Və çoxdanın dostları kimi qucaqlaşıb ayrıldıq. Qadın getdi. Əlimdəki qəzetdən yenə bir parça siqaret bükdüm, amma kibrit yox idi, qadın kibriti də aparmışdı.