adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

"XORUZ"UN QUYRUğU VƏ YAXUD DA HƏMSƏDRLƏRDƏN VAXTSIZ BAN

ƏBÜLFƏT MƏDƏTOĞLU
31568 | 2007-08-10 03:22
Hər dəfə bu həmsədr sözü dilimə gələndə özümü çox narahat hiss edirəm. Açığı başa düşə bilmirəm ki, bir işin, bir idarənin, bir vəzifənin, lap elə bir arvadın bir sahibi olar da, day yoxsa hardansa bir "həm" çıxarıblar döndəriblər kolxoza. Köhnə filmlərimiz yadınızdadır da, o kolxozlaşma ilə bağlı filmlərdə deyirlər ey, "atını da ver, papağını da ver, torpağını da ver, axırda deyəcəklər ki, üstəlik arvadını da ver", kolxoz eləyirik. Yəni Şura hökuməti belə istəyir. İndi Allah o ssenari müəllifinə rəhmət eləsin, bu "həm" hardan çıxıbdırsa, olub bir paz...
   
   Xatırlayırsınızsa bu həmsədrlərdən biri saqqalıdı, çənəsinin altında topa saqqalı var. Daha dəqiq desəm, o həmsədrlərin nümayəndəsinin də bir kom saqqalı var. Qarabağda gündə bir tonqal qalanır, gündə bir kənd külə çevrilir, saqqalı imkan vermir ki, görsün. Adı da Kasprşikdi, nədi bilmirəm. Heç bilsəm də o qədər ehtiyacım yoxdur, çünki onun da başı öz əlində deyil. O da üç "həm"sədrə hesabat verir. İndi fikirləşin də, üç həmsədr, üç ölkə, bir Kasprşik. Toplayanda bölmək olar, amma tək-tək mümkün deyil. görünür elə bu çətinlik də ona reallığı ifadə etmədə çətinlik yaradır. Nə isə, keçək "həm" məsələsinə.
   
   "Həm"sədrlərdən biri, yəni adı həmişə müəyyən bir xatırlatmaya səbəb olan amerikalı o gülərüz oğlan rus qəzetlərinin birinə irişə-irişə deyib ki, bəs Dağlıq Qarabağdakı ermənilər Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənovun öz dədə-baba torpağına getməsinə etiraz edirlər. Pah atonnan, adam nə qədər həyasız olmalıdır ki, bu sözü dilinə gətirsin. Tutaq ki, ermənilər belə bir qələt eləyib, bəs bu "həm"ə nə düşüb ki, fikirləşib-eləmədən onların dediklərini mətbuata çıxarıb. Axı, o boyda dövlətin, o yekəlikdə Buşun irişən nümayəndəsi niyə yadına salmayıb ki, elə onun təmsil etdiyi ölkənin özünün də bütün rəsmi və hətta qeyri-rəsmi sənədlərində də Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu, deməli, bu torpağın həm də Nizami Bəhmənovun vətəni olduğu təsdiqlənibdir. Bir az da çılpaq ifadə etsəm, bilmirəm bu amerikalı həmsədr həmin an ağlını hara vermişdi, heç olmasa, əlindəkinə diqqət yetirəydi. Onda görərdi ki, BMT, ATƏT, AŞ PA və digər beynəlxalq təşkilatlar ona daşdan keçən bir sənəd veriblər, həmin sənəddə də Azərbaycanın ərazi bütövlüyü öz əksini tapıb. Boş-boş danışmaqdansa ermənilərin cavabını verə bilməyən amerikalı həmsədr Metyu Brayza gərək (əgər varsa) kişiliyinə söykənib, heç olmasa, ya həqiqəti deyəydi, ya da susaydı. Biz də baxıb görərdik ki, bakılılar demiş, bunun qiryəti hara kimidi.
   
   İstəyir ermənilər razı olsun, istəyir yox, özləri bilərlər.Can onların, cəhənnəm Tanrının. Onsuz da Nizami Bəhmənov, eləcə də işğal olunmuş ərazilərimizin bütün sakinləri və cəmi xalqımız gec-tez o yerlərə qayıdacaq. Mənim üçün son dərəcə xoşagələn o oldu ki, mətbuata açıqlama verən Qarabağ icmasının rəhbəri Nizami müəllim deyib: " Mən Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebiyə də, ATƏT-in Minsk qrupunun həmsədrlərinə də bildirmişəm ki, Şuşaya yol Ağdamdandır. Bu, Ağdam-Xocalı-Şuşa yoludur. Əgər mənim rəhbərliyimlə Azərbaycan icmasının nümayəndələri Qarabağa getsə, biz bu yolla gedəcəyik".
   
   Bəli, vaxtilə "Ədalət" qəzetində Şuşaya gedən yolun xəritəsi çəkilmişdi. Nizami müəllim də Bakıdan Şuşaya gedən əsas yolu bir daha dilə gətirib və xatırladıb ki, Şuşaya getmək istəyən hər bir kəs, istəyir beynəlxalq təşkilatın nümayəndəsi olsun, istəyir hansısa səlahiyyətli, nüfuzlu dövlətlərin sözçüsü, fərqi yoxdur, hər kəs bilməlidir ki, Şuşanın yolu Bakıdan Ağdama, oradan isə Xocalıdan keçməklə uzanır. Bunu unudanlar Azərbaycanın həqiqətlərini, haqlarını da unudurlar.
   
   Yazının əvvəlində xatırlatdım ki, bu "həm" sözünün hardan çıxdığını hələ də bilmirəm və təəssüf edirəm ki, elə içi mən qarışıq hər hansı bir soydaşımız Dağlıq Qarabağ problemi ilə bağlı nə yazır-yazsın, orada mütləq bu "həm" sözündən istifadə etməyə məcbur qalır. "İki yana baxan çaş qalar" deyiblər, biz isə üç yana baxırıq. Nə günə qaldığımız da göz önündədir. Bəlkə bu "həm"lərdən imtina edək? Ya gücümüzü toplayıb özümüzdən yapışaq, ya da zəifliyimizi etiraf edib həmin o "həm"lərin ən yekəsinin ətəyindən. Yoxsa, bu "həm"lər bizi doğrudan da yaman günə qoyacaqlar.
   
   

TƏQVİM / ARXİV