adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Ayrılığın vaxtı...

XURAMAN HÜSEYNZADƏ
24509 | 2014-08-16 04:00
Ayrılanlar üçün təsəlli boş danışıqdan başqa bir şey deyil. Heç qulaq asmaq halında olmurlar. Kim bu dəhşətli mərhələni yola verməyi bacarırsa, həqiqətən, qəhrəmandı.
İstər torpağın altına getsin, istər başqa birinin qoynuna, istər dünyanın başqa guşəsinə. Mahiyyət dəyişmir-itki, elə itkidir...
Kamyunun "Taun" romanında yayılmış xəstəliklə əlaqədar insanlar Oran şəhərində sürgün həyatı yaşamalı olur. Epidemiyanın yayılmaması üçün şəhər darvazaları bağlanır. Bura gəlmiş jurnalist Ramber kimi qonaqlar Oranda sanki əsir düşür. Şəhərdən harasa getmiş adamlar isə getdikləri yerdə sürgün həyatı yaşayır.
Zamanın nəbzini tutan fəndgirlər də olur. Məsələn, yaranmış böhranla əlaqədar köklərdə qəzetlər azaldığı halda "Epidemiya xəbərləri" adlı bir qəzet dövriyyəyə buraxılır.
Xəstəliyin nə zaman bitəcəyini bilmədikləri üçün əhali ayrılığın vaxtını unutmağa başlayır. Və tədricən hər kəs xəyalında bir işlə məşğul olur: kimi dəmiryolunu bərpa edir, kimi qapı zənglərinin səsini gözləyir. Epizodik obrazlar belə sublimasiya nəticəsində özü üçün həyat tərzi seçir.
Yayılmış epidemiya insanların Zamanla davranışını qabardır... Oran şəhərində Zaman da epidemiyaya yoluxur sanki. İnsanlarla bərabər ölür... "Taun" indi Afrikada yayılmış ebola virusunu xatırladır. Düşünürsən ki, indi orda da adamlar vaxtı, vaxt adamları öldürür. Orda da insanlar ümidsizlik içində çıxış yolu axtarır...

***
Hər saniyəsi ömürdən gedən Zaman insanları özünə tabe edir. Onlar yaranmış vəziyyətə alışır. Buna ayrılıqla barışmaq da demək olar. Bu barışığın sonunda bir ümid işığı görünür.
Taru xatirə dəftərində yazır ki, astma xəstəsi olan qocanın saatdan zəhləsi gedir. O, bunu saatın həm baha, həm də əhəmiyyətsiz əşya olması ilə əlaqələndirir... Qoca, vaxtı və ələlxüsus özünün yemək vaxtını küpələrdə saxladığı noxudlarla hesablayır. Yuxudan oyananda küpənin biri noxudla dolu olur. Sonra noxudları bir-bir dəqiq hərəkətlə başqa küpəyə atır və vaxtı hesablayır. Küpə on beş dəfə dolanda yeməyinin vaxtı çatırmış. Qoca vaxtı hesablamağın çox asan olduğunu deyir...
Eksterimal şəraitdə vaxtı hesablamaq həm də baş qatmaq üçün bir vasitəsəyə, bəlkə də bəhanəyə çevrilir. Bu şərtlə ki, sonunda ümid görünə...
İstənilən ayrılıq mərhələsi elə eksterimal şəraitdi. Yaşamaq istəyirsənsə, necə deyərlər, bu sən, bu da çıxış yolu!..

Xuraman Hüseynzadə

TƏQVİM / ARXİV