GüNVURMA

ƏBÜLFƏT MƏDƏTOĞLU
32356 | 2007-08-08 00:01
Havaların isti keçməsi istər-istəməz hər kəsdə olduğu kimi məndə də təkcə yorğunluq, süstlük, halsızlıq deyil, həm də bir dilxorçuluq, əsəb də yaradır. Nəyi necə edəcəyimi, hansı işi hardan başlayıb harda qurtaracağımı az qala çaş-baş salmışam. Səhərin gözü açılmamış, günəş yerindən boy göstərməmiş evdən çıxıb tələsirəm işə. Cəhd edirəm ki, birtəhər özümü nəşriyyata, Sovet dönəmindən qalmış və "ÇTZ" traktoru kimi hay-küylə işləyən köhnə "BK-1500" kondisionerinə çatdırım. Allah onu icad eləyənin atasına və cəmi dünyadan gedənlərinə rəhmət eləsin.
   
   Deməli belə. Havalar isti keçdikcə işin ritmi də pozulur. Adamlar elə hesab elə ki, sudan çıxmış balıq kimi tövşəyə-tövşəyə özlərini güclə çatdırırlar iş yerlərinə. Az qalırsan deyəsən ki, Allah kəssin belə işi də, gücü də, tay nəfəsim kəsildi. Amma demirsən. Birinci ona görə demirsən ki, onsuz da Allah kəsdiyini kəsib, ta artıq nə kəsəcəkdi. Yeri-yurdu, gor-gorgahı əlimizdən alıb, bulaqlarımız, meşələrimiz qalıb gavur ümidinə, daha doğrusu, gavur əlində. İndi o bulaqların başında, o ağacların kölgəsində şellənirlər özləri üçün. Biz də bu qora bişirən ayda Bakının adamboğan havasından başdan-ayağa bitib-tükənməyən problemlərinin içində balıq su axtaran kimi tövşəyirik. Doğrudur, adamın cibində beş-üç manatı olanda (rəqəm şərtidir) elə Bakıda da babat istirahət eləyə bilir. Maşallah, göz dəyməsin, o qədər istirahət etməli guşələr, bağlar, nə bilim çimərliklər, sanatoriyalar, daha nələr, nələr var. Yəni bütün məsələ o beş-üç manatın ətrafında fırlanır. Yük onun üzərinə düşür. Qayıdaq indi ikinci məsələyə.
   
   Bu günlərdə qəzetlərdə rast gəldim ki, təkcə Bakıda 14 nəfəri gün vurub. Siftə məni bir gülmək tutdu, doğrudan doğruya güldüm.

TƏQVİM / ARXİV