adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Avtobus uçurdan canilər

SAMİRƏ ƏŞRƏF
34403 | 2014-08-16 03:15
Hal-hazırda təhlükəli ovqatdayam. Məni bir balaca əsəbiləşdirən hər şeyə ciddi reaksiyalar verə bilərəm. Bunda isə yarı-yarı isti və küləkli havaların rolu var. Bir də təbii ki, adamların...
İndi ağlıma gələn ən parlaq fikir bundan ibarətdir. Bir balaca imkanım olsaydı, bu şəhərdən baş götürüb gedərdim. Düzdü hara gedirəmsə, gedim uzağı bir aya bu boz şəhər üçün darıxacağımı yəqin bilirəm. Amma əsas məsələ odur ki, gedəsən. Darıxanda yenə birtəhər qayıtmaq olar. Ən çətini getməkdi...
Bakının küləyi də istisi kimi zəhlətökəndi. Durub indi gileylənməyin yeri yoxdu. Heç bir şairdən, yazıçıdan da sitat gətirmək istəmirəm. Çünki, son bir ayda düz-əməlli kitab da oxumuram.
Amma vallah istini, soyuğu, küləyi, yağışı birtəhər yola vermək olar. Dərd bu insanların dərdidi. Bunlarla nə edək?!
Məsələn, allah eləməmiş yolunu azıb avtobusa minirsənsə, əmin ol ki, normal insan ağlı avtobus sürücülərinin tərbiyəsiz hərəkətlərinə tab gətirə bilmir. Siqaret tütüsü, bayağı və şit musiqilər, təhlükəli sürət həddi adamı özündən çıxardır.
Əgər mənim əlimdə hər hansısa səlahiyyət olsaydı, mən avtobuslardakı musiqi aparatlarını yerli-dibli ləğv edərdim. Ay başınıza dönüm, dünənin doqquz illik məktəbini güclə bitirən bir yelbeyin yeniyetmə oturur nəhəng sükanın arxasına, ağlına gələn, özünün gülməşəkər zövqünə uyğun təranələri də qoşur. Di gəl yarım saatlıq, qırx beş dəqiqəlik yolu hansısa zövqsüzün nazı ilə oyna. Vallah, billah olmur. Həmin dəqiqə az qalırsan ki, yumruğu sürücünün ağzının üstünə möhürləyib onu pəncərədən bayıra tullayasan.
Müsəlmanın o günü olmasın. O günləri evə gələndə yenə allahsız bir sürücünün avtobusunda gəlməli oldum. Daha doğrusu evə gəlməyin özü müşkül məsələyə çevrildi. Yarım saat dayanacaqda avtobusu gözlədikdən sonra, yöndəmsiz avtobus yırğalana-yırğalana gəlib çıxdı. Əlliyə yaxın adam qarışdı bir-birinə. Avtobusa birinci minib yer tutmaq üçün qışqıranların, döyüşənlərin, söyüşənlərin səsi aləmi götürü.
Avtobus gəlib camaatın qənşərində dayandı. Amma qapılarını xalqın üzünə açmadı. Nöşün ki, dayanacağa vaxtından beş dəqiqə əvvəl gəlib çatmışdı. Gərək həmin beş dəqiqə tamam olaydı ki, qapılar açılaydı. Bayaqda qırx dərəcə istinin altında təntiyən camaat dəliyə döndü. Amma sağ olmuş sürücü də bunlardan dəli çıxdı. Açdı avtobusun pəncərəsini ağzına gələni tökdü xalqın üstünə. Xalq da o dəqiqə səsini kəsdi. Bayaqdan şirə, pələngə dönüb qadınları, uşaqları parçalayanlar bir andaca mat oldular. Vaxt tamam oldu, sürücü qapıları açdı. Camaat bir-birinə nifrət edə-edə oturacaqlara çökdü. Ayaq üstə qalanların gözündə əyləşənlər dünyanın ən xöşbəxt adamları idilər.
Sürücü sükan arxasına keçib bir siqaret yandırdı. Və avtobusu sürməyə yox, uçurtmağa başladı. Sürət o qədər güclü idi ki, camaat qaytarmaq üçün yer axtarırdı. Sonra benzindoldurma məntəqəsinə girdi. Altmış litrə yaxın benzin götürüb, özünə məntəqənin marketindən su və siqaret də aldı. Adama deyən gərək ki, ay qardaş, İrana gedirsən, Turana gedirsən? İçi dolu adamla yanacaqdoldurma məntəqəsinə girməyin bəs deyil, hələ bir beş dəqiqə də orda camaatın canını alırsan, əsəbləri ilə oynayırsan.
Camaat demişkən, bizim camaat da son vaxtlar yaman abırlarına qısılan olublar. Əgər avtobus sürücüsü aparıb onların başını düzün ortasında bıçağın altına da qoysa da bu xalqdan səs çıxmayacaq. Ay başınıza dönüm, heç olmasa öz həyatınızın təhlükəsizliyi üçün hərdən ağzınızı açın ki, bilək canlısınız, yaşayırsınız. Avtobus uçurdan qaqaşlara, qardaşlara, əmilərə, dayılara etirazını bildirin. Onlarla bacarmırsınızsa, onların mənsub olduğu şirkətlərə, nəqliyyat departamentinə zəng vurun. Öz həyatınızın təhlükəsizliyi üçün. Əgər bu gün hardasa içi sərnişin dolu avtobus aşıb parça-parça olursa, bilin ki, sabah da sizin istifadə etdiyiniz avtobusun da aqibəti elə ola bilər. İmkan verməyin ki, bu avtobus uçurdan canilər sabah sizi cəhənnəmə aparıb çıxartsınlar. Ya da cənnətə.

Samirə Əşrəf

TƏQVİM / ARXİV