adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

QIZ YÜKÜ - DUZ YÜKÜ

ƏBÜLFƏT MƏDƏTOĞLU
272621 | 2014-08-16 03:04
Başlığa diqqət yetirən oxucu dərhal ağlına müxtəlif variantlar gətirəcək. Hər kəs mövzunu özü bildiyi istiqamətlərə yozacaq. Ola bilsin ki, bu başlığa görə, yazının üstündən vərəqi qatlayıb keçənlər də olacaq. Düşünəcəklər ki, yəqin yenə hansısa atalar sözünə, kəlama, çoxbilmişlik edib açıqlama verirəm, şərh yazıram. Mən son vaxtların məşhur reklam mətnlərindən birində deyildiyi kimi, "sizi yaxşı başa düşürəm" və bir də başa düşməməyə heç əsasım da yoxdu. Çünki demokratik cəmiyyətin qanunları hər şeyi açıb töküb otraya. Belə olan halda dağa-daşa düşmək, kol-kos doğramaq, nəyisə sətiraltı demək heç nəyi dəyişmir. Onsuz da bilən bilir, anlayan anlayır, bilməyən də biləndən imkan tapıb soruşub öyrənir...
Hə, çox uzaqdan başlayacam. O qədər uzaqdan ki, o uzaqlığın yaşı ötən əsrin 70-ci illərinə gedib çıxır, məhz həmin illərdə orta məktəbin 8-ci sinfində oxuyanda bəlkədə də həyatımda ilk dəfə valideynin, ata-anamın, özümdən böyüklərin nələr çəkdiyini, hansı yükə çiyin verdiklərini anladım. Bu da səbəbsiz olmadı. Oxuduğum kitablar, xüsusilə "Anamın kitabı" məndə əməlli-başlı bir daxili çaxnaşma yaratmışdı. Sonra da bunun ardınca böyük Məmməd Arazın "Atamın kitabı"nı oxudum. Bir-birinə qarışan fikirlər, ürəyimdən keçirdiyim arzular və nəhayət, gözümün qarşısındakı əli qabarlı atam, anam həmin o anamın və atamın kitablarından oxuduqlarımı sanki təkrar-təkrar vərəqlətdi mənə. Səhərin şaxtasında, gecənin sərt ayazında çöldən, təsərrüfatdan qayıdan, amma yoruldum demədən mətbəxə qaçıb uşaqları üçün nə isə hazırlayan anamın və səbrlə onun açacağı süfrəni gözləyən atamın hər bir halı, hər bir hərəkəti yaddaşıma mismarlanırdı. İşdən gəlib dincəlməli olan bu adamların körpələri üçün necə təşnə olmaları həqiqətən son dərəcə maraqlı bir səhnə, son dərəcə kövrək bir mənzərə və son dərəcə də düşündürücü bir gerçəklik idi. İnsan övladı üçün oddan-alovdan keçər, deyənlərin yanılmadığına mən onda bir daha əmin oldum və öz-özümə daxili bir qərara imza atdım. Heç kimə bəlli olmayan, təkcə Allahın bildiyi bir qərarı içimdə pıçıldadım:
- Sizə oğul olacam! Sizin əzab-əziyyətlərinizin azacıq da olsa azalması üçün, unudulması üçün hər şey edəcəm!..
Həmin o uzaq illərdə yazdığım və ilk kitabımın ilk şeiri olan bu misraları da atama ünvanlamışdım:
Heç kimdən, heç kəsdən umacağım yox
Gözü toxluğumla öyünmüşəm mən!
Anam qollarını yüyrük eyləyib -
Atamın çiynində böyümüşəm mən!

... İllər ötüb... Mən də yaşlaşmışam... Ata da olmuşam, baba da. Amma atama, anama verdiyim vədi gerçəkləşdirə bilməmişəm. Özülsüz gecəqonduda üzbəüz oturanda onların cadarlı əllərinə, qırışlı alınlarına və bir də həyat eşqi güclə sezilən gözlərinin içinə baxa bilmirəm. Hər dəfə əl ağacına söykənib nəvə köməyi ilə oturduğu yerdən qalxan, əyilmiş qamətini güclə dik saxlamağa çalışan atamın, anamın hər addım atdıqca necə ufuldadığını eşidirəm. O ufultu sanki səssiz bir güllədir dalbadal açılır və hamısı da ürəyimə dəyir. Həmin o uzaq illərin ağır əməyi, yuxusuz gecələri, qaçqınlığın iztirabları, qurduğu evin gözü qarşısında yanmasına dözməyi onların bütün gücünü, bütün sağlamlıqlarını əllərindən alıb. Amma onlar giley etmirlər. Onlar bir dəfə də olsun "səni böyütdük! Sənə çörək verdik! Sən düşmən çəpərisən, əl ağacısan! Əlimizdən tut! Bizə bir gün ağla, şərait yarat!" dediklərini eşitmədim. Taleləri ilə barışmış bu adamlar bəlkə də mənim nələr düşündüyümü, nələr çəkdiyimi məndən yaxşı bilirlər. Elə ona görə də susurlar, heç nə demirlər, heç nə...

Mən indi
nə qədər
tənha olduğumu
və əslində
elə
tənhalıq üçün
doğulduğumu
sənin gözlərindən oxudum...
sonra da
sən
heç nə demədən
gözlərini qoyub getdin...
mən isə
oxuduğum gerçəyin
yeddinci qatında
yəni
sənin tərk edilmiş
həyatında
bir cəsəd kim
qaldım...

***
Bir fikrə yenə qayıdıram. Həmişə övladın nəslin davamçısı olmaqla yanaşı, həm də onu yaşadan, qoruyan bir varlıq kimi də təbliğ və təqdir ediblər. Hətta sonsuz olanlar soyunun kəsildiyini, izinin itəcəyini pıçıldayanlar da olub. Biz bu həyat gerçəyini yaşamışıq və yaşayırıq. Bax, bu mənada övladın valideynlər üçün güvənc yerinə, qocalıqda onların hətta əl ağacına çevrilməsinə daxilən bir inamı, istəyi, tələbatı olubdu. Valideynlər övladlarının pərvazlanması ilə yanaşı, onların kölgəsini də öz üzərlərində hiss etəmyi arzulayıblar. Təəssüf ki, bu bütün valideynlərə nəsib olmayıb. Bizim günümüzün ən ağrılı bir məqamı da məhz mənim yaşıdlarımın bu məsələdə çox şansısız, uğursuz olmalarıdı.
Düşünməyin ki, bəraət donuna bürünmək istəyirəm, özümə və yaşıdlarıma haqq qazandırmağa çalışıram. Xeyr, bu belə deyil. Mən sadəcə, gerçək olanı bilgisayara diktə edirəm və dediklərimi dayanmadan yazan xanım da hələ ki, bir şübhə, bir inamsızlıq büruzə verməyibdi. Deməl, nə qədər acı olsa da, mən və yaşıdlarım zamanımıza görə bir uğursuzluq sindromuna tuş gəlmişik. Böyük arzularla ali təhsil alıb həyata yenicə atıldığımız, arzularımızın gerçəkləşəcəyinə inandığımız bir məqamda dəhşətli faciələrlə qarşılaşdıq. Yurd-yuvamızı, sağlamlığımızı, işimizi, ümidlərimizi itirdik. Ən çox da söykənib dayandığımız, özünün, yəni içində böyüdüyümüz evin yoxluğu bizi sudan çıxarıb kənara atılmış balığın durumuna saldı. Çapaladıqca nəfəs almaq əvəzinə kədər daddıq, göz yaşı içdik və bir də baxıb gördük ki, bütün həyatımız az qala yardım növbəsində, müvəqqəti sığındığımız sığınacaqlarda və bir də özümüzə təsəlli saydığımız xatirələrin içərisində şam kimi əriyir. O əridikcə ürəyimiz yanır... cızdığımız təpəmizdən çıxır... tüstümüz özümüzü kor qoyur... əlimiz öz dizimizdən başqa bir yana çatmır...
Bu kədər notlarının sonunda yadıma bir şey də düşür. Onu da lap çoxdan eşitmişəm. Dəyərli bir müdrik kəlamdır. Atalar deyib ki, "qız yükü duz yüküdü". Eşitdiyim, bildiyim bu gerçəyi mən də qəbul edirəm. Amma başqa bir gerçəyi də bilmək təkcə istəyim deyil, həm də haqqımdı. Bəs oğul yükü?.. Yox, yanıldım. Bəs oğulun yükü nədir görəsən? Axı biz də bir oğul olaraq ata-ana qarşısında nə isə çəkməliyik. O nəysənin adını bilən var? Ümumiyyətlə, indi oğul kimi nəyisə çəkmək mümkündürmü?
Suallar calanır bir-birinə və mən görürəm ki, calanan sualların sonu yenə suallara gedib çıxır. Özü də təzə və təkrarsız suallara.

Yenə
bu səhər
yuxusuz
və birtəhər
əhvalla
açıram
iş otağımın
qapısını...
diqqətimi çəkir
bağlı qaldığı müddətdə
qapı, pəncərə
bir az
payız hopubdu -
güllərə, dibçəklərə...
bir də
meydan verilib
hörümçəklərə -
at çapıblar...
görəsən
bu şəhər
hətta elə
müdriyyət,
yəni rəhbər
bilirmi ki,
iş otağım
dibçəklərə və mənə
ümid yeridi hələ!..

***
Belə bir fikir də var, bilmirəm kim deyib, amma eşitmişəm. Deyirlər ki, "dünyanın quyruğu uzundu", "buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmır". Mən eşitdiyim və yaddaşıma ilişib qalmış bu fikirləri də son vaxtlar tez-tez çözməyə çalışıram. Amma nə qədər çözsəm də, deyilənlərlə razılaşa bilmirəm. Çünki indi qoç döyüşünə qoç çıxarmırlar. İndi elə bir zaman gəlib çatıb ki, teleekrandan dəfələrlə gizli-aşkar nikahdan keçmiş kimsə əxlaq dərsi keçir... Səngərin yolunu tanımayan müharibədən danışır... Yetimin son tikəsini əlindən alan İmam Əlinin "sağ əlin verdiyini sol əl bilməməlidir" fikrini bəyan edir və bir də arvadının və yaxud da ərinin yanında iynə ucu boyda hörməti, nüfuzu, şəxsiyyəti olmayanlar böyük nüfuzdan, böyük şəxsiyyətdən, təmənnasız hörmətdən danışır... və biz də bütün bunları dinləyə-dinləyə kimliyini bildiklərimizin bizlərə ağıl dərsi keçməsinə çox laqeydliklə münasibət bildiririk. Yəni sadəcə, telekanalın pultundakı başqa bir düyməni basırıq. Amma nə faydası?..
Onsuz da dəyirman bildiyini edir, yəni üyüdür. Biz də bacardığımız kimi, layiq olduğumuz səviyyədə üyünürük. Kəpəyimiz, yarmamız hərəsi öz torbasına yığılır, öz alıcısını, öz müştərisini gözləyir. Deməli, çaxçaxın baş ağrıtmağı beləcə sona çatır. Bax, yalnız bu məqamda dünyanın quyruğunun uzun olduğuna bir azacıq inanıram. Axı məndən əvvəlkilər də bu dəyirmanın dəni olub. Mən də bu dəyirmandayam, məndən sonra gələnlər də bu dəyirmandan keçəcək. Deməli...
Hə, səhər evdən işə tələsəndə bütün gecəni qurduğum xəyalları, cızdığım planları özümlə birlikdə işə götürüb gətirirəm. İş başlayana qədər də həmin o xəyalların, planların üzərində baş sındırıram. Elə istəyirəm ki, normal, qayğısız, duzu, çörəyi, suyu və kölgəliyi olan balaca bir bağım, bağçam olsun, komam olsun. Valideynlərim də həmin o bağda, o bağçada ağacların, güllərin arası ilə gəzsin. Yorulanda nəvəsini səsləsin... yüyürüb əllərindən tutsunlar, çayını, suyunu versinlər... onlar üçün samovara od salsınlar... onlar üçün süfrə açsınlar... onlar da nağıl danışsın, özü də gerçək nağıllar... Və nəvələr də bu gerçək nağıllara əllə toxuna bilsinlər. Görsünlər ki, divin canı şüşənin içərisindəki göyərçində deyil... görsünlər ki, atalarının canı onlarla bir yerdədi, nənə-babayla çiyin-çiyinədi... eyni havanı udur, eyni yükü daşıyır... Bu evin divarları arasında bir rahatlıq var, bir qayğısızlıq var və bir də bir mehribançılıq. Özü də dupduru, bulaq suyundan da şəffaf halal bir mehribançılıq...
Mən hər gün fikirləşdiyim, hər gün yaşadığım və özümlə hər yerə daşıdığım bu yükün altında sınmıram. Əksinə, hər gün torpağa da daha çox batıram. Artıq az qala dizlərimə qədər torpaqdayam. Necə deyərlər, bütün gücümlə dirəşib bu torpağı alın təri ilə, əl qabarı ilə göyərdən valideynlərimin bu qocalıq, ahıllıq dövrünü göyərtmək istəiyrəm. Onlara bir dinclik, rahatlıq bəxş etməyə çalışıram. Lap çılpaq desəm, oğul yükünün heç olmasa mində birini ortaya qoymaq istəyirəm. Baxsınlar, görsünlər, sevinsinlər, qürur duysunlar. Amma...
Göz-gözə gələndə anam qayğılı-qayğılı deyir:
- Ay bala, çox fikirləşmə, elnən gələn bəladı. Allaha şükür, başımızı təpməyə bir yer var...
Baxışlarımız toqquşanda atam həmin o köhnə səsi ilə söyləyir:
- Tək bizim kəndimiz, evimz talanmayıb ki... Bu dərdi çəkən tək biz deyilik ki, özünə fikir ver, hər gün qocalırsan. Nə yaşın var ki... Bir də fikir çəkməklə heç nəyi dəyişə bilməzsən. Ona görə olana şükür edib balalarını düşün, pisdən-yaxşıdan onlara bir gün ağla...
Hə, mən bu yazını ürəyimi boşaltmaq üçün, azacıq rahatalanmaq üçün yazmadım. Yazdım ki, çəkdiyim oğul xəcalətinin yükünün nə qədər ağır olduğunu yazılı şəkildə də görüm. Çünki yazılan həmişə üzə çırpılır, ortaya qoyulur...

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV