QƏZƏL YAŞAYIR

VAQİF YUSİFLİ
61955 | 2014-08-16 00:38
Azərbaycan qəzəli XXI əsrdə bir sıra yeni, maraqlı və orijinal xüsusiyyətlərlə, təzə, təravətli çalarlarla, bu poetik janrın perspektivini aşkara çıxaran cizgilərlə diqqəti cəlb edir. Bu cəhəti ilk növbədə, qəzəlin dilinin sadələşməsində, oxucuya tez çatsın deyə mümkün qədər asan tələffüz edilməsində üzə çıxdığını görürük. Əslində, qəzəlin məzmununda da, formasında da heç bir dəyişiklik, "modern" çevriliş görmürük. Qəzəl yenə eşqi, məhəbbəti tərənnüm edir, dünyəvi hissləri qələmə alır, həyatın, gerçəkliyin fəlsəfi mahiyyətinə enməyə can atır, gözəllikləri poeziya lisanına çevrilir. Formada da heç bir "inqilab" gözə görünmür. Ayrı-ayrı şairlər "Divan" bağlayır və klassik "Divan" ənənələrinə sadiq qalırlar. Amma qəzəl bir çox şairlərin qələmində mürəkkəb tərkib və ifadə vasitələrini, deyim tərzini sadə və anlaşıqlı ifadə ilə əvəz olunur. Ancaq bir məsələ də var ki, qəzəldə gərək dövrün də, zamanın da ruhu, gerçəkliyi hiss oluna. Əslində, bu proses böyük qəzəlxan Əliağa Vahiddən başlamışdı, sonra Süleyman Rüstəm, Mirmehdi Seyidzadə bu yolu davam etdirdilər. Hal-hazırda bu yolda uğur qazanan şairlərdən biri də Yasin Xəlildir.
O, Şirvan ədəbi məktəbinin nümayəndəsidir. Seyid Əzim onun mənəvi ustad hesab etdiyi şairlər içərisində birincidir, - desəm yanılmaram. Amma özü deyir ki, ustadlar ustadı Füzuli onun üçün bütün parametrlərdə yüksəklərdə dayanır.
Yasinin qəzəllərində sevgi mövzusu ön planda dayanır, amma o. bu mövzudan, bu hisslər dünyasından hər nəsnəyə boylana bilir. Həsrət, məlal, kədər, eşqin verdiyi və verə biləcəyi qəm tufanı heç də pessimizm yaratmır. Qəmlənmək, kədərə qəm olmaq əslində, o ülvi hissi illər boyu yaşatmaq deməkdir. Necə ki, Füzulidə, Seyid Əzimdə olduğu kimi:

Həmin qəmin, kədərin, möhnətin əzizdi mənə,
Ağır da olsa, gülüm, həsrətin əzizdi mənə.

Nə söz dedin, necə ağlatdın, üzdün, incimədim,
Sözün əzizdi mənə, söhbətin əzizdi mənə.

Unutmaram səni heç vaxt canım, gözüm, ürəyim,
Adın, sanın, şərəfin, şövkətin əzizdi mənə.

Düşüm ayaqlarına, yalvarım, dönüm başına,
Bir adı, bir ötəri diqqətin əzizdi mənə.

Çıxarmışam daha eşq aləmində ad, Yasin,
Bu eşq içində o həmsöhbətin əzizdi mənə.

Qəmi ömrün eşq adlanan vadisinə əbədi sakin kimi qəbul eləmək təbii ki, klassikadan gəlir və Yasin də öz qəzəllərində bu ənənəyə sadiq qalır. Deyir ki: "Aşiqə məşuqdan ehsandı, qəm çəksin gərək, Vəslə yetməkçün dəmadəm dərd-ələm çəksin gərək. Ya gərək bir ruzi bilsin hicri aşiq eşqdə, Ya ki, öz ümmidi üstündən qələm çəksin gərək". Qəmin bu tipli şərhi eynən klassikadan gəlir, amma qəzəlin leksik tərkibi ümumən bugünküdür. Klassik qəmi müasir formada ifadə etməyin nümunələri çoxdur Yasin Xəlildə. Amma bununla belə, açıq-aşkar hiss edirik ki, bizimlə həmsöhbət olan Aşiq bizim müasirimizdir. Deyir ki:

Özüm özümlə danışdım, bir az da kövrəldim,
Çıxıb yol üstə dayandım səhərdən axşamadək.

O gün fikirli dolandım səhərdən axşamadək,
Alışdım, odlara yandım səhərdən axşamadək.

Zaman yanımdan ötüb keçdi ildırım kimi, mən
Ümid yanımda, yubandım səhərdən axşamadək.
Nə yar dönüb geri, Yasin, qayıtdı biryolluq,
Nə gözləməkdən usandım səhərdən axşamadək.

Bu leksik tərkibə, sözlüyə malik olan qəzələ biz yalnız bu əsrdə təsadüf edə bilərik. "Səhərdən axşamadək" - bu günün Aşiqinə məxsus ifadədir.
Yasin Xəlil öz qəzəllərində mümkün qədər müasir dilimizin elə sözlərinə müraciət edir ki, onlar klassik poeziyada heç işlənməmiş, ya da az işlənmişlər. Və bu yeni sözlərin qəzəldə işlənib müəyyən bir mənanın ifadəsinə yararlı olması sevindiricidir. Amma yerinə düşməyəni də olur. Məsələn: "Məğlubiyyətdir ağrılı, acılı, İnanılmaz zəfərdir aşiqlik". Yaxud: "Mənə bu bəxti ya o kor verəcək, Ya onun gözlərin qıpıq verəcək. Mənə o versə-versə söz verəcək, Ya da ki, bir qırıq qılıq verəcək". Və yaxud da: "Gətirib qəmli bir xəbər bu mesaj, Üzdü, ağlatdı bir qədər bu mesaj". Birinci misalda "məğlubiyyət", "zəfər" sözləri yerinə düşür, müasir dilimizin bu tipli sözlərinin qəzələ uyarlı olduğunu sübut edir. Amma ikinci və üçüncü misallarda qəzəlin gözəlliyinə xələl gətirir. "Gözlərin qıpıq", "bir qırıq qılıq" qəzələ yaraşmayan, onun gözəl donunda xırda ləkələr kimi görünən qaralardır. Hələ "mesaj" sözü...g Gərək onda bugünkü texniki sözlüklərdə "robot", "qloballaşma", "kompüter" və s. sözlər də qəzələ gələ...gQəzələ yeni sözlər gəlməlidir, Yasinin "toz-torpaq", "şırnağ", "cırmaq" və s. bu qəbildən olan sözlərə qəzəllərdə yer verməsini qınamırıq, çünki yerinə düşür. Və bilməliyik ki, belə sözlər məqamında işlənsə, qəzəl donuna ləkə düşməz: "Könlüm olmuş elə bil qan çanağından betdər, Gözlərim mənbəyi könlümdəki bir cüt şırnabı".
Amma bütün hallarda, istər klassik, istərsə də müasir dövrdə yazılan qəzəllərdə obrazlılıq, sözün maksimum dərəcədə bu meyara xidmət etməsi əsasdır. Misallara keçək:

Gözlərindən bu qara bəxtimə bir zərrə işıq,
Kirpiyindən canıma gündə bir ox istəyirəm.

Mənə mey süz dedim, ey saqi, dağılsın dərdim,
Gözümün yaşını bəsdir ki, şərab eyləmisən.

Pərən-pərən salıb ahim günün şəfəqlərini,
Alıbdı cənginə dərd asimanı hicrində.

Məhəbbətim qəmi-hicrində yandı şiddətlə,
Köz üstə sanki kababdır, sulandı könlümdə.

Dilim-dilim kəsilib doğranıb od üstündə,
Sızıldar indi qəmindən kabab olan könlüm.

Eşqilə yanır bir gülün illərdi sərasər,
Dünya alışar düşsə ora köz ürəyimdən.

Öncə qeyd etdik ki, Yasin Xəlilin qəzəlləri təkcə eşq-sevda mövzusunu əhatə eləmir, onu düşündürən mövzularda da qələmini sınayır. Bu, təbiidir. Çünki əsrlər keçdikcə qəzəlin tematikası zənginləşib. XV əsrdə yaşayan ədəbiyyatşünas Qəbul Məhəmməd yazırdı ki: "Bil ki, qəzəl lüğəti mənada qadınlara məhəbbət izhar etməkdir". Amma indi qəzəl bu dar sxemdən genişliyə çıxmışdır. Dini, fəlsəfi. İctimai və s. növlərdən olan qəzəllər də yazılır və yazılacaq. "Ey bütün aləmləri yoxdan bir Sözlə var edən, Ey könüllər mülkünü eşq ilə abad eyləyən"- o dəm bilinir ki, bu dini ruhda qəzəldir, Allahı tərənnüm edir. "Bəşərə qalmaqal verir dünya, Hər kəsə bir zəval verir dünya. Kiməsə heç nəyin əsirgəmir o, Kiməsə xam xəyal verir dünya"- bilinir ki, poeziyamızda əbədi mövzulardan biri olan dünya haqqındadır bu qəzəl. "Hər zaman hər sözümün, söhbətimin canı Ana, Ən şirin arzuların ən gözəl ünvanı Ana"- izahata ehtiyac yoxdur. "Dondu, Allah, bu səhər sanki zaman dağlarda, Titrədib qaldı şəfəqlər nigaran dağlarda. Qayalar üstünə həkk eylədi əvvəl ismin, Qazdı öz qəbrin əliylə Savalan dağlarda" - təbiət mövzusuna müraciət olunub. Bu mövzu qəzələ nadir hallarda gəlir. Təbiətlə insan qəlbinin harmoniyası da onun "İşığı" rədifli qəzəlində öz ifadəsini tapıb: "Pəncərəmdən süzülür çarpayıma Ay işığı, Göndəriblər mənə Göylər bu gecə pay işığı. Ömrümün Ay işığından tutub ancaq yükünü, Çatmışam könlümə çoxdandı yığıb tay işığı". Ümid haqqında bir neçə qəzəli var və bu da maraqlıdır: "Ölümü öldürür acından ümid, Ayırır səbri sayğacından ümid. Silir ömrün soyuq naxışlarını Ərişindən və arğacından ümid". Doğulduğu Şirvan torpağı haqqında da gözəl bir qəzəli var: "Şair yetişir, söz cücərir hər qarışında, Seyyiddidi, Sabirlidi, Səhhətdidi Şirvan. Yasin, bu gözəl məmləkətin bənzəri yoxdur, Bol süfrəlidi, nəğməli-söhbətlidi Şirvan". Təəssüf ki, Yasin Xəlilin qəzəlləri içərisində Qəzəl olub Qəzəl dünyasına yad nümunələr də var. Deyək ki, "vallah" rədifli bir qəzəldə ifadə olunan fikir və məzmun başqa növ şeirdə ifadə oluna bilərdi. Yaxud "azalır" rədifli qəzəl də qəzəllik deyil.
Yasin Xəlilin Aşiq obrazına gəlincə, bu, həm özündə klassik aşiqlərə məxsus nam-nişanı ilə diqqəti cəlb edir, həm də yeni tipli, yeni məzmunlu bir obrazdır. İstəyi nədir? Sevgidə sədaqət, vəfa, düz ilqar. Həyata münasibətdə həqiqət, yalnız həqiqət, huşyar gözüylə cahana, dünyaya baxışgDaim eşq mücadiləsindədir və eşqi dərk etməklə özü də mənən saflaşır, durulaşır, təmizlənir. Bütün hallarda o, dərin inam və etiqad sahibidir. Ələlxüsus, Eşqdə:

Ömür eşq səngərində, günü dərdlə cəng içində,
Heç inanmıram mənim tək belə şanlı əsgər olsun.

Kədərin ömür boyunca tuta əllərimdən, ey gül,
Bu cür isnişib həmişə bir olub bərabər olsun.

Hünərin də indi, Yasin, qəzəlindən aydın oldu,
Sənə bu çətin işində kömək Ali Rəhbər olsun.

Yasinin qəzəllərində təsvir olunan Gözəl də qeyri-adiliyilə diqqəti cəlb edir. O, bu günün gözəlidir. Nə Füzulinin romantikcəsinə, nə də Molla Pənah Vaqifin realistcəsinə təsvir etdiyi gözəllərə bənzəmir. Nazı, qəmzəsi, can almağı, ədası, zülmü öz yerində, amma bizim hər gün rast gəldiyimiz gözəllərdən biridir. Vətən gözəlidir:

Kim ki, görür zülfünü cananımın,
Əqli həmən andaca başdan çıxır.

Könlünə daş bağlayıb o sevdiyim,
Hər bir işim indi o daşdan çıxır.

Yaxud:

Kimin ki, hər güli-rənası var gözəl-göyçək
O gülçün ölməyə gülzarı varsa, xoşbəxtdir.

Kimin ki, eşqə düşəndən nəvası əksilmir,
Bu cür müqəddəs onun karı varsa, xoşbəxtdir.

Yasin Xəlil Azərbaycan şairləri içərisində Qəzəli yeni bir mərtəbəyə çatdırmaq istəyən bir müəllifdir və inşallah, o mərtəbədə Yasini daha kamil, daha mükəmməl görəcəyik. Yol çətindir, amma Yasinin istedadı bu yolu zəhmətlə, səbirlə qət edə bilər.

Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru

TƏQVİM / ARXİV