adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

REANiMASiYA OTAğININ PƏNCƏRƏSi...

VAHİD ƏLİFOĞLU
23229 | 2007-08-07 11:40
...Bu dünya özü reanimasiya otağına oxşayır. Biz hamımız sağalıb bu otaqdan çıxmağa tələsirik. Və çıxırıq da... Növbə ilə... Bu otağın qapısı elə yerə açılır ki, tay orda xəstələnmək, müalicə olunmaq söhbəti yoxdu.Əbədi rahatlıq...
   
   ...Əlimi boynuma, üzümə çəkdim. Bir şey anlamadım. Bircə əllərimi görə bilirəm. Əllərimin üstündəki tüklər elə bil uzanıb...
   
   ...Bir həftədi arvaddan güzgü istəyirəm. Gündə bir bəhanə gətirir.Gah deyir gün dönüb, gah deyir ağır gündü, gah da deyir ki, yaralı-yaralı güzgüyə baxmazlar...
   
   ...Əbülfət Mədətoğlu ilə gələn qız yaşıl alma, sapsarı üzüm gətirib.Mart ayında Əbülfət dedi ki, bu qız sənin yazılarının pərəstişkarıdı. Vallah, heç adını da soruşmadım. Sumkasından dəsmal çıxaranda gözucu baxdım. Ağlayırdı... Deməli, mənim sir-sifətimdə nəsə var. Bu gün mütləq güzgüyə baxacam...
   
   ...Elə arzulayırdım ki, dostlarımla görüşməyi. Görüşdüm. Xəstəxana çarpayısında Tofiq Abdini də gördüm, Oqtay Salamovu da... Amma könlüm istəyənlər çox idi. Gəlmədilər...
   
   ...Gələnlərin sayı-hesabı yoxdu. Məni sevənlər çoxumuş... Tibb bacısı arvaddan elə hey soruşur:
   
   -Yoldaşın hansı vəzifədə işləyir...
   
   Hər dəfə də eyni cavab alır və hər dəfə də inanmır...
   
   ...Qollarıma girib qaldırdılar. Pəncərədən hündür binalar, maşınlar şütüyən küçələr, bu binanın xəstəxana olub-olmadığının fərqinə varmayan, harasa tələsən adamlar görünür. Sağlam olmaqdan qiymətli nə var dünyada... Göydələnin pəncərəsi ilə mənim baxdığım pəncərənin arasındakı məsafə olar üç, dörd metr... Əlində vedrə keçən fəhlə dayandı, bir az məni süzdü, sonra keçib getdi... 70-ci illərdə bu xəstəxanadan respublika xəstəxanasının sonuna kimi, kinostudiyanın hasarına kimi gözəl, bağlı-bağatlı xiyaban idi, indi göz-gözə uzun-uzun binalar...
   
   ...Pəncərənin şüşəsində kölgə kimi görünən şəklimə sataşdı gözlərim. Mənə aidiyyatı olmayan, heç vaxt görmədiyim yad bir canlı. İndi bildim mənə niyə güzgü vermirlər.
   
   ...Aca bir tikə qıymayan, yetimə əl tutmayan varlı, pullu, imkanlı bədbəxt!
   
   ...Xəstəlik Haramıdakı evin adi taxtadan olan qapısından necə girirsə, elə dənizin ləpədöyənindəki villanın seyf qapısından da o cür girir...
   
   ...Əməliyyat otağına aparan arabanı tibb bacısı elə qovur, elə qovur... Elə bil bazar alverçisi tərəzinin yanına təzə mal aparır... Kimin nə vecinə. Canın candan xəbəri yox... Qızlarımın gözləri o qədər irilib, lay pəncərədən iri olub... Əbülfət təzyiqin əlində əsir-yesirdi. Dərmanı ovuc-ovuc atır ağzına... Nə sən mənə "yönnü" qardaş oldun ki, gülər üzünə, kədərsiz gözlərinə baxıb sevinəm, nə də mən sənə bir qulaq dincliyi bağışlaya bildim... Məni ruhlandırır, gülür, zarafat edir... Di gəl ki, gözləri kədərlidi, səsi titrəyir...
   
   ...Bir qız zəng etmişdi: Dedi ki, Vahid müəllim, çoxdandı yazılarınızı oxumuruq. Niyə yazmırsınız? Dedim ki, xəstəyəm. Və söz verdim ki, tezliklə yazılarımı oxuyarsınız...
   
   ...Aqil Abbas desə ki, oxucu məktubu almışam. Yüz ağız yüz yerdən əyiləcək ki, kimdi ona məktub yazan.Gəl adi bir Vahid Əlifoğlu ola... Amma and olsun Allaha bir oxucu qız mənə zəng eləmişdi...
   
   ...İndi əyləşib Haramıdakı evimin eyvanında əllərim əsə-əsə (Qollarımın gücü tam bərpa olmayıb hələ - V.Ə) bu yazını yazıram və yazının içrisində çoxlu işıqlı, nurlu, sədaqətli simalar var...
   
   ...Həkimdən birinci soruşduğum bu oldu:
   
   -Neçə gündən sonra araq içib siqaret çəkə bilərəm...
   
   ...Əməliyyat otağı buz kimidi. Divarın tavana birləşdiyi yernən qəribə, bəzəkli şax-şax kağızları cərgə ilə axıb gedir. Kağızlar hardasa, otağın küncündə, qaranlıq sonluqda yox olur. İstəyirəm mən də kağızların arxasınca çıxıb gedəm. Otağın qaranlıq, işıqsız küncünə tərəf... Arxadan səs gəlir:
   
   -Ata, getmə... Qızlarımın səsidi...
   
   Elbrus həkim gülür:
   
   -Ay şair, onu təkcə sən görməmisən. Çoxları görüb. Narkozun təsirindəndi...
   
   ...Girişi ağırdı, çıxışı yüngül. Xəstəxanaların giriş qapısı çölə açılır. Dostum qapının açıb qolumdan tutdu. İçəri keçmək istəmirəm. Başımı qaldırıb yuxarı baxdım. Şam ağacı beşinci mərtəbəni keçib. "Ay Allah, məni bu qapıdan sağlam çıxar bayıra"...Arvad doluxsundu. Qolumdan tutan səsi titrəyə-titrəyə dedi:
   
   -Ə, yekə kişisən. O nə sözdü danışırsan...
   
   ...Mən bilən bütün binalarda qapı az olur, pəncərə çox... Bu dünya pəncərədi... Bəs niyə hamı bu dünyanı pəncərə bilmir?...
   
   ...Mən heç kimə xəstəlik arzulamıram. Amma hər bir kəsə məsləhət görürəm ki, ömründə heç olmasa bircə dəfə xəstəxana pəncərəsindən çölə baxsın... Dünya tamam başqa cür görünür...
   
   
   
   P.S. Bakıya yola düşəndə qızım Elgün iki manat pulu başıma hərləyib parçaya bükdü və bağladı qapıdakı iydə ağacına. Həmin pulu öz əlimlə açıb verdim dilənçiyə. Deyəsən, yavaş-yavaş yaxşılaşıram...
   
   

TƏQVİM / ARXİV