adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Avqust 2014 10:20
21765
ƏDƏBİYYAT
A- A+

Bəxtiyar Vahabzadə - 89

Yaradıcılığa "Ana və şəkil" adlı şeir kitabı ilə başlayan, sonradan Azərbaycan ədəbiyyatında öz dəsti xətti ilə seçilən, yaratdığı əsərləri ilə daim vətənpərvərliyi tərənnüm edən xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür. 

1925-ci ildə qədim Şəki şəhərində dünyaya göz açmış istiqlal şairinin elə gəncliyindən dövrü mətbuatda silsilə şeirləri, elmi məqalələri dərc olunub. Sovet dövrü Azərbaycan mədəniyyət və incəsənətinin, ədəbiyyatının əsas yaradıcılıq predmeti olan faşizmə qarşı mübarizə, bu mübarizədə xalqın duyğu və düşüncələri, mətanəti, əzmi Vahabzadənin yaradıcılığında da öz əksini tapıb. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri də lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilib.

Bəxtiyar Vahabzadə o sənətkarlardandır ki, dövrünün heç bir qadağaları onu yaradıcılığının əsas qayəsindən çəkindirməyib. Sovet rejiminin get-gedə kəskinləşdiyi bir vaxtda Azərbaycan ədəbiyyatının bununla barışmayan imzaları öz qələmi ilə rejimin əməllərini ifşa edir, onu kəskin tənqid atəşinə tuturdu. Sovetlər Birliyinin beynəlmiləlçilik, mərkəzçilik adları altında apardığı milli din, milli şüur, milli ədəbbiyyatın, bütövlükdə milli mədəniyyətin saxtalaşdırılması, dəyişdirilməsi siyasəti mütəffəkirlərimiz tərəfindən cavabsız qalmamışdır. Bu mütəfəkkirlərin sırasında öncül isimlərdən biri də məhz Bəxtiyar Vahabzadə idi. Bəxtiyar Vahabzadə də bu rejimə qarşı mübarizə aparan dissident hərəkatının təmsilçisi idi. Sovet rejiminə qarşı etiraz edirdi, onun ideologiyası ilə barışmırdı, milli dəyərləri ortaya qoyurdu. Amma o, gizli təşkilatın üzvü deyildi, siyasi fəaliyyət göstərmirdi. Mədəniyyət sahəsində milli dəyərləri qorumaq üçün əlindən gələni edirdi. O tarixi həqiqətləri rejimin üzünə çırpırdı. "Gülüstan" poemasında Azərbaycanın bölünməsini, iki yerə parçalanmasını bütün çılpqalığı ilə əks etdirməsi o dövr üçün sözün əsl mənasında böyük qəhrəmanlıq nümunəsi hesab olunurdu.

O həm bədii yaradıcılığı, həm ictimai-siyasi, həm də elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycanda milli şüurun oyanışı, azərbaycançılıq məfkurəsinin formalaşmasında müstəsna xidmətlər göstərib. Bu gün böyük istiqlal şairinin adı tək Azərbaycanda deyil, bütün Türk dünyasında böyük hörmətlə anılır, onun yaradıcılığına həsr olunmuş tədbirlər keçirilir. Onun bədii irsi Azərbaycan ədəbiyyatında artıq bir məktəb olaraq formalaşıb.

Böyük şairin Azərbaycan milli mədəniyyətinin inkişafına verdiyi töhfələr dövlət tərəfindən daim yüksək qiymətləndirilib. B.Vahabzadə müxtəlif orden və medallara layiq görülüb, xatirəsi əbədiləşdirilib.

Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də əbədiyyətə qovuşub.