adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Avqust 2014 15:45
9661
KRİMİNAL
A- A+

Sumqayıtda iki aylıq uşaq necə oğurlandı? – Təfərrüat

"O qadını əvvəllər görməmişəm"

Ötən gün Sumqayıtda parkdan iki aylıq övladı oğurlanan ana Aysel Əhmədova polisə ilkin ifadəsini verib. Sumqayıt şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinə çağırılan 3 uşaq anası, uşağını oğurlayan qadını ifadəsində qismən tanıdığını deyib. Onun sözlərinə görə, məhəllələrinə gələn qadın onu televiziya verilişlərinin birində gördüyünü deyib və bildirib ki, maddi cəhətdən imkansız olduğuna görə ona köməklik etmək istəyir. Aysel Əhmədova qadınla bərabər yaxınlıqda yerləşən ərzaq dükanına gediblər. APA TV həmin mağazanın daxilində müşahidə kamerasından çəkilmiş görüntüləri eksklüziv olaraq əldə edib.

Dükanda bazarlıq etdikdən sonra Aysel Əhmədova və naməlum qadın alınan ərzaq məhsullarını evə qoymaq məqsədilə Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanına gəliblər.

Aysel Əhmədovanın qonşusu APA TV-yə açıqlamasında uşağı oğurladığı bildirilən qadını ilk dəfə gördüyünü deyib: "Ayseli soruşan qadın "Pampers”ə qədər hər şey almışdı. Qalxdılar yuxarı, evdə bir xeyli oturdular. Təxminən 4-5 saat. Sonra üç uşaqla bir yerdə evdən çıxdılar. Üzü parka, dənizə tərəf getdilər”.

Daha sonra Aysel Əhmədova 4-cü mərtəbədə yaşayan qonşusu ilə əlaqə saxlayır. Ona deyir ki, tez 102 xidmətinə zəng vurub desin ki, yanında olan qadın iki aylıq uşağını və əl çantasını götürərək naməlum istiqamətə gedib.

Qonşu uşağı oğurladığı iddia edilən qadının bu məhəlləyə ilk dəfə gəldiyini deyir: "Həmin qadını əvvəl görməmişəm. Özünü alicənab aparan, sözünü bilən insan idi. Bura elə yerdir ki, biz bu məhəlləyə gələn hər kəsi tanıyırıq. Bu qadın əvvəllər bura heç vaxt gəlməyib”.

Sumqayıt polisindən bildirdilər ki, polis mümkün olan bütün versiyaları araşdırır. Qadının keçmiş həyat yoldaşı da ifadə vermək üçün idarəyə dəvət olunub. Araşdırma aparılır.