adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 Avqust 2014 15:23
7492
MƏMLƏKƏT
A- A+

Nəqliyyat marşrutlarına qoyulan plan yoxsa palan?!

Avtoqəzalar həmişə gündəmdə olub və öz qorxunc təhlükəsini saxlamaqda davam edir, amma son zamanlar bir-birinin ardınca baş verən avtobus qəzaları insanların kabusuna çevrilib. Son zamanların ən qarşısıalınmaz təhlükələrindən olan nəqliyyat qəzaları günümüzün aktual mövzularındandır. Bu rəngli dəmir qutuların gətirdiyi ölüm faiz etibarilə digər ölüm səbəblərini üstələyib. Əlbəttə ki, ölüm istənilən səbəbdən acınacaqlı və arzuolunmazdı. Amma insanların həyatlarını rahatlaşdırması və mənzil başına tez yetişməsi üçün istifadə etdikləri nəqliyyat vasitələri dəmir tabutlara çevrildikcə (həm də vaxtsız və dəhşətli) daha dərindən düşünməyə vadar edir.

Qeyd edək ki, Nəqliyyat Nazirliyinin rəsmi məlumatına görə, bu ilin 6 ayı ərzində Bakı şəhərində sərnişindaşıma marşrutlarındaDövlət Yol Polisi orqanları tərəfindən 24 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində 4 nəfər ölüb, 26 nəfər yaralanıb. Ötən illə müqayisədə bu ilhadisələrin sayı 17,2 faiz, yaralıların sayı 40,9, ölənlərin sayı isə 71,4 faiz azalıb.

Bəs azalma müşahidə olunubsa, nazirliyi təcili ayağa qaldıran nə idi?! Sırf ötən gün baş vermiş bir qəza üzündənmi bütün aidiyyatı qurumlar, sərnişindaşıma ilə məşğul olan şirkətlər, sahibkarlar, daşıyıcıların fiziki-hüquqi şəxsləri toplanmışdılar?!

Bəs bu qəzaların səbəbi və günahı kimdədir? Əlbəttə, ilk ağla gələn fələyin "barmaği” olur. Təbii ki, tale, qəzovi-qədər faktoru öz yerində. Ancaq bu işlə əlaqədar olanların məsuliyyətsizliyini və insanların həyatları ilə qoz-qoz oynamaqlarını da diqqətdən kənar saxlamaq olmaz. Ortaya sual çıxır günah sürücülərdədi yoxsa onlara plan əvəzinə palan qoyan nəqliyyat departamentlərində?! Fikrimcə, hər ikisi bu məsələdə məsuliyyət daşıyır. Bəli, avtobus sürücülərinin belinə qoyulan ağır "palan” onları Bakı yollarını Paris-Dakar rallisinə çevirməyə vadar edir. Planı doldurub ağır "palan”dan azad olmaq üçün bu "formula 1” yarışçıları normadan artıq sərnişin götürməklə vəziyyətdən çıxmaq istəyirlər. Bundan başqa, dayanacaqdankənar sərnişin götürüb-düşürtmə təhlükənin duzu-bibərinə çevrilir desək, lap yerinə düşər. Təbii ki, şosenin ortasında sürücü avtobusu qəfil kənara çəkib sərnişin düşürüb-götürürsə, bu, arxadan gələn digər avtomobillər üçün potensial qəza təhlükəsi yarada bilər ki, günümüzdə ən sıx rastlanan zəncirvari qəzalardandır.

"Palan” problemində sürücülərin halına nə qədər acısaq da onlara bəraət qazandırmaq da doğru olmazdı. Bakı, Azərbaycan, bütövlükdə dünya təkcə sürücülərin özlərindən və ailələrindən ibarət deyil. Avtobuslardakı mənzil başına sağ-salamat çatmaq istəyən sərnişinlərin də yaşamaq hüququ var. Bir qrup insanın plan doldurub pul qazanması başqalarının həyatlarını təhlükə qarşısına qoymamalıdır. Nəhayət, hər kəsin bu həyatla bağlı planı var, hətta o sərnişinlər arasında sürücülərdən ikiqat artıq plan yerinə yetirənlər var.

Yeri gəlmişkən, toplantıda diqqəti çəkən əsas məqam yeni sürücü bazasının yaradılması fikri oldu. Belə ki, artıq dəfələrlə qəza törədən sürücülər işlə təmin olunmayacaqlar.

Əslində sürücü probleminin ən təhlükəli tərəfi azyaşlı sürücülərin günü-gündən çoxalmasıdır. Heç 20 yaşı tamam olmamış bir yeniyetmənin 40-45 nəfəri daşıyan avtobus sükanının arxasına keçməsi əlbəttə ki, təhlükə yaradan əsas amillərdəndir.

Avtobus qəzalarının yaranmasında üçüncü səbəb paytaxt yollarının dar və əlverişsiz olmasıdır. İri avtobuslar Bakının elə küçələri ilə hərəkət edir ki, orada üç adam yanaşı gəzsə, biri mütləq çuxura düşər. Xüsusən də şəhərin mərkəzi hissələrində. Avtobuslar hər dəfə belə küçələri keçərkən inanclı sərnişinlər hər ehtimala qarşı kəlmeyi-şəhadətlərini pıçıldayırlar. Heç bir işıqforu və yol nişanları olmayan mərkəzi küçələrin daxili yollarından iri avtobus keçərkən yol kənarında dayanmış sakinlər məcbur qalıb özlərini divara qısnamalı olurlar. Hər halda iri avtobuslar ölkəyə gətirilərkən XX əsrin əvvəllərində fayton və konkalar üçün salınmış yolların müasir nəqliyyatlara uyğun gəlməyəcəyi də nəzərə alınmalıydı.

Amma sevindirici haldır ki, məlum toplantıdan sonra paytaxtda sərnişindaşımada nizam-intizamın yaradılması və yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi Nəqliyyat Nazirliyinin əməkdaşları ilə birgə reydlərə başlayıb. Ən azından müəyyən müddət ərzində sürücülərin daha məsuliyyətli olması sərnişinlərə rahat nəfəs aldırar.