adalet.az header logo
  • Bakı 18°C

MƏN DƏ QiYMƏT QALDIRIRAM

OQTAY SALAMOV
18980 | 2007-08-07 04:02
Bir daha əmin oldum ki, Azərbaycan adlanan coğrafi məkanda heç nə elə-belə, boşdan baş vermir. Hətta havaların istiləşib-soyuması da müəyyən məqsədlərlə edilir və ya ən azından, bu təbiət fenomenindən də hansısa məqsədlər üçün istifadə edilir. Yadınızdadır, "bu yay yaman isti keçəcək" və kondisioner məsələsi?.. Bu, şəkili demiş, "abrazesdi", habuna baxıb qalan işləri də düzüb-qoşullar...Möhkəm səs-küy düşüb ki, bir neçə quşçuluq birliyi bağlanmaq təhlükəsi qarşısındadır, respublikada quş yemi qıtlığı yaranıb və s. Bəli, dünyada "quş qripi" adlanan bir bəla var, bir çox ölkələrdə milyonlarla quşu məhv elədilər, İngiltərədə dabaq xəstəliyinə görə iri və xırda buynuzlu ev heyvanlarını kütləvi məhv edirlər. Bunlar hamısı ola biləcək hadisələrdi və belə hadisələrdən heç kim sığorta olunmayıb. Mən deyə bilmərəm ki, quşçuluq məsələlərinə kimlər "krışa"lıq eləyir, kimin kimlə haqqı bölüşdürülməyib, amma bildiyim bircə şey var: toyuq əti və yumurtanın qiyməti qalxacaq! Ondan sonra bağlanmaq təhlükəsi də aradan qalxacaq, yem qıtlığı da...
   
   İdxal olunan taxıla Əlavə Dəyər Vergisi (ƏDV) bir illiyinə olsa da aradan qaldırılanda hamı, hətta yuxarılar da belə düşündü ki, çörəyin qiyməti 18 faiz (ƏDV bu qədər idi) aşağı düşəcək, ən pis halda isə indiki yerində qalacaq. Ay qaldı ha. İyunun sonunda kisəsi 15 manata olan un indi 22 manata satılır və avqustun sonlarında onun qiymətinin 26 manata çatacağı palanlaşdırılar. Bəli, məhz planlaşdırılır. Özü də bu, az qala qəzet manşetlərinə "Bu günədək Azərbaycanda 1 milyon 900 min ton taxıl yığılıb" məlumatı gedən vaxtda planlaşdırılır. Qadanızı alım, qoyun bu xəbəri olduğu kimi yazım, ürəyimdə niskil qalmasın: "Avqustun 6-sına qədər Azərbaycanda 1 milyon 900 min ton taxıl yığılıb. Bu haqda məlumat verən Dövlət Statistika Komitəsi hər hetardan məhsuldarlığın 25,7 sentner olduğunu bildirir. Siyahıda Saatlı rayonu liderdir - 41,7 sentner". Astara filan qədər, Şəmkir feşman qədər, Şəkiynən Cəlilabad 100 min ton həddini keçiblər, Naxçıvanda 90, Sabirabadda 82,5 min ton taxıl yığılıb.
   
   Başınıza dönüm, əslində sevinməli xəbərdi axı. Amma sevinə bilmirik, çünki "taxıl çox olduqca basılmır qiymət".
   
   Qubada faciə baş verib, Texniki Universitetin tələbəsi Elvin Mirzəbəyovu ildırım vurub. Özü də atasının gözləri qarşısında. Allah rəhmət eləsin. Əgər bu günlərdə maşınlar, "zapravka"lar, evlər... üçün ildırımötürən cihazların qiyməti kəlləçarxa çıxsa - qətiyyən təccüblənmərəm.
   
   "Bakıelektrikşəbəkə" xəbər verir ki, Bakıda yerüstü elektrik xətləri yığışdırılacaq. Sevinməli xəbərdir. Amma sevinməyə qoymurlar. Yadınızdadırsa, yüksəkgərginlikli elektrik xətlərinin altında tikilən evlərin söküləcəyi haqda hədə-qorxular gedirdi və hələ də gedir. Pulu olmayanların evlərini hətta sökürlər də. Şəbəkənin idarə heyətinin sədri Baba Rzayev APA-ya deyib ki, bu ilin ötən dövrü ərzində 700 km-dən artıq yüksəkgərginlikli elektrik xətti yeraltı xətlərlə əvaəzlənib və yaxın bir neçə ildən sonra Bakıda hava xətti qalmayacaq. Amin! Bəs onda o olmayacaq xətlərin altında özünə daxma qaraldan, lap elə ev tikən fağırlardan niyə əl çəkmirsiniz? Niyə özünüzü anlamaz yerinə qoyursunuz ki, "qanunsuz tikili" olmur. Əgər daş daşın üstünə qoyulubsa, deməli, kim(lər)insə haqqı çatıb. Yoxsa həmin an uçurarlar. Əgər uçurmayıblarsa, deməli, "qanunsuz" deyil. Sən də öz haqqını istəyirsənsə, get həmin "qanunlaşdıran" haqq alanla razılaş. Eşşəyə gücün çatmırsa, palanı döyəcləmə, "qanunsuz" tikən axırıncı tikəsini verib...
   
   Yol qəzalarında ölənlərin sayı günbəgün artır. Ona düz mütənasib olaraq "prava"nın da qiyməti qalxır.

TƏQVİM / ARXİV