adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Avqust 2014 16:49
8638
MƏMLƏKƏT
A- A+

Cavad Heyətlə vida mərasimi keçirilib- Foto

Avqustun 12-də ömrünün 90-cı ilində vəfat edən görkəmli həkim, Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü, tanınmış publisist və ədəbiyyatşünas Cavad Mirzəli oğlu Heyətlə bu gün AMEA-da keçirilən vida mərasimi başa çatıb.

Adalet.az-ın məlumatına görə, vida mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti İbrahim Quliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimov və digərləri çıxış edərək Cavad Heyətin həyat və yaradıcılığına nəzər salıblar.

Vida mərasiminin sonunda ailəsi adından çıxış edən Cavad Heyətin bacısı oğlu Ağabəy Azərbaycani hər kəsə öz minnətdarlığını bildirib.

Cavad Heyət II Fəxri xiyabanda dəfn edilib.

Qeyd edək ki, Cavad Heyət 1925-ci il may ayının 24-də Təbriz şəhərində anadan olmuşdur. Orta hərbi məktəbi bitirdikdən sonra o, Tehran Universitetinə daxil olmuş, ikinci kursdan ali təhsilini Türkiyənin İstanbul Universitetində davam etdirərək 1943-1946-cı illərdə burada tibb fakültəsində oxumuşdur.

Əmək fəaliyyətinə 1946-cı ildə İstanbul Universitetində başlayan Cavad Heyət 1949-cu ilədək burada cərrahlıq klinikasında çalışmış, daha sonra ixtisasını təkmilləşdirmək üçün Paris Universitetinin cərrahlıq kafedrasında işləmişdir. O, 1952-ci ildə yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıtmış, 1953-cü ildən Tehranda Hidayət və Ədliyyə xəstəxanalarında cərrahlıq klinikaları quraraq onlara rəhbərlik etmişdir. Doktor Cavad Heyət İranda eksperimental cərrahiyyənin təməlini qoymuşdur. 1954-cü ildən etibarən ürək üzərində apardığı əməliyyatlar onu istedadlı cərrah kimi tanıtmışdır. 1969-cu ildə o, Tehranda ilk dəfə transplantasiya əməliyyatını uğurla həyata keçirmişdir. Bir çox cərrahi əməliyyatlar məhz onun adı ilə bağlıdır. Tibb sahəsində qazandığı nailiyyətlər Cavad Heyətə geniş şöhrət gətirmişdir.

Doktor Cavad Heyət təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi də tanınırdı. Onun kitabları tibb sahəsində yazılmış dəyərli vəsait kimi mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilmişdir. Bir sıra beynəlxalq elmi forumlar və toplantılarda öz təcrübəsinə əsaslanaraq dərin məzmunlu məruzələrlə çıxış etmiş alimin 100-dən artıq məqaləsi müxtəlif tibb jurnallarında işıq üzü görmüşdür. Cavad Heyət uzun müddət cərrahlığın tədrisi və cərrahların yeni nəslinin formalaşdırılması ilə məşğul olmuşdur.

Cavad Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur.