adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Avqust 2014 00:29
20547
LAYİHƏ
A- A+

UZAQ, YAXIN-DOĞMA BALAKƏN...

... Maraqlıdır, qonşu Gürcüstanla həmsərhəd olan ikinci qapımız - şimal-qərb bölgəmizin sonuncu keçidi Balakən, 10-15 il bundan əvvəllərə kimi adicə və primitiv yol təəssüratı yaradırdı, başqa heç nə. Baxmayaraq bu yol rayon mərkəzindən, Balakən şəhərinin tən ortasından keçərək Laqodexiyə qovuşurdu. Mən ilk dəfə Balakənə Laqodexidən olan tələbə yoldaşım mərhum Bayramın dəvəti ilə gəlib Gürcüstana keçmişdim. Sonralar isə konserv zavodunda hələ briqadir işləyərkən tanış olub dostlaşdığımız məşhur Əli Ansuxskinin yaşca böyüklüyünün qeyri-adi ərk nümunələrinin təsiri ilə. Doğrudan elə idi, məndən cəmi 5-6 yaş böyük olan mərhum millət vəkilini, elə lap əvvəlldən özümüzdən 10-15 yaş fərqli düşünürdük sanki.

Yüz illərin qardaşlığı, qohumluğu

Xarakterimdənmi, ya başqa səbəbdənmi, mənim bu rayonda mehribancasına qaynayıb-qarışan dost, qonşu, qohum kimi əzizləşən azərbaycanlı və avar dostlarım çoxdur və onların hər biri bu şirin vətənimizin şərəfini candan əziz tutan gözəl insanlardır.
Baxın, tanıdığım və tanımadığım bu gözəl insanlar son illər əl-ələ verərək Balakəni necə gözəl bir məkana çeviriblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğı və diqqəti sayəsində "yol keçən" rayon indi "Azərbaycan İsveçrəsi" adını qazanıb. Daxili və xarici siyasətimizin uğurlu nəticələrinin qürurunu duyursunuzmu? Şimal-qərb bölgəsinin təntənəsini yaşayırsınızmı? Qəbələ fenomeni, qədim Şəkinin Böyük Şəhər statusu, Qaxın "Qafqaz incisi"nə çevrilməsi, Zaqatala əfsanəsi, Balakənin "İsveçrə" adlandırılması və insanların bu ifadələrə, bənzətmələrə öyrəşməsi...

Onların sevimli Prezidenti

Balakənin uğurlarından söhbət açarkən bir məqamı da heç vaxt ümumi konteksdən ayırmaq olmur. Rayon camaatının əksəriyyəti qayğı və diqqətə görə, xüsusilə zəlzələnin nəticələrinin aradan qaldırılmasında mövcud olan bütün reallıqlardan da yüksək bir münasibət göstərdiyinə görə cənab Prezidentə əbədi minnətdarlıqlarını bildirir, rəhbər üçün Tanrıya dualar edirlər...
... Eyni zamanada rayon rəhbərliyinin də fəaliyyətindən razılıqla danışır, işgüzar olduğu qədər də sadə və camaat adamı kimi başçı İslam Rzayevə görə ölkə rəhbərliyinə minnətdarlıq edirlər.
Bütün bunlar nəyinsə xətrinə ötəri bir xarakter almır. Bu səbəbdən ki, başçı və onun komandası müasir dövrün formalaşmış bacarıqlı bir məmur korpusudur. Hamı bir nəfər kimi rayonun, camaatın xoş güzaranı üçün var qüvvəsini sərf edir. Deməli, həm də respublikamızın inkişafına, çiçəklənməsinə öz töhfəsini verir. Bilirsinizmi, əkinçilik üçün torpağı əhalinin sayı nisbətində ən aşağı göstəriciyə malik olan ucqar bir dağ rayonunda camaatı dolandırmaq və müstəsna şərait və gözəlliklər yaratmaq heç də asan məsələ deyil. Bütün bunlar, sadəcə ölkə rəhbərliyinin düzgün və ardıcıl siyasətinin nəticəsi, qələbəsidir.

İ.Rzayev: "Gecə-gündüz xalq üçün, dövlətimiz üçün çalışmaq vətəndaşlıq və vəzifə borcumuzdur"

Bütün bu məsələlərin statistik inkişafını da izləmək, müqayisələr aparmaq mümkündür. Necə ki, 2014-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxışında həmin məqamlara bir daha aydınlıq gətirərək demişdir:
- Aparılan düzgün və məqsədyönlü sosial-iqtisadi siyasətin nəticəsində Azərbaycanın regional, tarazlı inkişafının təmin olunması istiqamətində konkret tədbirlər həyata keçirilir, mühüm dövlət proqramları icra olunur. Müşavirədə ölkə Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, regional inkişaf proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmaqdadır və bütün rayonlarda hərtərəfli inkişaf, quruculuq, abadlıq işləri üstünlük təşkil edir. İnfrastruktur layihələri içərisində xüsusilə kənd yollarının asfaltlaşdırılması, içməli su və kanalizasiya layihələrinin icrası, qazlaşma, kənd təsərrüfatının inkişafı, elektron kənd təsərrüfatı sisteminin tətbiqi və sənayenin inkişafı sahəsində ciddi irəliləyiş müşahidə olunur. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə, məcburi köçkünlərin problemlərinin həlli məsələlərində köklü dəyişikliklərə nail olunmuşdur. Ölkə Prezidentinin qeyd etdiyi işlərin görülməsində təbii ki, bizim rayonumuz da istisna təşkil etmir. Ölkənin bütün bölgələrində, rayonlarında gedən quruculuq, iqtisadi inkişaf prosesi rayonumuzdan da yan keçməmişdir. 2014-cü ilin birinci yarısında tikinti və abadlıq-quruculuq işləri sürətlə və keyfiyyətlə aparılmış, rayonun inkişafını xarakterizə edən əsas sosial-iqtisadi göstəricilər əhəmiyyətli dərəcədə artmışdır. Cari ildə rayonda kənd təsərrüfatı məhsulları istehsalının və məhsuldarlığın artırılması üçün kəndlərdə məhsul növləri üzrə hədəf göstəricilər müəyyən olunmuş, əkin sahələrinin artırılması üçün zəruri tədbirlər görülmüşdür. Ümumi əkin sahələrinin 12065 hektarında payızlıq və yazlıq bitkilər əkilmişdir. Fermerlər və torpaq mülkiyyətçiləri də öz növbəsində onlara göstərilən köməklikdən maksimum istifadə etməyə çalışmış, istehsalın artırılması üçün zəruri tədbirlər görmüşlər.
2013-cü ilə nisbətən qarğıdalı 3,3 %, lobya 11 %, tərəvəz 0,8 %, kartof 1,8 %, yonca 19,9 % artıq əkilmişdir. Əkin sahələrinə aqrotexniki qulluq göstərilmiş, sahələrin suvarılması üçün müvafiq işlər görülmüşdür.
Rayonda meyvəçiliyin inkişaf etdirilməsinə, yeni intensiv bağların salınmasına xüsusi diqqət göstərilir. Əvvəlki illərdə salınmış 176 ha intensiv meyvə bağlarına qulluq göstərilmiş və məhsul istehsalının artırılması üçün əlavə tədbirlər həyata keçirilmişdir.

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə