adalet.az header logo
  • Bakı 20°C

DÖVRANSIZLAŞMA

19428 | 2007-08-04 02:11
Belə bir nəzəriyyə var: müəyyən nəslin payına düşən fəaliyyət müddəti iyirmi beş ildir. Bu müddətdə hər sahədə, istər məişətdə, istər düşünçə tərzində, istər zövqlərdə, geyimlərdə, üslublarda, incəsənətdə, siyasətdə, müharibələrdə (hətta müharibələr yüzillik olsa belə, onun daxilində dövr və nəsillər dəyişir), sevimli və seçimli adamlara münasibətdə, nəzakət qaydalarında, küçə söyüşlərində, bir sözlə, dəbə düşən və dəbdən düşən hər bir şeydə ölçüləri müəyyən edən həmin nəslin nümayəndələri olur. İyirmi beş il keçəndən sonra onlara ayrılan müddət başa çatır. Köhnə nəslin yerinə yeni nəsil gəlir. Əlbəttə, yeni nəsil əvvəlkindən fərqlənəcək. Şərt deyil ki, bu fərq özünü yeni yaranan zövqlərdə, dəbə minən və ya dəbdən düşən üslublarda, dünya haqqında yeni təsəvvürlərdə, hər hansı sahədə əldə olunan yeni biliklərdə göstərsin. Ola bilər bu yeniliklərin heç biri yeni nəsilə qismət olmasın. Belə vəziyyətdə yeni layihələr, yaxud necə deyərlər, projelər olmayanda, arxivləşdirmə uğrunda mübarizə gedir. Yeni nəslin özündən əvvəlkinə qarşı haqlı və haqsız hücumları başlayır. Ən yaxşı halda onları tələm-tələsik arxivə təhvil vermək uğrunda çarpışırlar. Pis halda isə yaşlıları kökündən inkar edir, onları hər mənada ziyanlı adlandırırlar. Bu zaman tənqidçi, inkarçı, müxalif mövqedən çıxış edən nəslin nümayəndələri haqlı və ya haqsız olduqları barədə düşünmürlər. Buna vaxt yoxdur. Sayğacda "25 il" müddəti işə düşüb, yubanmaq olmaz.

TƏQVİM / ARXİV