HÖRMƏT(sizlik)

ƏBÜLFƏT MƏDƏTOĞLU
31398 | 2007-08-04 10:50
Bu yazı elə-belə yazılmır. Bu yazı əslində elə bir-birimizə hörmətin və (sizliyin) nəticəsidi. Yəni mənim diqtə etdiklərimi bilgisayara köçürən Vüsalə xanım əslində öz işini görməklə yanaşı, həm də bir hörmət, diqqət göstərir. Və beləcə balaca bir kollektivdə bir-birimizə hörmətin, diqqətin sayəsində həm boynumuza düşən yükü səhərisi günə daşıyırıq, həm də ən azı bir-birimizin insan kimi könlünü xoş edirik. Amma...
   
   gəlin əvvəldən başlayaq. Azərbaycanın eni, boyu bəllidi. O cümlədən əhalisinin sayı da, iqtisadi mənzərəsi də, siyasi durumu da.Bax, o bəlli olan bütün cəhətlərin içərisində həmişə nəsə çatmır. Və özü də bu çatmayanın nə olduğunu hamı bilir. Təəssüf ki, hamı da bilə-bilə bu "çatmayanı",bu addım başı ehtiyac duyulanı tapıb yerinə qoymağa, tərtibetməyə iynə ucu boyda da olsa cəhd göstərmir. Bir arxayınçılıq, bir laqeydlik, bir biganəlik, bir dözümlülük nümayiş etdiririk. Sanki elə belə də olmalıdı... O vaxta qədər ki, həmin o addımbaşı yeri görünən, ehtiyac hiss olunan, zəruri sayılan, amma biganəlik göstərdiyimiz bizim özümüzə gərək olur. Bax onda...
   
   Bu balaca Azərbaycanda kim nə istəyir, necə istəyir, nə cür istəyir edir və yaşayır. Necə deyərlər, az qala heç kim heç kimin ərizəsini oxumur. Hətta özünü babat ziyalı hesab edənlər də bu boyda məmləkətdə gündəlik çıxan beş-altıqəzetin oxusabirindən, uzaq başı ikisindən xəbərdar olar. Elə ki, cırtdan bir qəzetdə həmin o babat ziyalının biri haqqında balaca bir cızma-qara işıq üzü gördü, onda aləm qarışır bir-birinə. Qəzeti əl-əl axtarırlar. Adı, ünvanı bilinməyən həmin o qəzeti, onun redaktorunu, yaradıcı, qeyri-yaradıcı kollektivini, bilgisayarından tutmuş, korrektoruna qədər hamısı axtarılır, bir-bir kimin kimsənəsi olduğu araşdırılır, hətta regionu da, kəndi də dəqiqləşdirlir. Beləcə şübhələr, təhqiqatlar davam etdirlir, sonrası da məlum.
   
   Bunu elə-belə xatırlatmadım. Bu faktın özü bizdə hələ ki, adını çəkmədiyim, amma yazının başlığına çıxartdığım əxlaqi keyfiyyətin hansı durumda olduğunu göstərir. Yəni demək istəyirəm ki, ildə bir və ya iki dəfə çıxan qəzetin xırda bir sancması aləmi qatır bir-birinə. Amma gündəlik çıxan, hər şeydən və hər kəsdən yazan, hər şeyə və hər nəyə münasibət bildirən, qapı açan, sayqı göstərən mətbu orqanıisə o cür əlim yandıda axtarılmır. Çünki həmin o gündəlik qəzetdə həmin o babat ziyalını və yaxud məmuru sancmayıblar. Sancsalar yuxarıda göstərdiyim proses bu qəzetin tərkibində də təbii ki, eyni ilə davam etdiriləcək. Buda öz yerin- də...
   
   Dəfələrlə müşahidə etmişəm. Yəqin hər kəsin də xəbəri var. Bir kəsi cəzalandıran kimi aləm dəyir bir-birinə. İstər iqtidar olsun, istər müxalifət. Bir yaxa cırması başlayır ki, Allah göstərməsin. Amma o cəzalandırılan adamın günahı və yaxud onun bizim çevrəmizdə, gözümüzün qabağında törətdikləri, yolunu çaşması, başqasının haqqını tapdalaması, sayqısızlıq göstərməsi və sairə aylarla, illərlə bizim yanımızda, ətrafımızda,gözümüzün qarşısında baş verir. Heç birimiz dillənmirik, hətta çalışırıq ki, diqqətimizdən kənarda qalsın. Elə ki, həmin o dediyim məqamlar pozulur və kimsə bu məqamlarıpozanı dayandırır, ondabir etiraz dalğası gəlir. guya biz insan haq-larını, ədaləti qorumağa başlayırıq. Anlaya bilmirəm ki, biz dünənə qədər harada idik? görmürdük o adamın əməllərini?
   
   Ailədə böyüklərdən biri - ya ata, ya ana olmayanda (müxtəlif səbəblərdən) böyük övlad o missiyanı öz üzərinə götürür. Yəni ailə idarə olunur, vay odur ki, ailədə bir başıpozuqluq olsun, heç kim bir-birinin yerini, səlahiyyətini, nə boyda olduğunu bilməsin. Bax, vaynövsə onda qopur. Kollektivdə də belədi. Bu gün biz gündəlik qəzetin yükünü daşıyırıq. Üzərimizə götürdüyümüz bu missiya əslində hər birimizin vəzifə borcu, çörək ağacı olsa da onun icra mexanizmində yenə yazının başlığına çıxartdığım hörmət dayanır. Təəssüf ki, ölkəmizdə olduğu kimi, bu balaca "ölkədə" də bir-birimizə hörmət və diqqət ancaq sözdədi. Və bu yerdə hardasa oxuduğum bir şer misrasıyadıma düşür:
   
   - görəsən, biz niyə beləyik?
   
   İnsan ömrünü dini yanaşmayla dəyərləndirsək sanılı gündü. Allahın yazdığıtarix vaxtında öz nöqtəsinə çatır. Əgər bu belədirsə onda bir-birimizə niyə hörmət etmirik. Axı, insanı yaşadan təkcə hava, çörək, su deyil, həmdə diqqətdi, sayqıdı. Məşhurfilmdə deyildiyi kimi: "Söhbət sosiskada deyil, söhbət vinimatelni olmaqdadı". Bəlkə biz də vinimatelni olaq. Ən azı üzərimizə düşənişə qarşı. Bu iş prosesində bir-birimizə qarşı. Bu yaşadığımız həyatda özümüzə və ətrafımıza qarşı. Vallah, billah mən bundan yaxşı heç nə tanımıram və görmürəm. Onsuz da məndə hamı kimi sanılı bir gün yaşayıram. Və bilirəm ki, dünyada bir rəhmət qalır, bir lənət. Sonuncu bizdən uzaq olsun.
   
   P.S. Diqqətli oxucu yəqin ki, daşın hardan götürüldüyünü hiss etdi. Amma neyləyim ki, mənim şerlərimin birinin də adı "Diqqət"dir. Və ömrüm boyu da çalışmışam ki, heç kimə qarşı diqqətsiz olmayım. Hörmət(sizlik) anlayışı mənim üçün çox önəmlidi. Bu sözü bitişik görmək istəmirəm. Amma həyatda ən böyük amalım bütövlükdü. gəlin hörmətli olaq, diqqətliolaq. Məncə, belə daha yaxşıdı.
   
   

TƏQVİM / ARXİV