adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Dövlətimiz sübut etdi

ÇİNGİZ MÜDAFİƏÇİSİ
345349 | 2012-11-21 15:31
Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş azərbaycanlı zabit Ramil Səfərovun avqustun 31-də Azərbaycana ekstradisiya olunması və dərhal cənab prezident tərəfindən əfv edilərək azadlığa buraxılması qərbin bəzi dairələrini narahat etmiş, Ermənistanda isə ictimai-siyasi prosesləri qızışdırmışdır.

Ramil Səfərov azad olunan gün Ermənistan buna etiraz əlaməti olaraq Macarıstanla diplomatik əlaqələri kəsmişdir. Ermənistanda hökumət əleyhinə bir neçə kütləvi aksiyalar keçirilmiş, xarici işlər nazirinin və digər hökumət üzvlərinin istefası tələb olunmuşdur. Eyni zamanda İrəvanda və bir neçə digər ölkələrdə Macarıstan səfirliklərinin qarşısında etiraz aksiyaları keçirilmiş, Macarıstanın dövlət bayrağı yandırılmışdır.

Ağ Evin mətbuat katibi Tommi Vitor bu məsələ ilə bağlı jurnalistlərə Barak Obamanın mövqeyini şərh edərkən qeyd etmişdir ki, Ağ Ev Ramil Səfərovun əfv edilməsi ilə bağlı narahatlığını bildirir və bu hadisənin regionda gərginliyin azalmasına mane ola biləcəyini qeyd edir.

ABŞ dövləti azərbaycanlı zabitin öz ölkəsinə verilməsi ilə bağlı Macarıstandan izahat tələb etmişdir.

Heç cürə başa düşülən deyil ki, iki müstəqil dövlət, Azərbaycanla Macarıstan arasında beynəlxalq hüquqa söykənən anlaşmaya görə üçüncü dövlət olan ABŞ hər hansı bir formada izahat tələb etsin. Söhbət müstəqil dövlətlərdən gedir. Yalnız Ermənistan kimi Rusiyanın yedəyində gedən bir dövlət öz "ağa"larına bu cür izahatlar verə bilər. Mənim araşdırmalarıma görə Macarıstanın Amerikadan heç bir asılılığı yoxdur və izahat verməyə də borclu deyil.

Ermənistan mətbuatı və hökuməti Ramil Səfərovu terrorçu kimi qələmə verir.

Ramil Səfərovun əməli adi bir cinayət hadisəsidir. Öz doğma dədə-baba torpaqlarının ermənilər tərəfindən işğalını, əzizlərinin və yaxınlarının qəbirlərinin tapdaq altında olmasını, doğmalarının şəhid olmasını, qaçqın düşməsini görən və bu ağrılarla yaşayan bir gənc Azərbaycanın dövlət bayrağına edilən təhqiramiz hərəkətlərə görə emosiyalarını boğa bilməmiş və ölümlə nəticələnən cinayət hadisəsi törətmişdir.

Burada hansı terror əməlindən söhbət gedə bilər? Terror daha geniş anlayışdır.

Mən müqayisə üçün erməni terroru ilə bağlı bir tarixi faktı xatırlatmaq istəyirəm.

1983-cü ilin 15 iyul tarixində erməni terror təşkilatı olan ASALA-nın Fransadakı fəaliyyətinə rəhbərlik edən Varujan Karapetyan Parisin Orli hava limanında Paris-İstambul reysi ilə uçan Türkiyə təyyarəsinə partladıcı bomba qoymuşdur. O istintaqda qeyd etmişdir ki, bir sərnişinə 65 dollar verərək yükünün çox olduğunu bildirmiş, çamadanlardan birini (bomba qoyulmuş) öz adından baqaja verməsini xahiş etmişdir. Lakin bomba vaxtından əvvəl təyyarə göyə qalxmazdan qabaq yük yerində partlamışdır. Nəticədə 8 nəfər ölmüş, 60 nəfər isə Türkiyə vətəndaşı yaralanmışdır. Həlak olanlardan ikisi türk, dördü fransız, biri isveç, biri isə Amerika vətəndaşı olmuşdur. Həmin dövrdə erməni ziyalılarından Silva Kaputikyan, Gevorq Emin, Perç Zeytunsyan, Zori Balayan və bir çox digərləri onun müdafiəsinə qalxmışdılar.

Həmin terrorçunu 2001-ci ildə Fransa ədliyyə orqanları həbsdən azad edərək Ermənistana təhvil vermişdir. O zaman nə Amerika, nə də digər hər hansı bir dövlət yüzlərlə insanı öldürməyə cəhd edən bu terrorçunun azad olunmasına etiraz etmədilər.

Ermənistana gələn Varujan Karapetyan İrəvanda ilk mətbuat konfransı keçirtmək üçün zala daxil olarkən erməni jurnalistləri onu ayaqüstə və alqışlarla qarşıladılar. Növbəti günü Ermənistanın baş naziri onu qəbul etdi. Bu hansısa istedadlı kinoaktyor, tanınmış idmançı və ya müğənni, məşhur siyasətçi deyildi. Bu Fransa, Kanada, Portuqaliyada çoxlu sayda terror aktları törətmiş, onlarla insanın ölümünə, yüzlərlə insanın yaralanmasına, çoxlu dağıntılara səbəb olmuş erməni terror təşkilatının - ASALA-nın aktiv üzvlərindən biri idi.

Buna baxmayaraq, ona Ermənistan dövləti tərəfindən ev, iş və avtomobil verildi.

Terrorçu azadlığa buraxılanda hamı, o cümlədən böyük dövlətlər susdu.

İndi nə baş vermişdir? Xristian qardaşlığı, yoxsa türk qısqanclığı?

İkili standartlar, ikili yanaşmalar, yoxsa erməni lobbisi qarşısında acizlik?

Bəzi dövlət başçılarının siyasi manevrləri, yoxsa beynəlxalq hüquq normalarına göz yummalar?

Göründüyü kimi Ramil Səfərov terrorçu deyil və o Avropa Konvensiyasının müddəalarına uyğun olaraq Azərbaycana təhvil verilmişdir. Həmin Konvensiyaya görə iştirakçı dövlətlər məhkum təhvil verildikdən sonra öz ölkəsinin Konstitusiyasına uyğun olaraq əfv edilə, cəzası dəyişdirilə və ya azaldıla bilər.

Azərbaycan Prezidenti İlham Əliyev cənabları Azərbaycan Konstitusiyasının 109-cu maddəsi ilə ona verilən səlahiyyətlərdən istifadə etmiş və bu addım Konvensiyaya və digər beynəlxalq hüquq normalarına zidd deyil.

Bir şeyi də qeyd edim ki, Ramil Səfərovun Budapeştdə törətdiyi cinayət əməli elə ilk gündən Ermənistan dövləti və erməni lobbisi tərəfindən siyasiləşdirildi. Nəticədə Ramil Səfərova törətdiyi əmələ adekvat olmayan, olduqca ədalətsiz və qərəzli hökm çıxarıldı. 30 il müddətində əfv edilməmək şərti ilə ömürlük həbs cəzası. Bu bütün hüquqşünasları və dünyanın bütün ədalətli insanlarını heyrətə salan bir hökm idi. Bu ədalətsiz qərarı Ermənistan və erməni lobbisi özlərinin qalibiyyəti kimi alqışlarla qarşıladı.

Ramil Səfərovun timsalında isə Azərbaycan dövləti ədalətsizliyə məruz qalmış vətəndaşının taleyinə biganə və laqeyd qala bilmədiyini sübut etdi.

Çingiz QənizadəMilli Məclisin deputatı, Hüquq müdafiəçisi

Yazarın digər yazarlar

TƏQVİM / ARXİV