adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

ARTIQ OLMAZ, YOXSA ƏSKiK?

OQTAY SALAMOV
18976 | 2007-08-02 05:40
Deyir, bu gündən (siz qəzeti oxuyanda dünəndən) Azərbaycan, Özbəkistan, Tacikistan, Türkmənistan və Monqolustan vətəndaşları bir ayacan müddətə Türkiyəyə vizasız gedə bilərlər. İlk baxışda çox cəlbedici və hətta Türkiyə tərəfindən minnətli görünən bir addımdır. Ona görə minnətli deyirəm ki, Türkiyə bu qərarı birtərəfli olaraq verib, yəni adıçəkilən dövlətlər türk vətəndaşına vizanı ləğv etməyiblər.
   
   İqtisad elmləri doktoru Zahid Məmmədov bu barədə fikirlərini bölüşdürərkən "Türkiyə viza ilə bağlı addımı çoxdan atmalı idi" deyib. Sözsüz ki, fikirlərinə hörmətlə yanaşdığımız adamın dediklərinə inanmamız da gərəkdir. Amma bu addımın xeyirindən çox ziyanı olduğunu alimlər yox, işi və ticarəti ilə bağlı oraya gedən adamlar söylədiyindən, Molla Nəsrəddin demiş, bu işin nəzəriyyəsi ilə əməliyyəsi bir-birinə uyğun gəlmir. Xırdalayım?
   
   Əvvəla, vizasız gediş ancaq turist kimi gedənlərə aiddir. Sürücülər, iş üçün gedənlər yenə viza almalıdırlar. İndi vizanın əvəzinə ölkəyə daxil olarkən səfərin məqsədləri, dayanacağın yer, gətirdiyin pulun miqdarı haqda soruşacaqlar. Yəni əvvəllər ya Türkiyənin səfirliyindən (mən gedən vaxtlarda pulsuz idi, indi bilmirəm -O.S.), ya da sərhəddi keçəndə onların gömrük məntəqəsindən, aeorportdan 10 dollar ödəməklə viza alırdın və bütün sorğu-suallardan, onların nəticəsində yarana biləcək maneələrdən azad idin. Qoy türk qardaşların kefinə dəyməsin, bizimkilərin ayaqları oraya dəyəndən sonra onlar da "hörmət"in nə olduğunu bilirlər və bu sorğu-sualın olmaması üçün vizanın qiymətindən dəfələrlə artıq "hörmət" istəyəcəklər. Hələ bizimkilərin "sorğu-sualı" neçəyə başa gələcək, bilinmir. Çünki deyirlər ki, "sərhəd gömrük məntəqələrində qısa söhbət aparılacaq". Qısa da çox kəsə və konkret olur axı.
   
   Bu hələ çiçəkdir, meyvələri daldadır. Mən bu "şad" xəbəri iki telekanaldan eşitdim və iki qəzetdən oxudum. İnanın ki, dörd müxtəlif yozumla qarşılaşdıi. Telekanalların izahı fakt kimi əlimdə yoxdur, amma qəzetlər durur. "Şərq" qəzetindəki məlumatda deyilir ki, "adı çəkilən ölkələrdən maksimum 30 günlük müddətə Türkiyəyə gələcək şəxslər hər gün üçün 30 ABŞ dolları xərcləmək imkanında olmalıdır". Mən bunu belə başa düşürəm ki, əgər qalacaq hər günün üçün ən azı 30 dolların yoxdursa, Türkiyəyə girə bilməzsən. İzahın davamında deyilir: "Yəni 10 günlük Türkiyəyə gedən şəxs özü ilə 300 dollar, bir ay qalacaq şəxs isə 900 dollar aparmalıdır". Bu da mənim başa düşdüyümü təsdiq edən fikirdir- 900 dolların yoxdursa Türkiyədə nə işin var?
   
   "Azadlıq" qəzeti isə yazır ki, "Türkiyəyə vizasız gedin, amma 1000 dollardan artıq aparmayın". Çünki "ölkəyə daxil olan şəxs Türkiyədə olacağı hər gün üçün 30 dollardan və ya türk lirəsilə buna adekvat məbləğdən artıq pul götürməməlidir".
   
   Yaxşı, indi bu millət neynəsin, aparsın, yoxsa aparmasın? Birinə aparmaq sərf eləmir, çünki yoxudur. Daha heç borc verəni də yoxdur. Balaca bir haşiyə: Deyir, biri yolda rast gəldiyi ilk adamdan borc istəyir:
   
   -Qardaş, bərkə düşmüşəm, mənə 100 dollar borc ver, gələn həftə qaytararam.
   
   Adam təəccüblənir:
   
   -Ay qardaş, mən heç səni tanımıram axı. Sən tanıdığın birindən istəsən yaxşı olar.
   
   Kişi dilxor-dilxor:
   
   -Məsələ belədir ki, daha tanıyanlar borc vermirlər...
   
   ...İndi bu fağır neynəsin, bir xeyirxah adam əl tutub ki, get 5-10 gün Türkiyədə gəz. Ölüb gedəcəksən, arzun ürəyində qalacaq. Arzusu ürəyində qalmamaq üçün borc eləsin? Dedim axı, borc verən də yoxdur.
   
   O birinə cəmi 900 dollarla Türkiyəyə getmək qətiyyən sərf eləmir. Kişi ticarətə gedir, səsə düşməsin deyən adını turist qoyur. 1000 dollarla neynəsin, "semiçqa" alsın?
   
   Zahid müəllim deyir ki, türk dövlətlərinin yaxınlaşması üçün iqtisadi münasibətlər əhəmiyyətli dərəcədə inkişaf eləməlidir. Bu iki fərqli yozuma baxıram, heç birində iqtisadi inkişafa doğru bir şey görmürəm. Yəni bineyi-qədimdən ticarətlə məşğul olan türk bilmir ki, niyə birtərəfli qaydada vizanı bəzi adamlara ləğv edir?
   
   Alimin dediklərindən belə çıxır ki, Türkiyəyə turist gedən monqollar, taciklər hələ üstəlik türk dilini də bilsələr yaxşı olar. Bu qərardan "insanlar rahatlıq tapacaqlar" söyləyən iqtisadçı digər beş ölkənin də eyni addımı atacağına inanmır. Belə çıxır ki, həmin ölkələrdə insanların rahatlıq tapacağını istəmirlər. Amma Zahid müəllim bu addımın atılmayacağını iqtisadiyyatla bağlayır: "Çünki viza sistemi səfirliklərin böyük gəlir mənbələrindən biridir".
   
   Deyəsən, Zahid müəllim yarı türkcə "konuşduğu" kimi, yarı türk kimi də düşünür. Deyir, yaxın müddətdə yalnız Azərbaycan bu addımı ata bilər: "Azərbaycanın belə bir qərar çıxartması labüd və gərəklidir". Zahid müəllim, mən o siyahıda Monqolustanın adını oxuyanda dalağım sancmışdı. Amma bu son sözünüz məni daha çox təəccübləndirir. Yəni biz o qədər monqoluq ki, səfirliyimizin gəlir mənbəyini əldən verək? Biz cəhənnəm, səfirimiz monqol deyil axı...
   
   
   
   

TƏQVİM / ARXİV