adalet.az header logo
  • Bakı 13°C

SƏNDƏN SORUŞURAM: - BU ODUR??!

OQTAY SALAMOV
19268 | 2007-07-31 05:59
Rusların bir məsəli var, "i smex i qrex". Allaha ağır getməsin, "Bizim gündəm" qəzetindən oxuduğum bir xəbər məni bu ağlamalı-gülməli qeydi yazmağa məcbur etdi. Sonra başqa qəzetlər də oxudum. Amma əvvəlcə "Bizim gündəm"dən danışaq...
   
   Balaca bir xəbərin böyük bir başlığı var: "Hökumət evinin qarşısında ağacdan asılmış meyit tapılıb". Xəbər sizə məlumdur. Maraqlı görünən xəbərin sonluğu, son abzasıdır: "Dünən 2007-2008-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinə II ixtisas qrupu abituriyentlərinin qəbul imtahanları keçirilib" ("Bizim gündəm" 088 sayı. 28.07.2007)
   
   Belə görünür ki, texniki xətadır, ikinci xəbərin başlığı düşüb və o, avtomatik olaraq birincinin davamı kimi gedib. Amma qəribəsi odur ki, əsas xəbərdə mərhumun şəxsiyyətinin müəyyənləşməsi üzərində iş aparıldığı bildirilir. Yaşı 30-35 müəyyənləşdirilən mərhumun abituriyent olub-olmaması, hansı qrupda imtahan verməsi və ya vermək istəməsi, müəllim yanına gedib-getməməsi, adamının olub-olmaması sualları məhz qəzet xətası nəticəsində yaranır. Nə isə, Allah rəhmət eləsin və günahımdan keçsin...
   
   
   
   ***
   
   Elə həmin qəzetin həmin sayında bir məlumat da dərc olunub ki, "Azərbaycanlı qonaq Amerika kazinosunda 5000 dollar udub". Sözsüz ki, adı verilməyib. Amma müsəlmançılığımızı orada da bildirmişik: "müvafiq sənədlər olmadığından uduşun alınması ilə bağlı bəzi problemlər yaranıb". Ay qardaş, sənədlərini düzgün saxla dəə... İndi pulu göndərəcəklər Azərbaycana və hamıdan soruşacaqlar ki, "bu odur"?..
   
   
   
   ***
   
   "Azadlıq" yazır ki, "Respublika Doğum Evi də bağlandı". Qəzet bunu səhiyyə nazirinin istəyi ilə əlaqələndirir. Mənim siyasətlə işim yox, amma doğum evinin bağlanmasında təkcə naziri günahlandırmağın əleyhinəyəm. Məncə, doğum evinin bağlanmasında doğan və doğuzduranların birbaşa günahı var. Rusiya hər doğana 250 min rubl verir, yenə doğmurlar, "Teksun" yeyib 40 manata doğmaq olar? Doğuş artsın, narahat olmayın, doğmağa yer tapılacaq. Doğulanın ağlına da gəlməyəcək ki, Respublika Doğum Evində doğulub, yoxsa şəxsi evdə. Heç nazir də soruşmayacaq: "Bu odur?"..
   
   
   
   ***
   
   Hacı İlqar İbrahimoğlu "Azadlıq"da yazır ki, "Rüşvətxor cənnətin ətrini duymayacaq". Deyir ki, "İslam dini korrupsiyanı lənətləyir, çünki onun əsasında özünə aid olmayana sahib çıxmaq dayanır, özünə aid olmayana sahib çıxmaq isə haramdır". Daha sonra həzrəti peyğəmbərimizdən bir iqtibas da gətirir: "Allah rüşvət verənə də, rüşvət alana da, onların arasında vasitəçilik edənə də lənət eləsin".

TƏQVİM / ARXİV