adalet.az header logo
  • Bakı 17°C
12 Avqust 2014 15:06
8630
GÜNDƏM
A- A+

Azərbaycanda Şəhidlər günü olmalıdırmı?- Sorğu

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 20 faiz torpaqlarımızın işğal olunması ilə yanaşı 1 milyondan artıq həmvətənlilərimizin doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi ilə nəticələndi, maddi-mənəvi ziyan vurdu. Qarabağda illərin, əsrlərin qoynunda uyuyan tarixi abidələrimiz, inanc yerlərimiz talan olundu. Bununla yanaşı 10 minlərlə igid, nər oğullarımız müharibə iştirakçısı oldu. Bunlardan bir çoxu yaralandı, bir çoxu ana yurdunu ləyaqətlə qoruyub şəhidlik kimi müqəddəs bir zirvəyə yüksəldi. 

Dünyanın bir sıra ölkələrdə Şəhidlər günü qeyd olunmasına baxmayaraq, Azərbaycanda bununla bağlı xüsusi bir gün yoxdur. 20 yanvar, Xocalı və digər soyqırımları qeyd etsək də təqvimdə bir günü Şəhidlər günü kimi qeyd etmirik.

Adalet.az saytı olaraq təqvimdə bir günün Şəhidlər günü kimi qeyd olunub-olunmaması ilə bağlı ictimaiyyət nümayəndələrinin fikirlərini öyrəndik.

Millət vəkili Aqil Abbas: "Bununla bağlı xüsusi günün olmasını doğru hesab etmirəm. Azərbaycanda matəm günləri kifayət qədərdir. 20 yanvar faciəsi, 26 fevral Xocalı Soyqırımı, 31 mart Soyqırımı günləri bizdə elə Şəhidlər günü kimi də qeyd olunur. Əlavə olaraq Şəhidlər gününün də təqvimdə yer alması düzgün olmazdı".

Millət vəkili Fazil Mustafa: "Əslində 20 yanvar gününün mahiyyətini dəyişərək Şəhidlər günü etmək daha məqsədəuyğundur. Yenidən ayrıca bir gün müəyyənləşdirməyə zərurət görmürəm".

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid: "Lazım bilmirəm. Matəm günləri, Soyqırım günləri var. Ona görə də yeni bir kədərli günə ehtiyac duymuram. İnşallah torpaqlarımız geri alınar, qələbə günü təsis edərik".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı: "Maraqlı təkilifdir, amma buna necə yanaşılması, hansı prinsiplərin əsas götürülməsi də sual doğurur. Hansı günün olmasına gəlincə isə - 20 yanvar günü bəlkə də ola bilər”.


"Yeni Müsavat" qəzetinin redaktor müavini Azər Ayxan: "25 ilə yaxındır ki, Azərbaycanda 20 yanvar təqvimi əslində elə Şəhidlər günü kimi qeyd olunur. Hər il də o təqvimdə insanlarımız Şəhidlər Xiyabanına axışır. Ona görə də şəhidlərlə bağlı xüsusi bir günün təqvimə salınmasına ehtiyac görmürəm. Şəhidlərin xatirəsinə, onların ailələrinə isə hər gün, hər zaman hörmət və qayğı göstərilməlidir".

"Lent.az" saytının baş redaktoru Qabil Abbasoğlu: "Belə bir günün müəyyən edilməsinə lüzum görmürəm. Nə praktik baxımdan, nə də mahiyyət etibarilə belə bir gün təyin etmək mümkün deyil. Şəhidin və şəhidliyin günü olmaz”.


"Novoye Vremya"(Yeni Zaman) qəzetinin baş redaktoru Şakir Ağayev: "Təbii, yaxşı ideyadır. Hər bir ölkədə şəhid hər kəsdən yüksəkdə durmalıdır. Şəhidlik vətənə məhəbbətin ən yüksək zirvəsidir. Şəhidin ailəsi də bunu hiss etməlidir. Ən yüksək diqqət və qayğı şəhidə və ailəsinə olmalıdır. Bu milli ideologiya gənc nəslin vətənpərvərlik tərbiyəsinə bir örnəkdir".

"525-ci qəzet"in redaktoru Yusif Rzayev: "Dağlıq Qarabağ münaqişəsinin yaşı 25 ildən çoxdur. Bu illər ərzində çox şəhidlər vermişik. Bəlkə də təqvimin elə günü yoxdu ki, Azərbaycan şəhid verməsin. Bu mənada indi desək ki, hansısa günü Şəhidlər günü kimi seçək, onda da başqa bir mübahisə mövzusu açılacaq. Bir də ki Azərbaycanda Şəhidlər günü var - 20 Yanvar günü. Bu gün konkret olaraq Şəhidlər günü adlanmasa da, həmin gün ancaq şəhidlərimiz yad olunur. Mən arzulayıram ki, tezliklə torpaqlarımız azad edilsin və bizim təqvimimizə Qələbə günü düşsün. Məncə, o gün birinci növbədə elə Şəhidlərimizin günü olacaq- onların ruhunun rahatlıq tapdığı gün!"