LAQEYDLİK

FAİQ QİSMƏTOĞLU
33975 | 2014-08-12 00:16
İnsanın elə cəhətləri var ki, o, ən böyük xəstəlikdən daha qorxuludur. Bu "xəstəliyin" adı laqeydlikdir. Bir anlıq, bir dəqiqəlik, bir saatlıq laqeydlik insanı ömrü boyü incidir və onun ürəyinə sağalmaz yaralar vurur. Bəlkə də bəzi oxucular məni qınayacaq və deyəcək: tay bu qədər də şişirtmək olmaz axı?! Amma biz heç nəyi şişirtmirik və heç nəyi də böyütmək istəmirik.
Hər şeyi olduğu kimi və gördüyümüz qədər təqdim eləmək istəyirik. Biz istəyirik ki, heç kim belə çətin, ağır və faciəli anları bir daha yaşamasın. Allah-Təala heç kimi övlad dağı ilə, bala dərdi ilə sınağa çəkməsin!..
İndi xatırlayacağımız və yada salacağımız yaxın vaxtlarda baş vermiş hadisələr bu laqeydliyin, bu biganəliyin və bu məsuliyyətsizliyin nəticəsidir. Bir həftə bundan öncə Bakının çimərliklərinin birində nəzarətsiz qalan beş uşaq bir anın içində dənizin qurbanına çevrildi. Valideyn nəzarətindən və valideyn diqqətindən kənarda qalan bu beş uşaq böyüklərin gözündən yayınıb dənizə çimməyə gəliblər. Və hər şey də bir göz qırpımında baş verdi: onlar dalğalı dənizə girib və bir anda dalğaların qoynunda itiblər. Dalğıcların nəzarətindən uzaq olan və həmin yerdə çimmək qadağan edilməsinə baxmayaraq, bu uşaqlar çimərliyə gəlib və orda çimmək istəyiblər. Təbii ki, hər beş uşağın meyiti müəyyən müddətdən sonra dalğıclar tərəfindən tapılıb və ailələrinə təhvil verilib. Beş faciə və beş uşağın ömrünün son anı! Nə qədər hıçqırıqlar qopsa da, göz yaşı tökülsə də onları geri qaytarmaq mümkün deyil. Bu uşaqları heç kim qınaya bilməz. Qınaq yeri yenə də böyüklər, valideynlər və ata-analardı.
g Bir müddət keçmədi, yenidən Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində bir qadın iki uşağı və üç nəfər balaca qonşuları ilə birlikdə suda batdı. Uşaqların batdığını görən qadın özünü çaya atıb və onları xilas etməyə çalışıb. Ancaq onun özü də dəli Kürün qurbanına çevrilib. Hansı ki ana, uşaqları və qonşudan olan daha üç uşaq orda istirahətə getmişdilər. Yenə adi bir diqqətsizlik və nəzarətsizlik böyük bir faciəyə gətirib çıxarıb. Sadəcə olaraq, ana bir qədər diqqətli olsaydı uşaqların hərəkətinə nəzər yetirsəydi, təbii ki, bu faciə baş verməzdi. Amma neyləmək olar ki, laqeydlik və səhlənkarlıq "xəstəliyi" bizim qanımıza işləyib. Biz onda ayılırıq ki, hər şey gec olur və daldan atılan daş topuğa dəyir.
Hər günümüz, hər dəqiqəmiz və hər anımız biz insanlardan çox böyük məsuliyyət, diqqət və qayğı tələb edir. Bayaq dediyimiz kimi, bir anın səhlənkarlığı və diqqətsizliyi bizi ömrümüz boyu gözü yaşlı qoyub. Bir neçə gün bundan əvvəl yaşadığımız binanın həyətində nəvələrimlə bir yerdə gəzişirdik. Bu vaxtı yaxınlıqdakı xüsusi düzəldilmiş bağdan iki yaşlı bir qız uşağı qapını açıb çölə çıxdı. Ağlaya-ağlaya qaçmağa başladı. Nə qədər elədim o iki yaşlı qız uşağını saxlaya bilmədim. Axırda nəvələrimdən biri 100-150 metrdən sonra uşağı dayandıra bildi. Bir qədər də getsəydi yola çıxacaqdı və şütüyən maşınlar onu vuracaqdı. Nəvələrimdən biri həmin bağdakı insanları səslədi, ordan bir qadın çıxdı və məlum oldu ki, bu qadın nəzarətsiz qalan uşağın anasıymış. Sən demə, qadının başı söhbətə qarışıb və uşaq da bundan istifadə edib qapını açaraq küçəyə çıxıb. Qadın mənə dil-ağız elədi və dedi ki, nə yaxşı xəbər elədiniz, yoxsa uşağı maşın vuracaqdı.
Bax belə. Adi bir səhlənkarlıq, adi bir diqqətsizlik sonda acı faciə ilə nəticələnə bilər. Gəlin nəvələrimizə və uşaqlarımıza diqqətimizi, qayğımızı əsirgəməyək. Bir balaca başımız söhbətə qarışa bilər, bax onda yaxınlıqdakı uşaqlarımız gözdən itər və nəticədə ağır bir faciəli an yaşaya bilərik...

FAİQ QİSMƏTOĞLU

TƏQVİM / ARXİV