adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

DİRİLƏN ADAMIN SÖYLƏDİKLƏRİ...

BABƏK YUSİFOĞLU
53633 | 2014-08-12 00:10
Bu dünyanın qəribəliklərlə, sirlərlə, müəmmalarla dolu olduğunu bu gün isbatlamağa heç bir ehtiyac yoxdur. Hərçənd bugünkü elmi-texniki inkişafın heyrətamiz səviyyəsi insan övladına inanılmaz bilgi əldə etmək imkanları yaradıb. Lakin bəşər övladı hələ də bilmək, öyrənmək istədiyi saysız-hesabsız sualların qarşısında aciz qalıb. Qəribədir, əslində insanlar çox bilgi sahibi olduqca bir o qədər də məchulluqlarla üzləşirlər. Lap birləşmiş qablar qanundakı mayenin səviyyəsi kimi...
Və bu sorğular arasında insan oğlunu ən çox düşündürən gələcək və daha sonrası, yəni ölümdən sonrakı proseslərlə bağlıdır. Niyəsə hər kəs həyatında nələrin necə olacağı haqqında bilmək istəyir. Ən azı ətrafda baş varən hadisələrin, müşahidə etdiyimiz situasiyaların, daha geniş mənada isə dünyada cərəyan edən proseslərin nəyə gətirib çıxaracağından xəbərdar olmağı arzu edirlər. Amma təəssüf. Bunları bilmək Tanrının xüsusi qabiliyyət bəxş etdiyi insanlardan savayı kimsənin imkanları daxilində deyil. Və mənə görə bu cür fenomenlərin təzahürü də ondan ötrüdür ki, insanlar bu kainatdakı ilahi düzənin Nəhayətsiz Bir Qüdrət sahibi tərəfindən təsis edildiyinə əmin olsunlar. Axı, insanların bir çoxu şübhəçidirlər...
Belə insanlar vasitəsiylə çox şeylərdən xəbər tutmuşuq. Məsələn, Brinkli vasitəsiylə. Özü, elə yaşadığı həyat da möcüzədən ibarət olan Brinkli daha nələrdən məlumatlar verməmişdi ki?
Kim idi bu möcüzə adam?..

(əvvəli qəzetin 5 avqust sayında)

***
Üçüncü dəfə 1997-ci il may ayının 7-də ölümün pəncəsinə düşdü. Və möcüzə yenidən təkrarlansa da Brinkli bu dəfə də həyata qayıtdı. Belə fenomen prosesləri öyrənən, tədqiq edən məşhur amerikalı həkim-psixoloq, fəlsəfə professoru, araşdırıcı alim Raymond Moudi də oxşar hadisələrin uydurma olmadığı qənaətinə gəlmişdi. Bundan ötrü o, klinik ölüm keçirən 150 insanın təəssüratları üzərində araşdırmalar aparmışdı. Və sonradan özü də bu haqda əsərlər yazmışdı...

BRİNKLİNİN HEYRƏTAMİZ ÖNCƏGÖRMƏLƏRİ

İnsanın ölümdən sonrakı mövcudluğu haqqında söylədiklərindən başqa Dennion Brinklinin gələcəkdən verdiyi xəbərlər də inanılmaz maraq kəsb etməkdədir. Özünün dediyi kimi "o dünya"da olarkən gələcək haqqında öyrəndiyi 117 hadisənin artıq 100-ü öz təsdiqini tapmışdı. Brinkli yerdə qalan 17 qlobal insidentinsə vaxtı gəldikcə gerçəkləşəcəyinə adı kimi inanır.
Bəli, söylədiklərinin bu qədəri təsadüf ola bilməzdi. Bu sadəcə mümkün deyildi. Brinkli yazırdi ki, 70-ci illərdə artıq ona Birləşmiş Ştatların prezidentinin bir aktyor olacağı və adının və soyadının "R.R." hərfləri ilə başlayacağı məlum idi. Doğrudan da on bir il sonra - 1981-ci ildə aktyoq Ronald Reyqan Amerikanın 40-cı prezidenti kimi hakimiyyətə gəldi.
Çinlə SSRİ arasında müharibənin baş verəcəyini söyləyirdi. "1975-ci ildə baş verənlər dediklərimi təsdiqlədi. Ruslar və çinlilər arasında sərhəd üstündə qarşıdurma yarandı. Müxtəlif silahlı insidentlərdən sonra Uzaq Şərqdə Çin böyük sayda əsgəri birliklərlə Sibirə doğru hərəkətə başladı.
Ağır döyüşlərdən sonra onlar Transsibir dəmiryol magistralını ələ keçirdilər. Bu uğur Çinə imkan verirdi ki, Sibirin neft yataqlarını nəzarətə götürsün... Sonra mən qar, neft və qan gölləri, minlərlə insan cəsədləri, yanmış və boşalmış şəhərlər görürdüm..." Həmin qanlı hadisələrdən məlumdur ki, keçmiş sovet dövləti məxfi silahlarından istifadə edərək qarşılıq vermək məcburiyyətində qaldı və inanılmaz sayda çin əsgəri qırıldı. Yalnız bundan sonra tərəflər öz mövqelərinə çəkildilər.
1986-cı ildə Yer üzündə sarsıdıcı nüvə partlayışının baş verəcəyi və bunun nəticəsində də soxlu sayda insanın həlak olacağı, böyük bir ərazinin xarabazarlığa çevriləcəyi haqqında söylədikləri keçmiş SSRİ-də - Çernobılda öz əksini tapdı. Dennion həmçinin o dövrlərdə kimsənin inanmayacağı daha bir qlobal hadisənin, yəni SSRİ-nin 1989-cu ildən dağılmağa başlayacağını da bildirmişdi. Və hər kəs bunu da gördü.
1990-cu ildə Yaxın Şərqdə "Səhrada tufan" adlı müharibənin alovlanacağını öncədən xəbər vermiş Brinkli özünün öncəgörmələri haqqında sonralar yazırdı: "Əslində mən baş verəcək əksər hadisələr haqqında danışmağı xoşlamıram, çünki mənim öncəgörmələrim gələcəyin reallığını qabaqcadan bir daha təsdiqləyir. Mən çox böyük məmnuniyyətlə yaxşı işlərdən bəhs edərdim..."

ONUN QƏNAƏTİ...

Dennion deyirdi ki, ruhlar insanların bir çox faciləri, fəlakətləri yaxşı əməlləri, xeyirxah fəaliyyətləri, humanist davranışlarıyla dəyişə biləcəklərini ona bildirmirdilər. Və 3-cü dəfə bu göstərişlərin dəqiqliyinə elə inanmışdı ki, o özü də bütövlükdə günahlarla dolu həyatını, ətrafına ziyan verən xarakterini yaxşılarla əvəzləyə bilmişdi. Çünki qeyri-adi aləmdə qarşılaşdığı hər şey, İşıqdan ibarət varlıqlar - Denniona görə mələklər - onun üzünü yaxşılıqlara doğru çevirmişdi. Brinkli birdəfəlik inanmışdı ki, Tanrının xəlq etdiyi ən ali varlıqlar - insanlar əslində bu dünyaya yalnız xeyirxalıqlar, yaxşı əməllər üçün gəlirlər. Amma çox təəssüf ki, bunlara əməl etmirlər.
Maraqlıdır ki, Dennion Brinkli özündən başqa Böyük Qüdrət tərəfindən xüsusi qabiliyyətlə mükafatlandırılmış insanların, ekstrasenslərin fikirlərini də təsdiqləyirdi. O, kitablarının birində yazırdı: "2004-2012-ci illər arasında Yer planeti Kainatın özü kimi dəyişəcəkdir. Biz yenidən çox-çox əvvəllər mövcud olmuş energetik sistemə qayıdacağıq. Siz bunu mənəvi aydınlıq da adlandıra, Sutökən Erasının başlanğıcı və ya zühuru kimi görə bilərsiniz. Edqar Keysi, Ruf Montqomeri və digərləri də Yer kürəsinin oxunun dəyişəcəyini söyləyib. Bu dəyişikliklərsə öz növbəsində insanların böyük fiziki və mənəvi sarsıntılarına səbəb olacaqdır". Və bir qədər diqqətli insanlar belə bir prosesin artıq başlandığını hiss edə bilir...
Brinkli insanların bu həyatdakı missiyasından sonrakı dövrü üçün yaxşı mənada hazırlıqlı olmalarını hər kəsə tövsiyə edirdi: "Mən insanların mükəmməlləşməsinin sadə bir sirrini bilirəm. Ömrünüzün sonunadək o qədər çox xeyirxah duyğularınız, o qədər çox sevginiz yığılmalıdır ki, bunlar həyatınız boyu insanlara sərf etdiyinizə bərabər olsun. İnanın bundan sadə isə heç nə yoxdur".

O İNDİ HARADADI?..

Hazırda Dennion Brinkli Amerikanın bir hərbi birliyində podryadçı kimi işləyir, həm də "o dünya"nı dəfələrlə görüb gəldiyi, "orada" öyrəndikləri üçün həyatını yalnız yaxşılığa, insanlara yardıma həsr edir. Çox ağır xəstələrə əlindən gələn köməyi göstərir. Ən azı ona lütf edilən qeyri-adi bacarığı ilə belələrinə mənəvi dəstək verir, qorxularını, həyəcanlarını azaldır, ölümün hələ hər şeyin sonu olmadığına onları inandırır.
Həmin dövrlər keçmişdə qalsa da Brinkli hələ də insanların diqqətində olan birisidir. İndi də imkan tapanlar bu qeyri-adi insanı görməyə, onunla tanış olmağa can atırlar. Bəlkə də gələcək gerçəklərdən xəbər verməsi, öncəgörmələri olmasaydı bir çoxları onun "o dünya"nı görüb gəlməsinə, söylədiklərinə şübhə ilə yanaşardılar. Lakin əksəriyyəti artıq həyatda gerçəkləşmiş həmin hadisələr digər söyləntilərin də bir reallıq olduğunun sübutu deyilmi?..
...Dennion Brinkli doğrudan da başına gələnlərlə bir möcüzə insana çevirilmişdi...

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV