adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Avqust 2014 11:56
13117
TEXNOLOGİYA
A- A+

Evimizin rəngləri...

Rənglərin insanın həyatında, psixologiyasında və məişətdə rolu danılmazdır. Qədim zamanlardan indiyədək hər bir konkret rəngə müəyyən məna verilib. Rənglər bizə təkcə psixoloji və emosional təsir etməklə qalmır, xarakter və sağlamlığımızda da iz qoyur.

Maraqlıdır ki, insan rəngləri görmək qabiliyyətini anadan olandan bir müddət sonra əldə edir. Rəngli dünya uşaq üçün müəyyən ardıcıllıqla açılır. Əvvəl o, qırmızı, sarı və yaşıl, sonra isə bənövşəyi, göy və mavi rəngləri seçməyə başlayır. Yeri gəlmişkən, artıq müəyyən edilib ki, quşların və həşəratların çoxu göy və mavi rəngdən qorxur.

Düzgün rəng seçimi geyimlə yanaşı, evin interyerində də çox vacibdir. Belə ki, sarı otaqda nəbz normal, mavidə yavaş olur, qırmızıda isə döyünmə artır. Evdə hər otağın rəngi həmin otağın aurasına təsir edə bilmək xüsusiyyətinə malikdir. Otaqları boyayarkən insanın bioloji tələbatı nəzərə alınmalıdır. Bu əsasən divar kağızı və pərdələrə aiddir. Daha çox vaxt keçirilən, kitab oxunan, zehni işlə məşğul olunan otaqda yaşıl rəngə üstünlük vermək, göy və mavi rəngdən istifadə etməmək məsləhətdir. Əks halda bu otaqda çalışan yuxuya meyl edər. Artıq sübut olunub ki, mavi rəng rahatlıq və yuxu gətirir. Bu səbəbdən də yataq otağını bu rəngə boyamaq məsləhətdir.
Qonaq otağının dizaynını tərtib edərkən təbii və yumşaq tonlu rənglərə üstünlük vermək məqsədə uyğundur. Çünki, qonaq otağı dincəlmək, söhbət etmək, musiqiyə qulaq asmaq və s. üçün istifadə olunduğuna görə diqqəti yayındıran, rəngləri seçmək tamamilə yanlışdır. Qonaq otağında ağ, yaşıl və açıq tonlu rənglərə üstünlük vermək; divan, kreslo, xalça, habelə aksesuarların rəngini isə divarın rənginin tünd çalarlarında seçmək lazımdır.
Mətbəxin dizaynı üçün sarı çalarlı, enerji verən rənglər seçilməlidir. Çünki bu tip rənglər tənbəlliyin qarşısını alır, enerji verir və işləmək həvəsini artırır. Mətbəx işıqlı olmalı və mətbəxdəki əşyaların rəngi nisbətən tünd rəng çalarlarında seçilməlidir. 
Uşaq otağının dizaynında yeniyetmə yaşına çatana qədər olan uşaga sevinc və enerji bəxç edən qırmızı, narıncı və sarı rəngləri istifadə olunmalıdır. Yeniyetmə yaşına çatdıqdan sonra isə uşağın psixologiyasının rahat olmasına görə mavi və yaşıl rəngin müxtəlif çalarlarından istifadə etmək olar. Uşaq otağının interiyerində tünd rəngdən uzaq olmaq və otağın işıqlandırılmasına, aydınlıq olmasına diqqət yetirmək lazımdır. 
Vanna otağı nisbətən kiçik olduğu üçün interyer seçimində açıq rənglərə üstünlük verilməlidir. Vanna otağında əsasən ağ rəngə üstünlük verilir. Çünki, bu rəng insana təmizlik və təravət hissi bəxş edir. Mavi, yaşıl, narıncı rəngin bütün çalarları üstünlük verilməsi lazımi rənglərdəndir.