adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Avqust 2014 12:26
9837
SİYASƏT
A- A+

Ərdoğan Türkiyəyə yeni nəfəs gətirəcək

Türkiyədə ilk dəfə xalqın səsverməsi ilə keçirilən seçkilər başa çatdı və  12-ci prezidentin adı Rəcəb Tayyib Ərdoğan oldu. Ərdoğan bu qələbəsi ilə Türkiyə siyasətində bir ilki reallaşdırdı. Ardıcıl 9 seçkidə qələbə qazanan AKP və onun rəhbəri Ərdoğan bir daha sübut elədi ki, türk xalqı onu dəstəkləyir, onun rəhbərliyi altında həyata keçirilən siyasəti bəyənir.

Prezident seçkiləri zamanı ciddi qarşıdurmaların olmaması, namizədlərin biri—birinə hörmətlə yanaşması və səsvermə prosesinin tam demoktarik şəraitdə həyata keçirilməsi Türkiyə siyasətinin demokratiya yolunda qətiyyətlə irəliləməsindən xəbər verir. 

Bir sıra ekspertlər hesab edir ki, Ərdoğanın qazandığı zəfər əbəs deyil. Bunu şərtləndirən amillər arasında Türkiyənin regionda yürütdüyü siyasətlə bağğlıdır. Eyni zamanda ABŞ və Qərbdən ciddi dəstək alan AKP hakimiyyəti daha bir neçə illər Türkiyədə siyasətin ana xəttini müəyyənləşdirəcək.

Ekspertlər onu da qeyd edir ki, bu seçki müxalif cəbhədə bir mənalı qarşılanmayacaq. Müxalifətin vahid namizədi olan professor İhsanoğlunun məğlubiyyətə uğraması müxalifətdə təlatümlərə, istafalara səbəb olacaq. Türkiyəli politoloqlar hesab edir ki, CHP-də qurultayın çağırılması, CHP lideri Kamal Kılıcdaroğlunun sədrlikdən uzaqlaşdırılacağı gözlənilir.

Türkiyədə keçirilən prezident seçkiləri Azərbaycan üçün də olduqca maraqlıdır. Azərbaycanla Türkiyənin dostluq-qardaşlıq mövqeyində olması, Ərdoğanin Dağlıq-Qarabağ münaqişəsinə həssas yanaşması baxımından Ərdoğanın qələbə çalması Azərbaycan üçün məqbul sayıla bilər. Bunun bariz nümunəsidir ki, yeni prezindeti təbrik edənlər arasında ilk olaraq Azərbaycan prezidenti İlham Əliyev yer aldı. Ərdoğan rəhbərliyi altında Türkiyənin daim Azərbaycanın yanında olacağı, Qarabağ münaqişəsinin nizama salınmasında əlindən gələni əsirgəməyəcəyini bəri başdan söyləmək olar.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İdarəetmə Şurasının üzvü Məzhər Bağlı bununla bağlı açıqlama verib. Qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qalib gəlməsindən sonra Ankara Azərbaycan ilə əlaqələri daha da möhkəmləndirəcək.  Onun sözlərinə görə, Azərbaycan Türkiyə üçün mühüm ölkələrdən biridir: "Türkiyə daim Azərbaycanın problemlərini özününkü kimi qəbul edir, onun uğurlarını da öz uğuru hesab edir".

Sonda onu qeyd edək ki, Ərdoğan rəhbərliyi altında Türkiyə regionda daha böyük güc sahibinə çevriləcəyi qaçılmazdır. Eyni zamanda yaxın illər ərzində Türkiyənin Avropa Birliyinə tam səlahiyyətli üzv olacağı, qərblə aralarında olan soyuq münasibətlərə son qoyacağı gözlənilir.

Uğurlar Rəcəb Tayyib Ərdoğan!