adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

BAXMAQ AYRI, G

18494 | 2007-07-30 17:44
Dünyada mənim üçün maraq doğuran hadisələrdən biri də görücülükdür. Təkcə mənim üçünmü? Yəqin ki, bu, hamıya maraqlıdır. İnananlara da, inanmayanlara da. İnanmayanlar üçün maraqlı belə bir fenomenin və yaxud belə bir hadisəyə adamlarda inamın olmasıdır - baxıb gördüyümüzdən savayı hələ üstəlik görünməyənləri də görmək bacarığına inam.
   
    Bir kişi öləndə oğluna vəsiyyət edir ki, həyatda özünü bəzi naqisliklərdən qorusun. Bunlardan biri də qumardır. Yox, əgər nəfsini saxlaya bilməyib qumar oynamaq istəsə, onda getsin ən məşhur sayılan Adlı-Sanlı qumarbazın yanına. Atası öləndən bir neçə il sonra oğulun ürəyindən dəlicəsinə qumar oynamaq həvəsi keçir. Yadına atanın vəsiyyəti düşür. Onun vəsiyyətinə əməl edərək soraqlaşıb-axtarıb Adlı-Sanlı qumarbazı tapır. Görür, hamının Adlı-Sanlı çağırdığı adam bir qocadır, damı, qapı-pəncərəsi olmayan xarabalıqda, əynində kəm-köhnə, cır-cındır paltar, tək-tənha oturub tənbəki çəkir və ölümünü gözləyir. Oğlan ona yaxınlaşıb deyir:
   
   - Qumar oynamaq istəyirəm, rəhmətlik atamın vəsiyyətinə əməl edib gəldim birinci səninlə oynamağa. Nə deyirsən, oynayaq?
   
    Qoca cavab əvəzinə oyun aşıqlarını arıq ovcuna alıb bir xeyli silkələyəndən sonra onları evin açıq damından divarın arxa tərəfinə tullayır. Oğlana deyir:
   
    - Aşıqların hər biri "filan" vəziyyətdə durub, gedib baxa bilərsən.
   
    Oğlan divarın arxa tərəfinə keçib görür ki, həqiqətən də kişi necə demişdi, aşıqlar elə həmin vəziyyətdə durublar. Beləsi ilə qumar oynamaq axmaqlıq olar.Oğlan təəccüb edib soruşur:
   
   - Ay kişi, bu bacarıqla sənin evinin kərpicləri qızıldan olmalıydı, bəs necə olub bu xarabalıqda oturmusan?
   
    - Qumarın sonu budur oğlum, - kişi cavab verir, - bacarıqlı olmağının buna heç bir dəxli yoxdur.
   
    Bu əhvalatın didaktik-nəsihətamiz tərəfi məlumdur və bunu bir daha açıb təkrarlamaq fikrində deyiləm. Mənim üçün maraqlı kişinin bacarığıdır. Sözdən belə məlum olur ki, əgər kişi on dəfə də tullasaydı, yenə oyun aşıqları onun dediyi kimi duracaqdı. Bəs, onda doğrudan da, belə qeyri-adi bacarığın nəticəsi niyə belə adi və acınacaqlı olmalıydı? Məsələ də ondadır ki, kişinin rəzaləti, gördüyümüz vəziyyəti onun həyatının sonudur, yəni nəticədir. Həyatda isə hər nəticənin bir səbəbi olur. Amma bu nəticənin səbəbi kişinin qeyri-adi bacarığı deyil. Səbəb oynamaq, udmaq, qazanmaq həvəsidir. Bunlar gündəlik həyat, praqmatik maraqlarla bağlıdır. Qeyri-adi bacarıq bunlarla bir araya sığa bilməz. Qeyri-adi bacarıq yalnız o vaxt Adlı-Sanlı qumarbazda üzə çıxır ki, onda artıq o, hər şeyini uduzub dərviş kimi tərki-dünyalığa tutulmuşdu. Buna elmi dildə bəzən trans vəziyyətinə düşmək deyirlər. Yalnız belə vəziyyətdə qeyri-adi bacarığın üzə çıxması mümkün ola bilər. Qeyri-adi bacarıq səbəb və nəticə seriyalarından kənarda durur.
   
    Eləcə də bu misaldan bir o qədər də uzaqda dayanmayan görücülük haqda eyni sözləri deyə bilərik. Mən özüm nə qədər izaholunmaz istedad sahiblərini, xalq arasında deyildiyi kimi "vergili" insanları tanıyıram. Onlar İlahidən verilən bacarığıyla səbəb və nəticə oyununa girən kimi, gündəlik maraqlara, qız köçürmək, oğul toyu etmək üçün pul toplamaq, təzə ev tikmək, maşın almaq, nəhayət varlanmaq, varı başından aşıb-daşan qonşudan geri qalmamaq kimi istəklərə bağlanan kimi bütün qeyri-adi qabiliyyətləri, bacarıqları əriyib-tükənməyə başlayıb, sonra da tamamilə yox olub. Onların yalnız adı qalıb və bu ad altında həmin adamlar əvvəl özləri də bilmədən, sonradan artıq bilə-bilə çevrilib şarlatan olublar.
   
    Azərbaycan elmi şüurunda qətiyyən yeri olmayan, qarşısında mənfi işarəsi qoyulan, müəyyən mənada falaçma ilə uyğunlaşdırılan və artıq çoxdan folklora təhvil verilən "görücülük" anlayışı ilk növbədə gələcək zamanda nə baş verəcəyindən əvvəlcədən xəbərdar olan, fövqəlqabiliyyətli adamları nəzərdə tutur. Bununla belə, gəlin "görücü" anlayışının konkret adamlardan xeyli əvvəl mövcud olduğunu unutmayaq. Əgər belə bir anlayış varsa bu, inanclardan yaranıb. Buna uyğun olaraq kimsə görücü statusunu qazanmalıdır. Kimsə, hətta insanın dünyagörüşündən və müxtəlif inanclara münasibətindən asılı olmayaraq, kritik anlarda onun gələcəyindən xəbər vermək vəzifəsini öz üzərinə götürməlidir. Bu xəbər doğru olacaq, yoxsa yalan artıq ikinci məsələdir. Bu artıq bizim üçün saysız variantlardan ibarət olacaq sabahın işidir.
   
    Fərziyyə kimi bunun mümkünlüyünü qəbul etsək, onda gərək "görücülük" fenomeninin izahını fövqəladə vəziyyətdə axtaraq. Görücü öz bacarığını işə salmaqdan ötrü gündəlik və məlum həyatdan ayrılmalı, özünü trans vəziyyətinə gətirib çatdırmalıdır. Çünki gündəlik məlum həyatda keçmişə aid olan gizli və yaxud hələ gələcəkdə baş verəcəkləri görmək bacarığı nə bizə, nə də bizlərdən seçilib ayrılan kiməsə verilməyib. Verilibsə də, biz bundan xəbərsiz və xeyli uzağıq. Biz gündəlik həyat qayğılarıyla yaşayırıq. Görücü isə bütün bunlardan ayrıla bilən, yaxud hansısa səbəb üzündən onlardan ayrı düşən adamdır.
   
    Qədim Yunan əsatirlərində görücülük haqda bir çox rəvayətlərə rast gəlmək olar. Bunlardan yalnız ikisini yada salmaq istərdim. Bir dəfə gənc Tiresi göl kənarında gəzirmiş. Birdən gözəllər gözəli Afroditanı göldə çimən görür. Tiresi özünü unudur, nə iş tutduğunu anlamadan ayaq saxlayır, xeyli dayanıb Afroditanın ağappaq, lüt bədəninə tamaşa edir. İlahə bundan xəbər tutan kimi qəzəblənir. O, əvəz çıxmalı, ona gizlindən baxanı cəzalandırmalıdır. Odur ki, gənc oğlanın həyasızcasına onun bədəninə baxan gözlərini kor edir.Tiresinin anasının yalvarışlarına baxmayaraq, Afrodita qərarını dəyişə bilməz. Onun yaxşılığı yalnız bu olur ki, Tiresiyə korluqla bərabər görücülük qabiliyyəti verir.
   
    Qadına olduğu kimi baxmaq biziə uşaq vaxtından qadağan edilib. Odur ki, biz onu görməliyik. Əsl kişi qadınlara baxan yox, qadınları görən olur.
   
   Başqa bir rəvayətə görə, Tiresi dağlarda gəzərkən iki ilana rast gəlir, erkək və dişi. Tiresi dişi ilanı öldürür, erkək qaçıb gizlənir. Tutduğu günah əmələ görə Tiresi dönüb qadın olur. Tiresi yalnız erkək ilanı tapıb öldürəndən sonra yenidən kişi olacaq. Nəhayət, yeddi illik axtarışdan sonra Tiresi buna nail olur. Erkək ilanı tapıb öldürür və yenidən kişi olur. Belə olanda, yəni qəhrəmanın həm kişi, həm də qadın olduğunu nəzərə alaraq, tanrıların tanrısı Zevs onu arvadı Gera ilə mübahisəni həll etməyə çağırır. Onlar mübahisə edir ki, sevişmə zamanı kim daha çox həzz alır, qadın, ya kişi? Tiresi deyir, qadın. Gera bundan qəzəblənib Tiresini kor edir. Zevs isə əvəzində ona görücülük qabiliyyəti verir. Elladada ilk görücü, təbiətin, insanların səslərini tanıyan, onların mənasını oxuyan insan yaranır.
   
   Qadınlar baxmağa üstünlük verir. Kişilər görməyə. Xalq arasında "baxıcı" qadınlara deyirlər, "görücü" isə kişilərə. Bizim cəmiyyət bu gün baxıcı, yəni müəyyən mənada qadın mərhələsini yaşayır. Həyatımız büsbütün şoudur. Göstərilir və biz də baxırıq. Görməyə ehtiyac yoxdur. Ümumiyyətlə, göstəriləni görmürlər, göstərilənə baxırlar.Göstərilən şou gözbağlayıcının oyunudur. Oyunun məqsədi odur ki, sən baxasan, amma heç nə görməyəsən.
   
   Tiresi kimi yenidən kişi olmaq, yenidən görmək üçün gərək erkək ilanı axtarıb-tapıb öldürəsən.
   
   Mən belə bir səhnəni təsəvvürümdə canlandırıram.Bir kişi heç kimin əhəmiyyət vermədiyi, yaxud düzgün qiymət verə bilmədiyi bir sahəyə gəlib baxır və sərrastcasına burda sərvət yatdığını görür. Bu sahə quru torpaq da ola bilər, dənizin suları da və yaxud da bunlardan heç biri olmayan başqa bir nəsnə. Şərt odur ki, o, görür, erkək ilanı tutub öldürür və təzədən, ikinci dəfə dönüb kişi olur. Kişi, yəni görücü, qazanan olur, yerdə qalanlar onun qazandığını yeyirlər.
   
   İndi qazanan çoxdur. Amma onlar görüb qazanmırlar, baxıb qazanırlar. Əslində buna qazanc da demək olmaz. Gözbağlayıcılar nə məqsədləsə nəyisə göstərirlər və bunu qazanc bilib mənimsəyirlər. Görücü qazana bilər, baxıcı yox. Belə qazananların axırının necə qurtardığı da göz qabağındadır. Buna misal üçün göz qabağında baş verən hadisə bir deyil, iki deyil, üç deyil... hələ davam edəcək.
   
    Gizli qalanları üzə cıxarmaq üçün bəlkə də dünyada saysız-hesabsız əlamətlər var. Biz onları görmürük, gündəlik həyat qayğılarına, çox da uzağa getməyən istəklərimizə bağlamışıq. Gözbağlayıcının oyununa baxırıq. Bəlkə də görürük. Sadəcə indi görmək yox, baxmaq zamanıdır.
   
   

TƏQVİM / ARXİV