ANA SƏHİFƏ / YAZARLAR

DAHİ

20014    |   2014-08-09 02:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dahi sözünü ilk dəfə orta məktəbdə, altmışıncı illərin əvvəllərində eşitdim. Mən və bütün yaşıdlarım bu sözləri tez-tez dinləyir və söyləyirdik: "Proletariatın dahi rəhbəri V.İ.Lenin..." Təbii indi də heç kəs şübhə etmir ki, Lenin həqiqətən dahi şəxsiyyət olub. Sonralar dahi Nizami, dahi Füzuli, dahi... Orta təhsilin sonlarına doğru mən bir çox dahi şəxsiyyətlər - filosoflar, ixtiraçı alimlər, sərkərdələr, yazıçılar, bəstəkarlar, rəssamlar haqqında oxuyub onların dahiliyini öyrənməyə, dərk etməyə çalışdım... Biz o yaşlarda bu sözün nəinki məna tutumuna, hətta səslənməsinə də heyrət edirdik. Məsələn: "Dahi Şekspir!" Allahın yaratdığı adi bir insan başqalarından, milyonlardan necə böyük və əlçatmaz görünərmiş! Bax elə bu mənada dünyanı dərk etməyə çalışan əksər yeniyetmə və gəncin iç dünyasında, təsəvvürlərində hardasa bir dahilik eşqi də yaşanmamış deyil.
Hə, ilk anlayış və axtarışlardan danışırdım. Bu arada həmin söz qalın bir kitabın üzərində bizi öz cazibəsinə çəkirdi. Məşhur Amerika yazıçısı Teodor Drayzerin "Dahi" əsərini yaşıdlarımızdan təkrar-təkrar oxuyanlar da oldu. Biz indi Yucin Vitlanın timsalında Dahini acgözlüklə axtarırdıq. Drayzer bir rəssamın həyatını daha çox iki istiqamətdə dramatikləşdirərək dahi yaradırdı. XX əsrin əvvəllərinin göydələnli, metrolu və varlanaraq sürətlə inkişaf edən Nyu-Yorkunun və bütövlükdə Amerikanın ən azı 50 il öncəki nəhəngliyinə, bizlərdən fərqli həyat tərzinə də heyrətlənirdik. Ancaq sona qədər başa düşə bilmirdik ki, Yucin Vitla bir rəssam kimi daha çox dahidir, yoxsa elə Amerikanın özündəcə başqalarından fərqli digər şəxsi xüsusiyyətlərinə görə. Çünki onun ən məşhur əsərlərindən olan və sərgidə hamını heyran edən "Stansiyadan keçən qatar" əsərini biz dahilik əlaməti kimi görə bilmirdik. Bu tablolar hansı dillə təsvir edilir-edilsin, bizdə qeyri-adi təəssürat yaratmırdı. Dahinin yüksək təbəqələrdəki nüfuzu, milyonların sevgi və rəğbətini qazanması daha cəlbedici görünürdü. Eyni zamanda Yucinin Ancela Blyu, Kristina Çenninq, Stella Eplton, Süzanna sevgisi və bu xüsusda macəraları onun dahiliyinin bədii təsdiqinə, bizim dünyagörüşümüzə görə daha çox yaxınlaşırdı. Yaşı 40-ı ötməkdə olan məşhur rəssamın yaşı hələ indi 20-yə çatan Süzannanın arxasınca Amerikanın bu başından o başına yol ölçməsi, hər ikisinin dəlicəsinə sevgisinə rəğmən uğursuzluqlarla qarşılaşması yalnız yaraşığı və şöhrəti sayəsində tamamilə məhv olmaması dahiliyin fantastik anlamını həyata daha çox yaxınlaşdırırdı. Dahinin - bədii qəhrəman Yucin Vitlanın uzun illər elə Azərbaycan gəncliyinin yaddaşında , arzularında yaşamağının şahidiyəm. Əlbəttə, bu cür idealizə başqa səciyyələrlə, məsələn, Sezar, İsgəndər, Çingizxan... heyranlıqlarında da təcəssüm oluna bilərdi. Güman ki, olurdu da. Hətta ilk gənclik dostlarımdan birini biz Yucinə bənzədirdik, onu bəzən Yucin deyə çağırırdıq. Və çox qəribədir ki, həmin dostum sonralar oxşar istiqamətlərdə elə Drayzerin qəhrəmanı kimi bir həyat yolu keçdi. Sevdiyi ədəbi qəhrəman fantastik uğurlardan ümidsizliyə doğru gedirdisə, o, müəyyən çətinliklər və əzablardan üzülməyərək bütün maneələri adlaya bildi. Özünü - bütövlüyünü təsdiqlədi. Ağılı, dözümü, inadkarlığı, fərasəti və qeyri-adi istedadı ilə.
Bu fakt və mənim bu müqayisəm bilirsiniz ki, mövzunun birbaşa mənasına köklənmir. Sadəcə bu romantik cazibənin insanları qeyri-adi tərzdə təqib etməsinin assosiasiyasını doğurur.
... Biz öz istedadları ilə dünyanı heyrətə salan bir çox fenomenal şəxsiyyətləri də tanıdıq. İş elə gətirdi ki, idman sahəsində də dahilər yetişdi. Peleni xatırlayırsınızmı? Bəlkə də Bekkenbauer, Kroyff, Maradona heç Peledən geri qalan məşhurlar deyil. Ancaq dahi futbolçu anlayışı Pelenin adıyla bağlıdır. Futbol kralı şəxsiyyəti ilə də dahiliyin zirvəsindədir.
...Və bu dünyada bir Fişer də vardı. Yəni indi də var, ancaq bu, o Fişer deyil, özü-özünü, dahiliyini unutduran Fişerdir. Sanki bütün bunları qəsdən edir, ondan ən azı bir planet uzaqda dayanmaq istəyir.
11-ci dünya çempionu Robert Fişerə qədər müəyyən məqamları xatırlamasan olmaz. Mən belə başa düşürəm ki, şahmat birbaşa idman növü deyil. Özündə ağıl və çevikliyi, riyaziyyatı, fəlsəfəni, tarixi, hərb elmini, məntiqi... birləşdirən bu oyuna maraq sözsüz ki, futbol, basketbol, yüngül atletikanın bəzi növlərindən azdır. Ancaq elə dönəmlər olub ki, şahmat dünyanı özünə bir qədər geniş cəlb edə bilib.
... Uzun onilliklər idi şahmat tacı SSRİ hüdudlarından kənara çıxmırdı. Dünyanın heç bir ölkəsində şahmat tacına bu dərəcədə - nəhəng imperiyanın rəhbərliyi səviyyəsində xüsusi diqqət, strateji maraq göstərilmirdi. SSRİ-də şahmat federasiya çərçivəsindən çıxaraq siyasi büro qayğısının və... zəhminin təsir dairəsində idi.
Belə bir zamanda Çikaqoda doğulmuş Bobbi adlı oğlan demək olar ki, təkbaşına çox çətin yola çıxmışdı. Kapablankanı, Alyoxini, Talı öyrənməklə kifayətlənmirdi. Rus dilini də mənimsəyərək ciddi şeylər düşünürdü. Bütün dünyaya meydan oxumaq qədər dəlisov bir iddiası var idi.
Buradaca müəyyən bir dövrə ara verib şahmat yarışlarının sovet özünəməxsusluğuna, sovet prinsiplərinə dönək. Çünki Dahinin bütünlüklə təsdiqi üçün bunları xatırlamağımız çox vacibdir.
...Oynamadan dünya çempionu elan edilsə də Karpov həqiqətən güclü şahmatçı idi. Ancaq başqaları bir yana Korçnoya qalib gəlməsi aşkar şübhələr doğururdu. Güclü ölkə kimin arxasındaydısa o qalib gəlirdi. Çox dərinə getməyim. İndi bakılı Harri Kasparov gəlirdi. Onun yetişməsi üçün Azərbaycanda hansı şərait yaradılmamışdı.
...Mən məşhur parapsixoloq Tofiq Dadaşovu təsadüfən şəxsən tanıya bilmişdim. Yetmişinci illərin əvvəllərində Bakı Dövlət Universitetinin filologiya fakültəsinin rus bölməsinin dekan müavini, bizim hamımızın "dədə Aydın" dediyimiz və yaş fərqimizə baxmayaraq, dostluq etdiyimiz əslən Şəkidən olan Aydın müəllim bu Tofiq Dadaşovla ayda bir-iki dəfə görüşürdü. Bizi də tanış etmişdi. O, Azərbaycan dilində demək olar ki, danışa bilmirdi. Və bu məşhur adamın Aydın müəllimlə dostluğu da bizə çox qəribə gəlirdi.
Çox-çox sonralar Aydın müəllim bizə bildirdi ki, Kasparov ciddi yarışlara çıxandan Tofiq Dadaşov həmişə onunla birgə olub. Sonralar gördünüzmü nələr baş verdi? İstedadlı olmalarına baxmayaraq, sovet şahmatçılarının dövlət səviyyəsində hansı əməllərə cəlb edilməsinin də üstü açıldı. Tofiq Dadaşov Kasparovun oyunları zamanı zalda əyləşib rəqibə təsir edirdi. Karpov üçün də eyni şərait yaradılırdı. Bildiniz də bütün bunları nəyə görə yada saldım. Ancaq mən bütün hallarda sovet şahmat məktəbinin gücünü və gözəl ənənələrini də etiraf edirəm. Yoxsa Fişerin dahiliyi də bu qədər əzəmətli görünməzdi.
...Robert Fişer 1943-cü ildə Çikaqoda anadan olmuşdu. Dövlət qayğısı görmədən və tanınmış məşqçiləri olmadan 14 yaşında ABŞ çempionu adını qazanmışdı. Sonralar onun beynəlxalq yarışlara çıxmasına ABŞ şahmat federasiyasının yeni sədri polkovnik Edmondson müəyyən köməkliklər göstərir. Fişer müxtəlif turnirlərdə, şahmat olimpiadalarında uğurlarını sıralayır. Onun pərəstişkarları çoxalır. Ancaq hər halda Fişer belə deyək ki, təkbaşına gəlirdi. Super dövlətin vətəndaşı olmasına baxmayaraq. Burada mən də səbirsizləşib illəri tez-tələsik ötürmək istəyirəm. Axı 1971-ci ilə yaxınlaşırıq. Əsl şahmat cəngavəri gəlir axı! İndi mən çətin vəziyyətdə qalmışam. Bu tarixi olayları bütün təfərrüatı ilə danışmaq qəzet məqaləsi vasitəsiylə mümkün deyil də. Bəs nə edim? Keçirilən görüşlərin təhlilləri də indiki halda baş tuta bilməz. Ancaq ən incə məqamları yada salmaqla Fişer əzəmətini və müəmmasını yaxından seyr edə bilərik.
Vankuver şəhəri. İddiaçıların yarışı. Leninqradlı Mark Taymanov Robert Fişerə qarşıdır. Çoxları Fişerin nəticə etibarilə qalib gələcəyinə inanır. Ancaq bu şəkildəmi? O başlayır və gedişləri çox sürətlə edir. Həm ekspress təsiri bağışlayır, həm dəlisov filosof kimi görünür, həm də əbədi azadlığına qovuşacaq bir qladiator kimi döyüşür. Nəhəng ölkənin ilk fiaskosu - 0:6!
Növbəti döyüş. Denver şəhəri. Yarımfinalın iştirakçıları Fişer və Bent Larsendir. Danimarkalı qorxmadığını bildirir və iddialı görünür. Yaddaşınızı oyadın! Fişer bu görüşü də tennis hesabı ilə udur. Yenə də 6:0!
Fişerin triumfu şahmat dünyasını silkələməkdədir. Onun pərəstişkarları dəli bir sevinc içindədir. Ancaq o yenə əvvəlki fikrində və münasibətindədir. Bayrağı altında çıxış etdiyi ölkəni bəzi səbəblərdən qəlbən sevə bilmir. Paradoksal görünsə də SSRİ-yə rəğbəti daha çoxdur. Onun öz baxışları, fəlsəfəsi var. Həmişə bir məsələyə xüsusi etiraz edir: nəyə görə Amerikada peşəkar boksçulara milyonlar verilir, ağıl və məntiq mübarizəsinə qeyri-ciddi yanaşılır?
29 sentyabr 1971-ci il. Argentinanın paytaxtı Buones-Ayres şəhəri. Təsadüfə baxın, düz 44 il əvvəl, demək olar elə eyni günlərdə məşhur rus şahmatçısı Alyoxinlə kubalı Kapablanka tac uğrunda burada yarışmışdı. İndi Fişer dünya şahmat tacının sahibi Spasski ilə son döyüşə çıxa bilmək üçün keçmiş dünya çempionu Tiqran Petrosyan səddini də keçməlidir. Hamının heç-heçələr ustası kimi tanıdığı Sovet şahmatçısı Petrosyan üçün Buones-Ayres çox əlverişlidir. Burada çoxlu erməni yaşayır. Amerikadan və dünyanın digər ölkələrindən gələn ermənilər də otelləri zəbt ediblər. Onlar inanırlar ki, Tiqran bu dəlisov dahini heç-heçələri ilə bezdirib sıradan çıxaracaq və Spasskidən də tacı geri qaytarıb onları sevindirəcək. Burada çox əhvalatlar baş verir, hamısını yazmaq mümkün deyil. Bu səbəbdən də birbaşa görüşün nəticəsinə keçirəm: Fişer-Petrosyan 6,5:2,5! Bu da bir cür darmadağın!
Son döyüş ətrafında çox söz-söhbətlər gəzir. Xüsusilə, yarışın keçiriləcəyi yerin seçilməsi barədə. Uzun bir prosesdir. Nəhayət İslandiyanın paytaxtı Reykyavik seçilib təyin olunur. Bu arada Fişerin öz federasiyaları ilə, eləcə də FİDE-nin prezidenti Maks Eyve ilə mübahisələri başlayır. Çempion üçün ayrılan mükafatın azlığı onu əsəbiləşdirir. O, milyonlar tələb edir, yoxsa yarışa gəlməyəcəyini bildirir. Sovet təbliğat maşını işə düşür: Fişer qorxur, Fişer bilir ki, Spasski ondan güclüdür və sairə... Bütün bunlar Fişerin eyninə də deyil. O öz şıltaqlığını, inadkarlığını davam etdirir. Az vaxt ərzində bütün dünya sanki iş-gücünü buraxıb bu məsələylə maraqlanır. Bu məsələ hansı oyun, hansı yarış üzərində qurulub? Əlbəttə ki, şahmat üzərində. Bircə ilin içində ən məşhur oyunlar, yarışlar kölgədə qalmağa başladı. Ən azından şahmatın bu mərhələsi gündəmdən düşmədi. Bütün diqqət Reykyavikdə idi. Bir neçə ay müddətində davam edən mübahisəli əhvalatlar uzun tarixə bənzəyirdi. Buna baxmayaraq, artıq çoxları Fişeri dahi bir şahmatçı kimi qəbul edirdi. Baxmayaraq, o hələ heç çempion da deyildi.
Bu məsələləri bütün ardıcıllığı ilə şərh etmək nə qədər maraqlı görünsə də gəlin oyunlara daha tez yaxınlaşaq. Nəhayət, bir bankirin FİDE ilə razılaşaraq mükafat fondunu artırması və yarışın təşkilində o qədər də əhəmiyyət kəsb etməyən Fişerin bir neçə tələbinin yerinə yetirilməsi sonunda görüş hər halda baş tutur.
1972-ci il iyul ayının əvvəlləridir. İlk görüş bərabər səviyyədə keçsə də Fişer öz oyun üslubundan tamam kənara çıxaraq fili uşaqcasına qurban verir və uduzur. İkinci oyuna gəlmir. Vaxt yetəndə hakimlər onun saatını dayandırıb məğlubiyyət verirlər - 0:2! Bəs necə oldu bu dahi? Sovet şahmatçılarının düşərgəsində qələbə bayramına hazırlıq gedir. Ancaq Spasski çempionluğunu bu cür qorumaq istəmir. O, Fişerin gücünə bələd olsa da heç vaxt ona uduzmadığını da düşünür. Spasski indi əla formadadır, bütün SSRİ hər bir vasitəsiylə onun arxasındadır. Həm də hansı formada olur-olsun 2:0 hesabı ilə irəlidədir. Elə bu vaxtlar müxtəlif şayiələr də yayılır: "Fişer uzun sürən qələbələr marafonunda yorulub və uduzacağından qorxaraq əllaməlik edir". Ancaq əks şayiələr də mövcuddur: "Fişer çox böyük məbləğlərdə mərclər gəlib, əvvəl necə edəcək, sonra necə oynayacaq".
Doğrudan da sonra necə olur? Fişer qayıdır və taca yiyələnmək üçün daha 19 görüş keçirilir. Qalan görüşlərin 11-də heç-heçə qeydə alınır, 1 oyunda Spasski qalib gəlir, Fişersə 7 parlaq qələbə qazanır- 12,5:8,5!
Bu da böyük fərqli qələbə və yeni çempion!
29 yaşlı Robert Fişer qeyri-adi hərəkətlərinə, adamlardan, bəzən hətta ən sadiq pərəstişkarlarından qaçmasına, şübhəli, sirli həyat tərzi keçirməsinə baxmayaraq, bir il ərzində dünyanın ən adlı-sanlı şahmatçılarını ağır məğlubiyyətlərə uğradaraq şahmat tacına yiyələnir. Şahmat onun bu fantastik nəticələri sayəsində bütün dünyanın diqqətində yeni bir zirvəyə qalxır...
Avqust, 2007

Məzahir ƏHMƏDOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK